Rəsul Cahangirli: “Bununla yanaşı, qanunvericiliyə edilən dəyişikliklər nəticəsində vergi yükünün artması bu sahənin zəifləməsinə təsir göstərir”
Nikol Paşinyan baş nazir olanda müxtəlif məsələlərlə bağlı, xüsusən də iqtisadiyyatla əlaqədar populist vədlər verirdi. Paşinyan əvvəlki hakimiyyətin bu sahədə apardığı siyasəti kəskin tənqid edərək vəd edirdi ki, ölkədə iqtisadiyyat daha sürətlə inkişaf edəcək. Daha sonra iqtisadiyyatla əlaqədar bir sıra düşünülməmiş qərarlar qəbul etdi. Ancaq görürük ki, bütün bunlar ölkədəki iqtisadi vəziyyəti yaxşılaşmağa doğru yox, pisləşməyə doğru aparır.
Belə ki, iqtisadiyyatı bərbad gündə olan Ermənistanda az-maz üzdə olan sahələrdən biri də şərabçılıqdır. Ancaq erməni mətbuatının yazdığına görə, Paşinyandan sonra qanunvericiliyə edilən bir sıra dəyişikliklərdən sonra Ermənistan brendi sayılan şərab istehsalı təhlükə altına düşüb. Bununla məşğul olan şirkətlər Paşinyana müraciət ediblər. Məsələ ondadır ki, konyak və şərab istehsalı ilə məşğul olan bir çox şirkət artıq yanvarın 1-dən qüvvəyə minən "Dövlət vəzifələri haqqında" Qanuna düzəlişləri ləğv etmək istəyilə Ermənistanın baş nazirinə müraciət edib. Onlar hesab edirlər ki, ötən ilin yayında qəbul edilən və bu il yanvarın 1-dən qüvvəyə minən düzəlişlər şərab istehsalçılarının zərərinədir. Bu sahə ilə məşğul olan sahibkarlar müraciətdə bildiriblər ki, onlar artıq istehsal xərclərinin artmasına, ixracın həcminin azalmasına və beynəlxalq bazarda zəifləməyə səbəb olan qanunvericilik dəyişikliklərinin mənfi təsirlərini hiss edirlər. Belə gedərsə, Ermənistanda iqtisadiyyatın şərabçılıq sahəsi iflasa uğrayacaq.
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Paşinyanın apardığı islahatlar reallığa və ölkənin mövcud imkanlarına adekvat olmadığı üçün, özünü doğrultmur: “Bu da, öz növbəsində, ölkədə mənfi fəsadlar yaradır. Nəzərə almaq lazımdır ki, Paşinyan baş nazir olandan sonra bir sıra strukturları ləğv etdi, amma yaratdığı alternativ qurumlar işlək deyil və gözləntiləri doğrultmur. Həmçinin, bütün bunların sayəsində ölkədə xeyli sayda işsiz yaranıb. Bu da sosial narazılıqların artmasına və ictimai rəydə Paşinyanın reytinqinin aşağı düşməsinə səbəb olub. Paşinyanın apardığı islahatlar ölkədə sahibkarların vəziyyətini yaxşılaşdırmayıb, əksinə, daha da çətinləşdirib. Xüsusən də bu onların vergi yükünün artmasına, rəqabət imkanlarının zəifləməsinə səbəb olub. Bir məqamı nəzərə almaq lazımdır ki, qanunvericiliyə edilən dəyişikliklər əsasən bu il yanvarın 1-dən qüvvəyə minib. Ermənistanın təbii ehtiyatları məhduddur. Ölkə müəyyən əlvan metal və mərmər ehtiyatlarına malikdir. Paşinyan mövcud reallıqları nəzərə almayaraq, büdcəni vergiləri artırmaqla doldurmaq istəyir. Bu da ölkədəki sahibkarların işini çətinləşdirir. Şərabçılıq Ermənistanda müəyyən qədər inkişaf etsə də, bu sahədə dünyada güclü rəqabət var. Xüsusən də Gürcüstan bu sahədə Ermənistana ciddi rəqibdir. Ermənistandan fərqli olaraq, Gürcüstanda şərabçılıq daha yaxşı inkişaf edib. Ermənistan öz şərab məhsullarını əsasən Rusiyada realizə edirdi. Ancaq son bir neçə ildə Rusiya bazarında şərab məhsulları ilə bağlı təklif artıb və bu da rəqabəti daha da gücləndirib. Bu səbəbdən, Ermənistan istehsalı olan sözügedən məhsullar Rusiya bazarında əvvəlki illərdəki kimi satılmır. Bununla yanaşı, qanunvericiliyə edilən dəyişikliklər nəticəsində vergi yükünün artması bu sahənin Ermənistanda zəifləməsinə təsir göstərir. Ölkədəki sahibkarlar da bundan narahatdırlar”.
Vidadi ORDAHALLI