Ermənistanda sosial-iqtisadi müstəvidə problemlərin əvvəlki qaydada davam etməsi, bir çox istiqamətlər üzrə daha da dərinləşmsi ölkədə yeni gərgin vəziyyət yaratmaqdadır. Elə bunun nəticəsidir ki, ölkədə keçirilən çoxsaylı etiraz aksiyaları səngimir. Küçə ticarətçiləri, ləğv edilmiş dövlət qurumlarının əməkdaşları, taksi sürücüləri, məhsullarını satmaqda çətinlik çəkən kəndlilər və digərlərinin aksiyalarının davamlı xarakter alması Nikol Paşinyan iqtidarı üçün ciddi problemə çevrilib.
Belə bir vaxtda Ermənistanın Alaverdi şəhərində yerləşən mis emalı zavodunun 100-dən artıq əməkdaşı tətil elan edib. Aksiya iştirakçıları dövlət əhəmiyyətli dəmir yolunu bağlayaraq, gələcək talelərinin necə olacağı ilə maraqlanırlar. Onlara verilən məlumata görə, martın 1-dən işsiz qalacaqlar. Zavod 4 aydır əməkdaşlarına əməkhaqqı verə bilmir. Səhmdarların yerli banklara külli miqdarda borcu yaranıb. Nəticədə mis emalı müəssisəsinin bağlanmasına qərar verilib. Etirazçılar deyir ki, bundan bir müddət əvvəl Texut mədəninin fəaliyyəti borc səbəbindən dayandırılıb, 500 nəfər işsiz qalıb. Onlar da eyni aqibəti yaşamaq istəmir. Məsələ ilə bağlı parlamentin son iclasında “Çiçəklənən Ermənistan” partiyasından deputat Armen Ayvazyan baş nazirə sual verib. Nikol Paşinyan bunun zavodun daxili problemi olduğunu deyib. Baş nazirin cavabı aksiya iştirakçılarını qane etməyib. Etirazçıların sözlərinə görə, onlar Nikol Paşinyanı ondan ötrü seçiblər ki, ənənəvi problemlər həllini tapsın. Yeni hökumət isə həssas məsələlərə laqeydlik nümayiş etdirir. Ölkədəki xaotik vəziyyətdən istifadə edən Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov yenidən vətəndaşlara çağırış edib: “Hökumət sizi aldadır. İşsizlər ordusu hər ötən gün artır. Bəs hanı verilən vədlərin real nəticəsi? Ermənistan Müdafiə Nazirliyi belə xalqa yalan danışır. Orduda baş verən neqativ hallar gizlədilir. Əsgər öldürülür, açıqlama verilmir. Demək ki, müdafiə naziri Davit Tonoyan öz işinə səhlənkar yanaşır. Mən gənclərə müraciət edərək deyirəm: zor gücünə hakimiyyətə gətirdib kresloda əyləşdirdiyiniz insanlar indi sizi aldatmaqla məşğuldur”. Nikol Paşinyan isə Şarmazanovun çağırışına sərt reaksiya verib. Bildirib ki, onun tənqid etdiyi Tanoyan özü də Sarkisyan komandasının üzvü, hətta ötən ilə kimi respublikaçı olub.
Bununla yanaşı o da bəlli olub ki, Nikol Paşinyan erməni cəmiyyətində nüfuzunu artırmaq məqsədilə ötən ilin noyabrında imzaladığı əfv fərmanından da peşman olub. Məsələ ondadır ki, daha çox siyasi məqsəd daşıyan bu addımın nəticəsində paytaxt İrəvan və digər rayonlarda cinayətkarlıq görünməmiş həddə çatıb. 2018-ci ildə və cari ilin ilk aylarında qarət, mənzil oğurluğu və dələduzluq kimi cinayətlərin sayının kəskin artması da Paşinyan üçün problemə çevrilib. Siyasi ekspertlərin fikrincə, erməni xalqı, postinqilabçı Ermənistanın həyata keçirəcəyi yenilikləri gözləmələrinə baxmayaraq, köhnə proseslərlə qarşılaşıb. Ekspertlər bildirib ki, yeni hökumət bir il əvvəl erməni ictimaiyyətinə vəd verdiyi islahatları reallaşdırmayacağı təqdirdə Paşinyan komandasının həyata keçirdiyi “inqilab” məğlub hesab ediləcək. “1in.am” saytı isə yazır ki, bundan istifadə edən Paşinyan əleyhdarları yenidən iqtidara gəlməyə çalışacaq: “Nikol Paşinyan hökumət proqramını parlamentə təqdim edərkən deyib ki, “İdarəçilik sisteminin 90%-i köhnə, 10%-i isə yeni vəzifəli şəxslərdən ibarətdir. Köhnələr öz fəaliyyətlərində nə isə bir yenilik etmək, yenilər isə köhnəni dəyişmək istəyir”. Beləliklə, baş nazir həssas və çoxqatlı reallığı praktiki olaraq təsbit edib. Paşinyan faktiki bəyan edib ki, “əksinqilab” idarəçilk sistemində yerləşib və təxribata cəhd etməyə çalışır.
Bu cəhd elə ötən ilin mayından, məsələn, vergilərin lazımi qaydada yığılmaması formasında edilib. Bundan əlavə, Nikol Paşinyan həmçinin bəyan edib ki, parlament seçkilərində Ermənistan Respublika Partiyası məhz məmur-seçicilərin böyük miqdarda cəmləndiyi yerlərdə daha çox səs alıb. Baş nazir, nəinki mahiyyətcə əks-inqilab təhdidini “qüvvədə saxlayıb”, həm də bəyan edib ki, o məhz idarəçilik sistemindədir. Bu təsbit bir neçə baxımdan diqqətçəkəndir. Hər şeydən öncə, Nikol Paşinyan, əlbəttə, özü üçün əksinqilab təhdidilə haqq qazandıra biləcək müəyyən hərəkət diapazonu saxlayır. Bu kontekstdə o, faktiki olaraq, güclü Baş nazirlik hakimiyyətini saxlamağı və müəyyən planda hökumətin səlahiyyətlərini yenidən bölüşdürməyi nə üçün vacib hesab etdiyini əsaslandırır və arqumentlər gətirir. Digər tərəfdən, Paşinyan öz bəyanatı ilə idarəetmə sisteminin bu təbəqəsinə və ya 90%-nə bildirib ki, onlar sayıq və ciddi nəzarət altındadırlar və istənilən anda “əksinqilab”la mübarizə hədəfi ola bilərlər. Eyni zamanda, məsələnin incəliyi ondan ibarətdir ki, Nikol Paşinyan vəziyyətin və təhlükələrin qiymətləndirilməsində haqlıdır, kadrların göstərilən nisbəti, ola bilsin, bir neçə faizlik xəta ilə həqiqətən doğrudur və təxribat reallığı faktiki mövcuddur. Burada sual yaranır: bəs ona daha çox kim nəzarət edir? Əmrlər yollayan köhnə sistem, yoxsa bu təbəqələrə baş nazir vasitəsilə xəbərdarlıq edən yeni hökumət? Bəlkə özbaşına hərəkət edən, nəzarət olunmayan və ya, necə deyərlər, “öz-özünə yetərli” olan təxribat komponenti var? Bu halda, köhnə sistemin himayəsindən məhrum olan, eyni zamanda idarəçilik sistemində qalan orta və aşağı səviyyəli məmurlar sadəcə, necə deyərlər, “öz təşəbbüslərilə” üsyana qalxırlar. Böyük ehtimalla, həm bu, həm də o biri hal var. Lakin necə olmasından asılı olmayaraq, heç bir şübhə yoxdur ki, idarəçilik sistemində təxribat və müəyyən əsəb və mövqe mübarizəsi, yeni hökumətin və köhnə sistemin birbaşa və dolayı yolla təsiri var. Burada sual yaranır: nə üçün “təxribatçılar” sistemdən uzaqlaşdırılmır? Yoxsa bunu aydınlaşdırmaq və əsaslandırmaq kifayət qədər mürəkkəbdir və ya “idarəolunan təxribat” baş nazirin əlində olan siyasi xəritədir.
Digər tərəfdən, “agentlərin aşkar edilməsi”nin müəyyən bir prinsipi də var. Bu prinsipə əsasən, onların əks tərəfə qarşı istifadə edilməsi nəzərdə tutulur. Bu halda onlardan köhnə sistemin, necə deyərlər, “qərargahı”na çıxmaq üçün istifadə oluna bilər. Ancaq nəticədə dövlət idarəçilik sistemində bütün bunlar – taktiki xarakterli mövqe mübarizəsi baş verir. Lakin aydın deyil ki, bu mübarizə hansı dairədə, hansı intensivliklə gedir, idarəçiliyin effektivliyinə necə təsir edir. Əlbəttə, qaçılmaz, xüsusən də fəlakətli reallıq yoxdur, ancaq idarəçilik sisteminin bu “ikili” reallığı nə qədər davam edəcək? ”. Bu yazıdan aydın görünür ki, Paşinyanın özünün istənilən vaxt yeni inqilab qurbanı olması istisna deyil və burada hakimiyyətdə yer alan məmurların rolu da yüksək ola bilər. Özü də o, təkcə Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası ilə yox, həm də “Daşnaksütyun”la ciddi ziddiyyətdir. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib. “Daşnaksütyun” bəyan edib ki, Paşinyanın texnologiyaların inkişafı ilə bağlı proqramı quru şüardan başqa bir şey deyil və Ermənistanda işsizliyi daha da artıracaq: “Paşinyanın “iqtisadi inqilab” proqramının heç bir real əsası yoxdur. Hətta ehtimal olunan 5 faizlik iqtisadi artım belə bu planı həyata keçirmək üçün kifayət deyil. Proqramın parlamentdəki dar çərçivədə hazırlanması da ciddi şübhələr yaradır. Halbuki, ölkənin iqtisadi həyatında bütün siyasi qüvvələrin rəyi nəzərə alınmalıdır”.
Nikol Paşinyan isə Serj Sarkisyanın həm “Daşnaksütyun”, həm də mətbuat vasitəsilə ona mesajlar göndərdiyini açıqlayıb: “Guya yeni hökumət büdcəni formalaşdıra bilmir. Sarkisyan bununla demək istəyir ki, biz vergiləri yığmaqda acizlik nümayiş etdiririk. Nazirlik və komitələrdə çalışanların 90 faizi sənin öz adamlarındır, deməli səriştəsiz olan sənsən”.
Nahid SALAYEV