Məhəmməd Əsədullazadə: “Birləşmiş Ştatların hazırda məqsədi Avropanı bu kimi məsələlərlə şantaj edib güzəştlər qoparmaqdır”
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp İŞİD terrorçuları ilə bağlı Avropa ölkələrinə xəbərdarlıq edib. Belə ki, ABŞ Prezidenti “Twitter” vasitəsilə Avropa ölkələrini Suriyada tutulan 800 avropalı İŞİD terrorçusunu təslim alıb, mühakimə etməyə çağırıb.
Tramp bildirib ki, əks halda, onların hamısını azad edəcəklər: “Britaniya, Fransa, Almaniya və digər avropalı müttəfiqlərimizin Suriyada əsir aldığımız 800 İŞİD terrorçusunu təslim alıb mühakimə etmələrini istəyirik. İŞİD dağılmaq üzrədir. Digər bir xoşagəlməz alternativ isə onları azad etmək məcburiyyətində qalmaqdır”.
İŞİD terrorçularının, gözlənildiyi kimi, Avropaya köçməsini istəmədiklərini deyən Tramp bunları əlavə edib: “Biz bir çox şey etdik, çox pul xərclədik. Artıq başqalarının da addım atmaq və əllərindən gələni etmələrinin zamanıdır. Biz İŞİD yüz faiz məğlub olduqdan sonra bölgədən çəkiləcəyik".
Məlumat üçün qeyd edək ki, amerikalı məmurların dəyərləndirməsinə görə, Suriyanın şimalındakı həbsxanalarda 40-a yaxın ölkədən 800-dək məhbus saxlanır. Onlar hazırda “YPG” terror təşkilatının özəyi olan “Suriya demokratik qüvvələri” kürd koalisiyasının nəzarəti altındadırlar.
Trampın sözügedən xəbərdarlığı birmənalı qarşılanmayıb. Bununla belə, o bu açıqlaması ilə, bir növ, Avropanı terrorçuların mənbəyi olmaqda ittiham edib.
Bu arada Macarıstanın xarici işlər naziri Peter Siyarto Trampın açıqlamasına cavab verib. Onun sözlərinə görə, hazırda əsas səylər ondan ibarət olmalıdır ki, onların Avropaya qayıtmasına imkan verilməsin: “Hesab edirəm ki, bu, biz avropalıların qarşısında duran başlıca məsələlərdən biridir. Biz Qərbi Balkan marşrutunu mümkün olan dərəcədə qapalı qoruyub saxlamalı, onların Avropaya qayıtmalarına maneələr yaratmalıyıq”.
Bütün hallarda, Trampın 800 İŞİD terrorçusu barəsində səsləndirdiyi fikir nə deməkdir? Bu, Avropa ölkələrinin terrorun mənbəyi kimi sayılması, ya Avropanı hədələmək kimi qəbul edilə bilərmi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Trampın Suriyadan çəkilmə qərarı bu ölkədə yenidən İŞİD təhlükəsini gündəmə gətirib. Qeyd edim ki, İŞİD Suriyanın şimal-şərqində kiçik bir ərazidədir. Onların məğlub olması an məsələsidir. Bundan əlavə, Trampın ABŞ-ın əlində 800 Avropa mənşəli İŞİD terrorçusunun olmasını deməsi təsadüfi deyil. Fikrimcə, bu, Vaşinqtonun Avropaya mesajıdır. Məsələ ondadır ki, hazırda Avropa ilə ABŞ arasında bir sıra məsələlərlə bağlı ciddi siyasi konflikt var. Xüsusən də İran məsələsinə görə tərəflər kəskin fikir ayrılıqlarına malikdir. Ona görə də Tramp dolayı yolla Avropaya İŞİD-i canlı qüvvə ilə təmin etdiyi xəbərdarlığını edir. Təbii ki, Avropadan İŞİD-ə qoşulan kifayət qədər insan olub və bunu danmaq olmaz. Hesab edirəm ki, Tramp əllərində olan 800 İŞİD-çi ilə Avropanı təhdid edir. Ümumiyyətlə, Avropa İŞİD-çiləri qəbul etmək istəmir. ABŞ-ın əlində olan İŞİD-çilər, demək olar ki, Avropanın üzərində domokl qılıncıdır, əsas təhdidedici alətdir. Təbii ki, ABŞ-ın hazırda məqsədi Avropanı bu kimi məsələlərlə şantaj edib güzəştlər qoparmaqdır. Buna başqa ad vermək çətindir”.
Vidadi ORDAHALLI