Xəbər verildiyi kimi, ərəb ölkələrindən olan bir qrup jurnalist fevralın 10-dan 16-dək ölkəmizdə səfərdə olublar. Onlar bir sıra KİV-lərdə görüşlər keçirib, həmçinin ölkəmizin tarixi yerləri ilə tanış olublar.
Həmin jurnalist heyəti fevralın 15-də Azərbaycan Mətbuat Şurasında olub. Şuradan bildiriblər ki, əcnəbi jurnalistlərlə keçirilən görüşdə Azərbaycan mediası ilə dünya mediası arasındakı əməkdaşlığın formaları, ölkəmizlə bağlı həqiqətlərin xaricdə təbliği məsələləri, həmçinin söz və ifadə azadlığı müstəvisində nəzərəçarpan meyllər ətrafında müzakirələr aparılıb. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, xarici əlaqələri, bu baxımdan ərəb ölkələrinin, ümumilikdə müsəlman dünyasının media qurumları ilə əlaqələri barədə məlumat verib.
Əldə etdiyimiz məlumata görə, həmin görüşdə MŞ İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev ərəb ölkələrini təmsil edən jurnalistlərin diqqətinə, onların təmsilçisi olduğu və digər ərəb ölkələrinin Ermənistanla yaxın münasibətdə maraqlı olduqlarını çatdırıb. Aydın Quliyev hətta ölkə başçısı İlham Əliyevin fikirlərindən sitat da gətirib ki, məscidləri dağıdan bir ölkə İslam dünyasına dost ola bilməz. Həmin vaxt Qətərdən olan jurnalistlər belə bir sualla müraciət ediblər: “Sizdə Qətərin Ermənistanla əlaqə qurmasına dair konkret fakt varmı?”
Onların diqqətinə çatdırılıb ki, belə bir faktlar mövcuddur, zaman-zaman mediada səslənib.
Hətta MŞ İdarə Heyətinin digər üzvü Umud Mirzəyev Qətərdən olan jurnalistlərin diqqətinə çatdırıb ki, Ermənistan bu yaxınlarda onların ölkəsində səfirlik açmağı da planlaşdırır. Umud Mirzəyev bu istiqamətdə razılığın da əldə olunduğuna dair məlumatı ərəb jurnalistlərin diqqətinə çatdırıb. Qətərli jurnalistlər buna dair də konkret faktın ortaya qoyulmasını istəyiblər.
Qətərli jurnalistlər belə bir faktı görmək istəyirlərsə, erməni KİV-lərini nəzərdən keçirsinlər. Bütün erməni saytları Münhenə etdiyi səfər çərçivəsində Ermənistan prezidenti Armen Sarkisyanla Qətər əmiri arasında olan görüşə dair məlumatları paylaşırlar. Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən bildirilir ki, ölkə başçıları qarşılıqlı olaraq, bir-birini rəsmi səfərlə ölkələrinə dəvət ediblər. Həmçinin strateji əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsinin aparıldığına dair razılaşma əldə olunub. Qətərli jurnalistlərə bundan tutarlı fakt ola bilərmi?
Məhəmmədəli QƏRİBLİ