Azərbaycanın hərbi müstəvidə işğalçı Ermənistanla kifayət qədər böyük üstünlüyə malik olması heç kimə sirr deyil və bu fakt, erməni ictimaiyyəti də daxil olmaqla, bütün dünya tərəfindən açıq etiraf olunur. Digər tərəfdən daha bir reallıq ondan ibarətdir ki, Ermənistanın, başqa müstəvilərlə yanaşı. hərbi sahədə də Azərbaycanla paritet yaratması mümkün deyil. Əksinə, iki ölkə arasında inkişaf fərqi Azərbaycanın düşmən üzərində əzici üstünlüyünü daha böyük sürətlə artırır.
Belə bir vaxtda Ermənistanın Rusiyadan almağa hazırlaşdığı Su-30 SM qırıcı təyyarəsi ətrafında yaratmağa çalışdığı hay-küy də əbəs sayılır. Hətta erməni mediası və ekspertləri belə bu halda Ermənistanın Azərbaycan qarşısında hansısa üstünlük əldə edə bilməyəcəyini vurğulayır. Qeyd edək ki, “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edən Ermənistanın müdafiə naziri David Tonoyan ölkəsinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində Rusiyadan 4 ədəd çoxməqsədli Su-30 SM qırıcı təyyarəsi almağı planlaşdırdığını bildirib. Ümumilikdə isə, İrəvan 12 ədəd “Su-30 SM” qırıcısı almaq niyyətindədir: “Biz Su-30 SM qırıcılarının növbəti partiyasının tədarükü üzrə danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə qədər tez hazırlanmasından asılı olacaq, çünki idxal əvəzlənməsi və digər məsələlər var. Qırıcıların ilk partiyasını bu il, yaxud uzağı gələn ilin əvvəlində əldə edəcəyik”. Tonoyan onu da bildirib ki, qırıcılar Rusiyanın ayırdığı kredit hesabına alınır.
Amma yuxarıda qeyd olunduğu kimi, bu təyyarələrin alınması belə Ermənistana Azərbaycan qarşısında hansısa üstünlük qazandırmır. Çünki Azərbaycanın Su-30 SM qırıcıları ilə müqayisədə elə Rusiyanın özündən yeni və daha müasir döyüş təyyarələri almağa hazırlaşması barədə məlumatlar gəzir.
Ümumiyyətlə, Bakı Rusiyadan yeni döyüş texnikası almaq niyyətində olduğunu gizlətmir. Bunu bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşündə də təsdiq edib. Həmin görüşdə ölkələrimiz arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub. Məhz bundan sonra bəlli olub ki, Azərbaycan Rusiyadan yeni döyüş texnikaları almağa hazıraşır və bu sıraya yeni döyüş təyyarələri də daxildir. Artıq bu məsələ erməni hərbi dairələrində də geniş müzakirə edilir.
Erməni hərbi ekspert Vaan Ambartsumyan qeyd edir ki, Bakı Rusiyadan çoxməqsədli Su-30MKA qırıcılarını almağa hazırlaşır. Onun iddiasına görə, Azərbaycan bu məqsədlə öz pilotlarını Əlcəzair Hərbi Hava Qüvvələrinin Rusiyadan alınan Su-30MKA qırıcılarında təlim keçməyə göndərib. Ambartsumyan vurğulayıb ki, həmin qırıcılar Rusiyanın Ermənistana verməyə hazırlaşdığı Su-30SM qırıcılarından döyüş və taktiki göstəricilərinə görə daha üstündür: “Digər tərəfdən problem ondadır ki, pilotların hazırlanmasına ən azı 5 il vaxt lazımdır. İndiki məqamda bizim pilotlar həmin Su-30SM təyyarələrində uçmağa hazır deyillər, onlar indiyədək səsdən aşağı sürətlə uçan Su-25 təyyarələrində uçublar”. Bu açıqlamadan aydın görünür ki, Bakının almağa hazırlaşdığı Su-30MKA qırıcıları Azərbaycanın düşmən üzərində hərbi üstünlüyünü daha da artıracaq.
Bundan başqa, Azərbaycanın Rusiyadan Su-35 qırıcıları alması da istisna deyil. Ermənilərin narahatlığına yol açan daha bir məqam ölkəmizin NATO qırıcıları almasıdır. Söhbət İtaliyanın “Leonardo Aircraft” şirkətindən sifariş edilən M-346 “Master” təlim-məşq təyyarələrindən gedir. Bu təyyarələr ilk dəfə 2017-ci ildə Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilib. Sonradan məlum olub ki, Azərbaycan 10 belə təyyarə alıb, daha 15-ni sifariş verib. M-346 yüngül təlim-məşq təyyarələri asanlıqla döyüş təyyarələri kimi modifikasiya oluna, onun asqılarında kaset tipli aviabombalar, yaxud qanadlı raketlər və idarəolunmayan bombalar quraşdırıla bilər. Ermənilər üçün əsas narahatlıq isə həmin təyyarələrə ölkəmizin Türkiyədən aldığı supermüasir “SOM-B1” qanadlı raketlərinin yüklənə biləcəyidir. Van Ambartsumyan da vurğulayır ki, həmin raketlər nəinki hava və raket hücumlarından müdafiə sistemlərini dəf etmək üçündür, eyni zamanda həmin sistemlərin özlərini məhv edə bilər və Ermənistanın bu raketlərə qarşı müdafiə imkanları yoxdur: “Yəni Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan S-300 PS və S-300 PT zenit-raket sistemləri bu raketlər üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 kilometr radiusa malikdir, üstəlik minimal uçuş hündürlüyü cəmi 10 metrdir. S-300 PS və S-300 PT zenit-raket sistemlərinin aerodinamik hədəfləri vurmaq üçün minimal hündürlüyü isə 25 metrdir. Həmin qurğular maksimum 75 kilometr uzaqlıqda və 27 kilometr hündürlükdə hədəfləri vura bilər”. Erməni hərbi ekspert əlavə edib ki, həmin yeni Türkiyə raketlərinin uçuş zamanı relyefə uyğun manevr etmək imkanları var. Ermənistan isə dağlıq ölkə olduğu üçün həmin amil HHM sistemləri üçün hədəfləri ayırd etməyi xeyli çətinləşdirəcək: “Dağların fonunda hədəfləri ayırd etmək xeyli mürəkkəbdir. Erməni ordusunun sərəncamında olan Buk-M2 zenit-raket kompleksləri də bu tipli raketləri vurmaq imkanında deyil”.
Ambartsumyan diqqəti bu məqama yönəldib ki, Türkiyədə istehsal olunan silahlar NATO standartlarına cavab verməlidir: “Məhz bu xüsusat Bakının İtaliyadan “Alenia Aermacchi M-346 Master” təlim-məşq təyyarələrinin iri partiyasını almasına səbəb olub. Həmin təyyarələr NATO standartlarına uyğundur və təlim-məşq təyyarələri kimi hazırlansa da, tamamilə döyüş məqsədi üçün də istifadə oluna bilər. Çünki təyyarələr hava-yer tipli raketlər, kaset aviabombaları daşıya bilər. Döyüş yükü 500 kiloqramdır. Həmin təyyarələr “SOM-B1” raketlərini də daşımaq imkanındadır. Bu təyyarələr təlim-məşq təyinatlı olsa da, Bakı əvvəlcə 10 M-346 “Master” təyyarəsi almağa qərar verib, daha sonra 15-ni də sifariş verib və gələcəkdə daha 10 ədəd almağa hazırlaşır. Bu da Azərbaycanın əsl hədəfini və məqsədini ortaya qoyur. Çünki pilotlara təlim vermək üçün birdən-birə 10 təyyarə almaq heç nə ilə əsaslandırılmayan israfçılıq olardı. Deməli, Bakı bu maşınları döyüş vəzifələrinin yerinə yetirilməsi üçün alıb”.
Digər tərəfdən, Ermənistandan fərqli olaraq, Azərbaycan çoxsaylı müasir pilotsuz təyyarəyə də malikdir. Bu günlərdə isə bəlli olub ki, Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini yenidən almaq istəyir. Bundan başqa, Azərbaycan İsraildən "SkyStriker" zərbə PUA-sı da alıb. Bu silah İsrail hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkəti olan "Elbit Systems" müdafiə sənaye şirkəti tərəfindən istehsal edilir. Onun da ilk xarici müştərisi Azərbaycandır. Bununla yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə ölkəmizlə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. İndinin özündə ordumuzda istifadə edilən “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. Digər tərəfdən, Azərbaycan uzun müddətdir ki, hərbi-siyasi sahədə İsrail dövləti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq nətiəcəsində Təl-Əvivdən təkcə PUA-lar yox, digər döyüş texnikaları da alınıb. Erməni tərəfinin bu xüsusda narazılığına baxmayaraq, İsrail ölkəmizlə əməkdaşlığını davam etdirir. Eyni sözləri elə Rusiya barədə də demək olar. Yeri gəlmişkən qeyd edək ki, ölkəmiz Rusiyadan təkcə aviasiya texnikaları almır. Yaxın tezlikdə Rusiyadan yeni döyüş tanklarının da alınması gözlənir. Belə ki, Rusiyanın “Uralvaqonzavod” elm-istehsalat korporasiyası rus ordusunun əsas döyüş tankı T-90S-in yeni ixrac versiyası olan T-90MS tankının sınaqlarını başa çatdırıb. Əsas göstəricilərinə, yəni müdafiəsinə, atəş gücünə və hərəkətliliyinə görə T-90MS tanklarının analoqu yoxdur. Tank 3-cü nəsil yeni dinamik müdafiə sistemi ilə təchiz edilib və bu sistem texnikanı müasir tank əleyhinə vasitələrin hücumundan qoruyur.
Tankın ekipajı üçün komfort şərait yaradılıb, içəridə mikroiqlimi dəstəkləyən kondisioner sistemi işləyir. Bütün təchizatı ilə tankın kütləsi 50 tonu keçmir. Bu da ona rəqibləri qarşısında mühüm üstünlük təmin edir. 125 millimetrlik topla təchiz edilən tank müxtəlif tipli döyüş sursatları, o cümlədən məsafədən partlatmaq üçün proqramlaşdırılmış başlıqlı mərmilər istifadə edir. Bu da onu yüksək dəqiqlikli silaha çevirir.
Azərbaycan T-90 tanklarının bundan əvvəlki ixrac variantı olan T-90S tanklarının iri partiyasını alıb. Bir neçə il əvvəl “Uralvaqonzavod” Azərbaycana azı 100 belə tank satıb. Məlumatlara görə, Azərbaycan Rusiyadan daha 100 ədəd T-90 tankı almaq üçün müqavilə bağlayıb. Özü də bu tanklardan erməni orudusunda yoxdur. İndi gözlənir ki, Bakı yaxın tezlikdə T-90MS tanklarını əldə edəcək. Alınan bu və digər silahlar isə ordumuzun düşmən üzərində üstünlüyünü birmənalı şəkildə artırır. Onu da qeyd edək ki, Azərbaycan ordusunun ixtiyarında olan ən müasir silahlar Ermənistanda kifayət qədər böyük qorxu yaradır. Düşmən ölkə məhz bu səbəbdən hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin yenidən başlana biləcəyindən böyük narahatlıq keçirdiyini gizlətmir. Çünki yeni savaşda erməni tərəfinin böyük itkilərə məruz qalacağı birmənalıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.