“Söhbət işğal altında olan ərazilərin güc yolu ilə azad oluna biləcəyindən gedir”
“Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq”.
Məlum olduğu kimi, bu fikirləri bu günlərdə Prezident İlham Əliyev REAL TV-yə müsahibəsində bildirib. Ölkə başçısının sözlərinə görə, dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq: “Xoşbəxtlikdən, biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq”. Müşahidələr göstərir ki, Prezident İlham Əliyevin məlum fikirlərindən ermənilər bərk narahat olmağa başlayıblar. Erməni politoloq Ağası Yenokyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, son bir neçə ay ərzində Azərbaycan Ermənistan üzərində əhəmiyyətli üstünlük qazanıb və ölkəmizin danışıqlar prosesindəki mövqeyi əvvəllər olduğundan daha güclüdür. Politoloqun fikrincə, "ritorikanın dəyişməsi və əvvəlki fikirlərin kəskinləşməsi də Azərbaycanın daha əlverişli mövqeyindən xəbər verir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, İlham Əliyevin dedikləri doğrudur. Azərbaycanın döyüş meydanındakı statusuna gəlincə, açıq informasiya mənbələrinin son bir neçə il ərzində bizim rəqibimizin əldə etdiyi silahların miqdarı haqda açıqlamalarına əsasən demək olar ki, Əliyev burada da haqlıdır". Bütün bu deyilənlərin fonunda, ermənilər Prezident İlham Əliyevin məlum açıqlamasından niyə qarın ağrısına düşüblər? Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, görünür, ermənilər sözügedən reallıqların vəziyyəti Azərbaycanın xeyrinə dəyişəcəyindən narahatdırlar: “Ona görə də narahat olmağa başlayıblar. Söhbət işğal altında olan ərazilərin güc yolu ilə azad oluna biləcəyindən gedir. Ermənistan tərəfi Azərbaycanın güclü silahlar əldə etdiyinin və bu məsələdə onların bizimlə rəqabət apara bilmədiklərinin fərqindədir. Bu səbəbdən narahatdırlar ki, müvafiq zəmin yaranan kimi Azərbaycan güc yolu ilə torpaqlarını azad edəcək. Dünyadakı reallıqlar elədir ki, kim güclüdürsə, onunla hesablaşırlar. Azərbaycan ərazilərinin 90-cı illərdə işğal olunması təkcə Ermənistanın sayəsində olmadı. O zaman Rusiya bu məsələdə Ermənistana hərtərəfli dəstək verdi. Rusiyanın yardımı olmasaydı, Ermənistan ərazilərimizi işğal edə bilməzdi. Bunu Azərbaycanda bilməyən yoxdur. O cümlədən, dünya dövlətləri də bunun fərqindədir. Həmin dövrlərdə Rusiya-Azərbaycan mümasibətlərində soyuqluq vardı və indiki kimi deyildi. Bütün bunlardan işğalçı tərəf çox məharətlə öz xeyrinə istifadə etdi. Ancaq indi vəziyyət fərqlidir. Görünür, bütün bu səbəblərdən erməni tərəfi yaranan yeni reallıqlardan narahatdır”.
Vidadi ORDAHALLI