Tahir Abbaslı: “Hər halda, Pakistan kimi nəhəng müsəlman ölkəsindən ibrət götürsələr yaxşı olar”
Ermənistanın müdafiə naziri David Tonayan işgüzar səfərlə Birləşmiş Ərəb Əmirliyinə səfər edib. Bu barədə məlumatı Ermənistan müdafiə nazirinin mətbuat katibi Arçrun Ovanisyan verib. O qeyd edib ki, nazir 16-17 fevral tarixlərində təhlükəsizlik üzrə beynəlxalq konfransda iştirak üçün ərəb ölkəsinə səfər edib. Bildirilir ki, Ermənistanın müdafiə naziri həm də İDEX-2019 adlı hərbi-sənayə sərgisində iştirak edib və BƏƏ-də əvvəlcədən planlaşdırılan işgüzar görüşlər keçirib.
Maraqlıdır ki, daim islam dininin keşikçisi obrazında özlərini təqdim edən bəzi ərəb ölkələri müsəlmanları əzən, məscidləri dağıdan, islama aid dəyərləri təhqir edən Ermənistanla olduqca sıcaq manasibətlər saxlayırlar. Belə faktlar irad kimi onlara bildiriləndə isə dəlil və sübut tələb edirlər. Ərəb ölkələri ilə Ermənistanın yaxınlığını sübut edən daha bir fakt isə iki gün əvvəl baş verib. Həmin vaxt Münhendə səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan Qətərin əmiri ilə görüşüb, hətta strateji sahələr üzrə əməkdaşlıq edəcəkləri haqda razılığa gəliblər. Ərəb ölkələrinin Ermənistanla olan belə isti münasibətlərini necə dəyərləndirmək olar?
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər ən böyük şeytana qulluq edən millətdir: “Onlar müsəlmanların da ürəyinə yol tapmağı bacarırlar. Bilirlər ki, islamda fitrə, sədəqəyə böyük önəm verilir. Ona görə də gedib müsəlman ölkələrinin qarşısında əl açırlar. Yəni lazım olanda islam dininin buyurduqlarından da öz məqsədləri üçün yararlana bilirlər. Bizim ölkəmiz də xristianlarla əməkdaşlıq edir. Amma Ermənistanın əlində elə bir ciddi əsas yoxdur ki, buna irad bildirsin. Çünki biz hər hansı bir kilsəni dağıtmamışıq, xristianlığın hər hansı bir dəyərini təhqir etməmişik. Belə olsaydı, ermənilər bu fürsəti buraxmazdılar. Ermənilər isə belə vandalizmlərə yol veriblər. Onlar məscidlərə it bağlamaqdan tutmuş, müsəlman qəbirlərini təhqirə kimi ediblər. Müsəlman ölkələri bu məsələdə öz təəssüblərini mütləq ifadə etməlidirlər. Hansı ölkə bunu etmirsə, demək ki, yalançı müsəlmandır. Hər halda, Pakistan kimi nəhəng müsəlman ölkəsindən ibrət götürsələr yaxşı olar. O ölkə bizə olunan haqsızlığa görə Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb”.
Məhəmmədəli QƏRİBLİ