Azərbaycanın yeni müstəqillik tarixində illər boyu qarşılaşdığı ən böyük problemlərdən biri də ikili standartlarla bağlı olub. Düzdür, bu xüsusda ölkəmizə qarşı atılan addımlar hansısa nəticə verməyərək sonda fiaskoya uğrayıb. Bununla belə, rəsmi Bakı diqqəti hər zaman ona yönəldib ki, ikili standartlar dünya nizamına böyük təhdid yaradır və bu səbəbdən ona son qoyulmalıdır. Amma görünən budur ki, müəyyən məqsədlər üçün ikili standartlar problemini davam etdirmək istəyənlər də az deyil.
Bütün bunların nəticəsidir ki, əvvəlki kimi beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara məhəl qoyulmur. Bu fonda bir çox münaqişələr, uzun illərdir ki, həllini tapmır. Yeri gəlmişkən qeyd edək ki, bura Dağlıq Qarabağ konflikti də aiddir. Qarabağ münaqişəsinin indiyə qədər həllinin uzanmasında ikili standartlar amilinin kifayət qədər yüksək rol oynaması heç kimə sirr deyil.
Ötən illər ərzində Azərbaycana qarşı ikili standartlardan çıxış edən əsas qurumlardan biri qismində isə Avropa Parlamenti daha çox diqqət cəlb edib. Elə Mehman Hüseynov olayı zamanı bu hal özünü bir daha qabarıq formada büruzə verdi. Burada müəyyən deputatların erməni lobbisinin təsiri altında Azərbaycana qarşı ikili standartlar sərgiləmələri bir daha özünü göstərdi. Ermənipərəst dairələrin Azərbaycanın iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlara qısqanclıqla yanaşması fonunda Avropa Parlamenti yenidən yanlış bir mövqedən çıxış etdi. Avropa Parlamentinin ikili siyasəti, hüquqi əsası olmayan münasibəti yenidən özünü göstərdi. Bir nəfərin “hüquqlarının pozulmasından” narahat olan Avropa Parlamenti hələ də Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanda gərgin vəziyyəti görməzdən gəlir. Məsələ burasındadır ki, düşmən ölkədə yaranmış ağır antidemokratik vəziyyət fonunda Ermənistanın “Nubaraşen” həbsxanasında aclıq elan edən məhbusların ailə üzvləri və qohumları İrəvanda hökumət binası önündə toplaşaraq etiraz aksiyası keçirir. Artıq neçə gündür ki, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edir. Məhbusların qohumlarından biri bəyan edib: “Biz Paşinyanla və ya əvvəlki rəhbərliklə heç bir əlaqəsi olmayan birisi ilə görüş tələb edirik. Hökumət özü bizi bura dəvət edib, amma indi bilinməyən səbəblərdən vaxtı uzadırlar və bizi qəbul etmək istəmirlər. Biz baş nazirlə görüşüb aydınlaşdırmaq istəyirik ki, 1 günlük cəzanın 1,5 günlə əvəzlənməsi məsələsi (cəza müddətinin qısaldılması) müzakirəyə çıxarılıb, ya yox. Bu, 2004-2018-ci illərdə penitensiar müəssisələrdə faşist hərbi düşərgələrindən də pis şərtlər altında cəza çəkənlərə aiddir”. Digər bir etirazçı isə bildirib ki, Ermənistan həbsxanalarındakı 100 məhbus birlikdə aclıq aksiyası elan etməyə hazırlaşır ki, bu da guya inqilabla “demokratiyaya” qovuşan ölkə üçün sadəcə rüsvayçılıq olacaq. Aksiya iştirakçıları bəyan ediblər ki, məhkumların cəzaçəkmə müddətinin yeni ixtisarı ilə bağlı parlamentdə qanun qəbul edilənədək etirazları dayandırmayacaq və sonadək mübarizə aparacaqlar. Qeyd edək ki, hazırda Ermənistanın “Nubaraşen” həbsxanasındakı 7 məhkum aclıq aksiyası keçirməyə davam edir. Onlardan ikisi ömürlük azadlıqdan məhrum edilmiş Armen Ter-Saakyan və Aram Xaçikyandır. Məhkumlar onlara qarşı açılan cinayət işinə yenidən baxılması və yol verilən haqsızlığa son qoyulmasını, həmçinin, Ermənistanın ədliyyə naziri Artak Zeynalyanla görüş tələb edirlər. Eyni zamanda, “Armavir” cəzaçəkmə müəssisəsindəki məhbuslar da aclıq elan edib. Onların sözlərinə görə, vaxtilə məhkəmədə hakimin çıxardığı hökmlər qeyri-obyektiv və qərəzlidir. Aclıq aksiyası elan etməklə məhbuslar aidiyyəti qurumların diqqətini ədliyyə sistemindəki haqsızlıq və özbaşınalığa çəkmək və onlara qarşı çıxarılan hökmlərə yenidən baxılmasını istəyirlər. Onu da xatırladaq ki, “Nubaraşen” həbsxanasında saxlanan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əlehinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryan 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölmüşdü. Bu gedişlə onun taleyini yaşayan məhbusların sayının daha da artması gözlənir. Dünya miqyasında məsələyə reaksiya verilməməsi vəziyyəti daha da ağırlaşdırır. Avropa Parlamenti isə, ümumiyyətlə, baş verənlər barədə hansısa mövqe bildirmək istəmir. Halbuki, burada insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, hakimiyyət opponentlərinin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət almaqdadır. Bu sahələrdə ciddi problemlər yaşanmasına rəğmən, Avropa Parlamentinin susqunluğu Ermənistanda vəziyyəti daha da pisləşdirir.
Tahir TAĞIYEV