Yeganə Hacıyeva: “Engel Dağlıq Qarabağdan olan bir erməni qızla ailə qurub”
Sırf ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Frank Engel yenidən Ermənistana səfər edib. Erməni KİV-lərinin verdiyi məlumata görə, onun baş nazir Nikol Paşinyanla da görüşü olub. Paşinyan Engeli yenidən deputat seçilməsi münasibətilə təbrik edib və bundan sonra da Ermənistan, Dağlıq Qarabağ mövzularında “obyektiv” mövqe tutacağına inandığını bildirib.
Paşinyanın böyük həvəslə qəbul etdiyi bu şəxs onlar üçün sıradan biri olan parlamentari deyil. Ermənistan hakimiyyəti ilə olan şübhəli korrupsiya sövdələşmələrinin müqabilində Avropa Parlamentində açıq erməni lobbiçisinə çevrilən bu şəxsin mənfi reputasiyası və ermənilərdən daha artıq erməni olması haqda sonsuz sayda fakt mövcuddur. Engel “Avropa Parlamentində “Artsax”la dostluq qrupunun rəhbəri” kimi də özünü təqdim edir. O bir müddət əvvəl separatçı rejimin keçirdiyi “konstitusiya dəyişikliyi” ilə bağlı “referendum”u müşahidə etmək üçün Xankəndində olub.
Qeyd edək ki, Azərbaycan Avropa Parlamentinin bəzi üzvlərinin separatçı rejimlə əlaqələrinə, qurumda separatçı rejimlə “dostluq qrupu”nun yaradılması, işğal olunmuş ərazilərə deputatların qanunsuz səfərlərinə dəfələrlə etiraz edib. Xatırladaq ki, separatçılarla dostluq qrupu 2014-cü ildə yaradılıb. O zaman Azərbaycan XİN etiraz bəyanatı verərək, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim üzrə “işçi qrup” yaradılmasını Avropa Parlamentinin 23 oktyabr 2013-cü il və 17 aprel 2014-cü il tarixli qətnamələrinə tamamilə zidd adlandırmışdı. Maraqlısı odur ki, Avropa Parlamenti Ermənistana işğala son qoymaq, Qarabağa əsgər göndərilməsi prosesini dayandırmaqla bağlı çağırışlar edib, hətta bununla bağlı qətnamələri var. Ancaq beynəlxalq təşkilatın prinsiplərini elə qurumda təmsil olunan bəzi ermənipərəst deputatlar pozur və hər hansı şəkildə tənbeh olunmurlar.
Həmin vaxt Azərbaycan Qarabağda qondarma “referendum”u izlədiklərinə görə Avropa Parlamentinin deputatları Frank Engel, Yelen Teoxarus və Yaromir Ştetini beynəlxalq axtarışa verib. Qeyd olunan şəxslər barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılıb.
Qeyd edək ki, Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas və ya immunitet vermir. Buna baxmayaraq, Engel cinayət işinin açılmasından sonra da dəfələrlə Bakı ilə Brüsselin münasibətlərini gərginləşdirə biləcək təxribata yol verib. F.Engel dəfələrlə bildirib ki, “dostluq qrupu"nun yaratmaqda məqsədi Avropa Birliyi rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında münasibətlərin qurulmasına nail olmaqdır. Təbii ki, bu cür reputasiyaya malik olan şəxsə Paşinyanın yenidən qucaq açması təsadüfi deyil və çox güman ki, Paşinyan da öz sələfləri kimi, Engelin xidmətlərindən geniş şəkildə bəhrələnməyi planlayır.
Avropa Parlamentində kifayət qədər iş təcrübəsi olan və Engeli yaxından tanıyan politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Engelin ciddi siyasi reputasiyası yoxdur: “Bu adamın erməni təəssübkeşliyinin kökündə açıq maraqlar durur. Engel Dağlıq Qarabağdan olan bir erməni qızla ailə qurub. Hətta soyadının sonluğuna “yan” şəkilçisi artırmağa qədər olan istəyini də açıq büruzə verib. O, Dağlıq Qarabağa tez-tez səfər etməsini qohumları ilə görüşmək istəyi kimi də qələmə verməyə çalışsa da, açıq-aydın görünür ki, bu, yalnız məsələnin görünən tərəfidir. Ancaq, əslində, Enfellə separatçıları birləşdirən başqa maraqlar var. Ermənistanda onun siyasi rəhbərlik səviyyəsində qəbul olunması da onun vacib bir missiya daşıyıcısı olmasından xəbər verir. Amma bu missiyanın siyasi aspekti əhatə etməsi Avropa Parlamentində çox qaranlıq fəaliyyətlə məşğul olanlara yaşıl işığın yandırıldığı anlamına gəlir. Bu yaxınlarda biz bir britaniyalı araşdırmaçının Avropa Parlamentindəki şübhəli əlaqələrlə bağlı materialı ilə tanış olduq. Engelin əməlləri, ona göstərilən diqqət həmin araşdırmadakı iddiaları təsdiqləmiş olur. Hesab edirəm ki, Avropa Parlamenti belə biabırçılığa mütləq son qoymalıdır”.
Məhəmmədəli QƏRİBLİ