Məhəmməd Əsədullazadə: “Belə yanaşma o anlama gəlir ki, əsas məqsədi mövcud status-kvonu qorumaqdır”
“Həm Minsk Qrupunun həmsədrləri, həm də ATƏT sadəcə dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər”. Bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri ATƏT-lə sıx əlaqədə işləyirlər. Lavrov bildirib ki, münaqişə tərəflərilə davamlı görüşlər keçirən həmsədrlər yeni təmasların təşkilinə hazırlaşırlar: “Onlar (Minsk Qrupunun həmsədrləri) artıq Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri ilə görüşlər keçiriblər, indi də yeni təmaslara hazırlıq gedir. Nəzərə alsaq ki, Ermənistanda yeni hökumət hələ bu yaxınlarda formalaşıb, onda sözsüz ki, indiki mərhələdə nizamlanma prosesini nə qədər dərin və intensiv inkişaf etdirə biləcəyimizi anlamaq üçün hansısa əlavə vaxt tələb olunacaq”.
Rusiya XİN rəhbərinin fikrincə, həm Minsk Qrupunun həmsədrləri, həm də ATƏT, sadəcə, dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər: “Münaqişənin həllinə dair qərar isə, əlbəttə ki, münaqişə tərəfləri arasındakı birbaşa söhbət və danışıqlarda qəbul olunmalıdır”.
Lavrovun tərəflər arasında dialoq üçün şəraitin yaradılmasına kömək edə biləcəkləri ilə bağlı fikirləri təəccüb doğurur. Ən azından ona görə ki, 27 ildir ATƏT-in Minsk Qrupu yaradılıb və Rusiya həmsədr olaraq proseslərin içindədir. Eyni zamanda, Sergey Lavrovun özü 2004-cü ildən Rusiya XİN-ə rəhbərlik edir və danışıqlar prosesindən xəbərdardır. Ötən illər ərzində münaqişənin həlli ilə bağlı bir neçə dəfə konkret prinsiplər üzrə danışıqlar aparılıb. Lavrov isə Ermənistanda hakimiyyətin yeni olduğunu əsas gətirir, dialoq üçün şəraitin yaradılmasına kömək edəcəklərini deməklə, bir növ, danışıqların uzanmasına lüzumsuz dözüm sərgiləyir. Bu baxımdan Lavrovun sözügedən yanaşmasını ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Lavrovun danışıqlara o cür münasibət bəsləməsini kəskin tənqid etdi: “Xarici işlər naziri Sergey Lavrov birbaşa Ermənistanın Rusiyada əsas lobbiçisidir. Bu şəxs daim Qarabağ danışıqlarında Ermənistanın siyasi mövqeyini müdafiə edib. Lavrov danışıqlar prosesində irəliləyişləri, xüsusilə ABŞ-ın təklif etdiyi həll formulalarının qarşısını özünün irəli sürdüyü təkliflərlə alır. Hesab edirəm ki, bu cür yanaşma əsassızdır və bununla o, münaqişənin həllində maraqlı olmadığını ortaya qoyur. Onun ATƏT-ın sədri ilə görüşdə qeyd etdikləri Azərbaycanın milli maraqlarına cavab vermir. Belə yanaşma o anlama gəlir ki, əsas məqsədi mövcud status-kvonu qorumaqdır. Hesab edirəm ki, Ermənistan tərəfinə Moksva kart-blanş verib və nəticədə prosesi öz nəzarətlərində saxlamaq istəyirlər. Lavrov neçə ildir deyir tərəflərin özləri razılığa gəlməlidirlər. Amma tərəflərin razılığını daim Rusiya tərəfi pozub. ABŞ son dörd ayda çalışırdı ki, münaqişənin həllində irəliləyişə nail olsun. Ancaq, göründüyü kimi, Lavrov Paris görüşündən sonra xarici işlər nazirlərinin Münhen görüşünün qarşısını aldı. Halbuki, gözlənilirdi ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Paris görüşünü davam etdirəcəklər. Bu onu göstərir ki, Lavrovun münaqişənin həlli ilə bağlı yanaşması yalnız status-kvonun saxlanmasına hesablanıb. Azərbaycan, ümumiyyətlə, Lavrovun vasitəçilik missiyasından imtina etməlidir”.
Vidadi ORDAHALLI