Son dövrlər Ermənistanda diqqətçəkən maraqlı hadisələrdən biri də keçmiş hakimiyyət təmsilçilərinin, xüsusən də rəhbər şəxslərin təqib edilməsi, həbsə atılmasıdır. Düzdür, həmin adamlar cinayətkardırlar və ən azından, Azərbaycan ərazilərinin işğalına görə məsuliyyətə cəlb edilməlidirlər. Amma Ermənistanda bu şəxslər işğal, soyqırımı cinayətlərinə görə yox, müxtəlif cinayətlərə görə həbsə atılırlar, istintaqa cəlb olunurlar.
Onların bir çoxu özlərini siyasi məhbus adlandırır. Amma dünya miqyasında hələlik buna hansısa reaksiya yoxdur. Avropa, ABŞ təşkilatları, qurumları bütün bunları görməzdən gəlirlər.
Məhz bu vəziyyətdə mövcud hakimiyyət təhlükəli saydığı şəxsləri inzibati yolla sıradan çıxarmaqda davam edir. Bunlar əsasən “Qarabağ klanı”nın təmsilçiləridir. Belə bir vaxtda yayılan məlumatlara əsasən, Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, qondarma “DQR”in keçmiş “müdafiə naziri” general Movses Akopyan da 2008-ci il 1 mart hadisələrinin istintaqına cəlb edilib və Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib. Ermənistanda nəşr edilən “Jamanak” qəzeti yazır ki, hazırda Ermənistanın baş hərbi müffəttişi olan Akopyan Dağlıq Qarabağdan mülki şəxslərin və hərbçilərin həmin hadisələr zamanı İrəvana göndərilməsi epizodu üzrə dindirilib. Bundan əvvəl Akopyan özü jurnalistlərə Dağlıq Qarabağ “ordusunun” 2008-ci ilin martında İrəvanda nümayişçilərə qarşı istifadə edilməsi haqda deyilənləri qəti təkzib etmişdi.
Xatırladaq ki, 1 mart hadisələrinin istintaqı çərçivəsində keçmiş prezident Robert Köçəryan hazırda həbsdədir, digər keçmiş prezident Serj Sarkisyan da dindirilir və məlumatlara görə, onun həbsinə hazırlıq gedir. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci ilin 1 mart hadisələrinə görə istintaqda dindirilib. O hətta Serj Sarkisyanla da üzləşdirilib. Amma onu istintaqa satmayıb. “Qraparak” qəzetinə danışan mənbə bildirib ki, S.Sarkisyan artıq həbs edilə bilər: “Ohanyanın Sarkisyana qarşı ifadə verməsi haqda yayılan xəbərlər doğru deyil, amma Sarkisyanın həbsinə hazırlıq gedir”. Mənbə əlavə edib ki, istintaqda hər şey Sarkisyanın həbsinə doğru aparır. Hakimiyyətin “qalan hallarda olduğu kimi” Sarkisyanı da həbs etməyə əsası yoxdur: “Hakimiyyət reytinqinin güclü şəkildə aşağı düşdüyünü görür və ona yeni şou lazımdır, şounu isə bu cür təmin etmək olar”. Xatırladaq ki, Sarkisyan 2008-ci ildə prezident seçilib və onun seçkilərin saxtalaşdırılması yolu ilə hakimiyyətə gəlməsi güclü etirazlara səbəb olub. İndiki baş nazir Nikol Paşinyanın da qatıldığı bu etirazların yatırılması üçün ordu yeridilib, 10 nəfər öldürülüb.
Sarkisyanı həbsə atmağa hazırlaşan hakimiyyət Köçəryanı daha ağır şəkildə cəzalandırmaq üçün də fəaliyyətini genişləndirir. Belə ki, Ermənistan Xüsusi İstintaq Xidməti həbsdə olan Robert Köçəryana qarşı daha bir ittiham irəli sürüb. Sabiq dövlət başçısı külli miqdarda rüşvət almaqda ittiham olunur. Xatırladaq ki, Köçəryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunaraq ötən il həbs olunub. Amma görünən budur ki, həmin məsələ üzrə həbsə atılan təkcə Köçəryan olmayacaq. Onların həbsinin beynəlxalq miqyasda hansısa reaksiya ilə qarşılanması Nikol Paşinyan iqtidarının bu şəxslərə qarşı daha sərt hərəkət etməsinə gətirib çıxarır. Belə vəziyyətdə bəzi məhbuslar diqqəti özlərinə yönəltmək üçün aclq aksiyalarından istfiadə edir və bu hal getdikcə genişlənir. Son məlumata görə, Ermənistanın “Nubaraşen” həbsxanasında daha bir məhbus, ömürlük azadlıqdan məhrum edilmiş Armen Ter-Saakyan da aclıq aksiyası elan edib. Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyanın sözlərinə görə, Avetisyan aclıq aksiyasına 12 fevraldan başlayıb və hazırda həkim nəzarətindədir. Məhbus Armen Ter-Saakyan isə deyib ki, ona qarşı açılan cinayət işinə yenidən baxılması və yol verilən haqsızlığa son qoyulması üçün aclıq aksiyası keçirir və Ermənistanın ədliyyə naziri Artak Zeynalyanla görüş tələb edir. 12 fevraldan etibarən Ermənistanda ömürlük həbsə məhkum edilmiş digər məhbus, 39 yaşlı Aram Xaçikyan da aclıq aksiyası keçirir. Həmçinin, ömürlük azadlıqdan məhrum edilmiş Vaqarşak Avetisyan isə 16 gündür “Armavir” cəzaçəkmə müəssisəsində aclıq elan edib. Onların sözlərinə görə, vaxtilə məhkəmədə hakimin çıxardığı hökmlər qeyri-obyektiv və qərəzlidir. Aclıq aksiyası elan etməklə məhbuslar aidiyyəti qurumların diqqətini ədliyyə sistemindəki haqsızlıq və özbaşınalığa çəkmək və onlara qarşı açılan cinayət işinə, çıxarılan hökmlərə yenidən baxılmasını istəyirlər. Erməni mediası isə son zamanlar Ermənistan həbsxanalarındakı həm siyasi, həm də digər məhbuslar arasında aclıq edənlərin sayının artmasına və aksiyanın ölümlə nəticələnməsinə diqqət çəkir. Ən son nümunə isə “Nubaraşen” həbsxanasında saxlanan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əleyhinə çıxdığına görə həbs olunan Mqer Yegizaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölməsidir. Bundan əlavə, Ermənistan mediası yazır ki, “Armavir” cəzaçəkmə müəssisəsində cəmi bir neçə gün əvvəl 61 yaşlı məhbus A.Aram və 20 yanvar tarixində isə digər məhbus Saak Saakyan dünyasını dəyişib. Onların ölümünə səbəb həbsxana nəzarətçilərinin məhbuslarla pis davranışı, qeyri-sağlam qidanın verilməsi və həkim nəzarətindən kənarda qalmaları olub.
Tahir TAĞIYEV