Prezident İlham Əliyev fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.
“Trend” Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.
“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib.
Kollektivlə görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir…Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksək sıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir.
Siz - burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır.
Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir.
Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə də tanış olub.
Prezidentin Mətbuat Xidmətindən agentliyə verilən məlumata görə, dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlət başçısına yaxınlaşaraq söhbət ediblər. Bəzi nümunələr...
Sakin: Hörmətli Prezidentimiz, Sizin bu gəlişiniz Sumqayıt üçün, bizim üçün toy-bayramdır. Bunun iki böyük amili, bir nəticəsi var. O amilin biri odur ki, hörmətli Prezidentimiz, Ali Baş Komandanımız xalqın arasındadır. İkinci böyük amil ondan ibarətdir ki, ölkəmizin bütün əhalisi, bütün sakinləri Prezidentimizin tərəfindədir. Bunun nəticəsi nədir? Nəticə odur ki, xalqla Prezidentin böyük monolit birliyi var. Bəzən elə olur ki, öz ayaqqabısının ölçüsü qədər bir iş görə bilməyənlər bu qədər gözəlliyə, bu qədər inkişafa ağız büzürlər. Amma onlar bu monolit birliyin qabağında dura bilməzlər, qəti dura bilməzlər.
Sakin: Bir şəhid anası kimi, leytenant anası kimi Sizə çox-çox təşəkkür edirəm ki, bütün şəhid ailələrinə yardım etdiniz, kömək etdiniz. Onların başının üstündə həmişə bir ata, oğul, qardaş kimi olasınız.
Sakin: Mən zabitəm, Qarabağ döyüşlərində iştirak etmişəm, qaziyəm. Əvvəla, Sizə “Xoş gəlmisiniz!” deyirik, Allah Sizi qorusun. Siz Azərbaycanın başının tacı olan şəhidlərin ailələrini qəbul etdiniz, o duyğulu anları biz indi də yaşayırıq. Bir daha sübut etdiniz ki, həmin yaşlı şəhid ailələrinin bir oğlusunuz, bu gün həddi-buluğa çatan şəhid övladlarına bir böyük qardaşsınız.
Sakin: Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik.
Prezident İlham Əliyev: Biz bu məsələni də həll edəcəyik. Bu il bu məsələ həll olunmalıdır.