Ramil Hüseynov: “Ola bilsin ki, belə qeyri-müəyyənlik Rusiyaya sərf edir”
Məlum olduğu kimi, Belarus Ermənistana nota verib. Belarus XİN-in mətbuat katibi Anatoliy Qlaz jurnalistlərə açıqlamasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin olmaması təşkilatın işinin xeyrinə deyil: “KTMT baş katibsiz artıq uzun müddətdir fəaliyyət göstərir.Vəziyyət təşkilatın xeyrinə deyil və dərhal həllini istəyir”.
XİN rəsmisi qeyd edib ki, Astana və Sankt-Peterburqda keçirilən görüşlər zamanı ölkə başçıları Zasın namizədliyini dəstəkləyiblər: “Hələ ötən ilin dekabrında KTMT Baş Katibliyi Stanislav Zasın təyin edilməsi əsasında layihə hazırlayıb. O, beş paytaxtda ölkə rəhbərləri ilə görüşüb, bütün prezidentlər onu dəstəkləyiblər”.
Qlaz onu da əlavə edib ki, Belarus parlament seçkilərinin keçirilməsi və yeni hökumətin formalaşdırılması ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın Belarus Prezidenti ilə görüşü imkanının olmamasını anlayışla qarşılayıb. Bu arada Minsk ümid edir ki, yaxın vaxtlarda erməni tərəfi görüşün tarixi barədə məlumat verəcək: “Belarus qarşılıqlı anlaşmaya ümid edir və hesab edir ki, baş katib postu “oteldə bron edilməsi mümkün olan nömrə deyil”. Bütün ölkələr bu məsələnin həllində – bu “texniki anın” KTMT-nin işinə, həmçinin, iştirakçı ölkələr arasında ikitərəfli münasibətlərə təsir etməməsində maraqlıdır”.
Görünən odur ki, sözügedən məsələdə tərəflər arasında gərginlik davam etməkdədir. Ermənistanın bunu yubatması Belarusun bu ölkə ilə münasibətlərində gərginliyin daha da artacağından xəbər verir. Onu da qeyd edək ki, bir müddət əvvəl KTMT baş katibi vəzifəsinə iddialı olan Stanislav Zas Minskdə jurnalistlərlə görüşdə prosesin hələ yerindən tərpənmədiyini demişdi: “Baş nazir ilə görüş hələlik baş tutmayıb. Mən erməni tərəfi üçün istənilən münasib vaxtda onunla görüşmək təklifini irəli sürmüşəm. Hələlik bir cavab almamışıq”.
Zas, həmçinin, demişdi ki, KTMT-nin nizamnaməsi, eyni zamanda, məhdud tərkibdə bir sıra qərarların qəbul edilməsinə də imkan verir. Onun fikrincə, indiki halda, bu üsul qəbuledilməzdir və hərbi-siyasi ittifaqın normal fəaliyyəti üçün konsensus əsasında veriləcək qərar zəruridir.
Proseslərin bu cür davam etməsi nə vəd edir?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Paşinyan prosesi uzatmaqla müəyyən dividendlər əldə etmək istəyir: “Fikrimcə, əvvəl-axır, Paşinyan bununla razılaşacaq. Ona görə ki, o, uzun müddət qurumun fəaliyyətini iflic vəziyyətində saxlaya bilməz. Sadəcə fikirləşir ki, bunu indi etsə, hörmətdən düşəcək və bu onun reytinqinə mənfi təsir edəcək. Ona görə də siyasi oyun oynayır. İstəyir ki, razılıq verməsi yubansın və yaxud da bunun müqabilində Belarusdan nəsə qoparsın. Ancaq vəziyyətin bu cür davam etməsi Belarus-Ermənistan münasibətlərini daha da gərginləşdirə bilər. Digər tərəfdən, KTMT sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Rusiya nümayəndəsi icra edir. Ola bilsin ki, belə qeyri-müəyyənlik Rusiyaya sərf edir. O üzdən, bu məsələdə Paşinyana təzyiq göstərməyə tələsmir. Bu amilin də rolu ola bilər”.
Vidadi ORDAHALLI