Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə sadiq qalan Azərbaycan Ermənistanla nəticə verən danışıqlar prosesini davam etdirməkdə maraqlı tərəf olduğunu bəyan edir. Eyni zamanda, rəsmi Bakı onu da diqqətə çatdırır ki, səmərəli, substantiv danışıqlar baş tutmayacağı təqdirdə konfliktin savaş yolu ilə həllini tapması qaçılmaz olacaq. Belə görünür ki, regionda konfliktin alovlanmasına qarşı çıxan ölkələr, o cümlədən də Rusiya Azərbaycanın mövqeyini dəstəkləyərək məsələnin sülh yolu ilə həllinə xüsusi maraq göstərir.
Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu günlərdə qeyd olunan məsələ ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun yaradılması imkanı üzərində işləyir: "Bizim mövqeyimiz dəyişməzdir. Biz Minsk Qrupu formatında işləməyi davam etdirəcəyik". Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da belə bir vaxtda maraqlı açıqlama verib. O vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair kreativ ideyalar üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər. Zaxarovanın sözlərinə görə, hazırda ekspertlər Qarabağ nizamlanmasına dair kreativ ideyalar işləyib hazırlayır: “Məsələ bax belədir, gələcək barədə danışsaq, həmin ideyalar işlənib hazırlanmalıdır və onlar kreativ olmalıdır. Məhz bu cür işlənib hazırlanmış kreativ ideyalar dəstəklənəcək”.
Xatırladaq ki, Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola biləcək kreativ ideyaların tapılması səyləri barədə bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərindən sonra açıqlamalar vermişdi. Burada bir məqamı da xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da uzun müddətdən bəri ilk dəfə onunla Ermənistan xarici işlər naziri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində qarşılıqlı anlaşma əldə olunduğunu bildirib. Ümumiyyətlə, rəsmi Bakı konfliktin həllində əlverişli şərait yarandığını bəyan edir. Hazırda əsas narahatlıq erməni tərəfindən müşahidə olunur. Belə ki, Nikol Paşinyana müxalif erməni siyasi dairələrində baş nazirin Qarabağa dair Azərbaycanla hansısa gizli sövdələşmə içərisində olduğu vurğulanır. Məsələn, hakimiyyətdən devrilmiş Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov bildirib ki, Bakıdan son günlər bir-birinin ardınca “həyacanlı bəyanatlar” eşidilir. Onun sözlərinə görə, Paşinyan çıxıb bu bəyanatlara cavab verməlidir və Bakının nəyi nəzərdə tutduğunu aydınlaşdırmalıdır: “Burası ikiqat həyəcanlıdır ki, Məmmədyarov Milandakı görüşdən sonra Azərbaycanla Ermənistanın nəhayət qarşılıqlı anlaşma əldə etdiyini deyir. Faktiki olaraq, bundan əvvəlki pis, boynu əyri hakimiyyətlə anlaşma əldə etmək mümkün deyildi, amma indiki məğrur, güclü hakimiyyətlə bunu ediblər. Burada iki variant ola bilər: ya Azərbaycan məsələnin hərbi yolla həllindən imtina edib, ya da...Hərçənd, birinci variant heç ağlabatan deyil”. Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan artıq bunlara münasibət bildirib: “Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan görüşləri yaxın gələcəkdə də davam etdirmək və indiki dinamikanı saxlamaq barədə anlaşıblar. Daha bir razılaşma isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə bəyanatına dair əldə olunub. Belə formatda bəyanatı uzun müddətdir qəbul etmək mümkün olmurdu. Bununla belə, Milanda bəyanatın mətninə dair razılaşma əldə edildi”. O xatırladıb ki, həmin bəyanatda Düşənbədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin mühümlüyü, təmas xəttində gərginliyin daha da azaldılmasına və xalqların sülhə hazırlanmasına dair intensiv işlərin görülməsinin vacibliyi qeyd olunur: “Publik çıxışlarda bu cür mürəkkəb məsələlərlə bağlı konfrontasiya xarakterli olmayan və qeyri-düşmənçilik tonunun saxlanması artıq yaxşı haldır”. Nikol Paşinyan isə Elmar Məmmədyarovun bəyanatını eyni rakursdan şərh edib: "Milanda Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin başçıları bəyanat razılaşdırıblar, qeyd edilib ki, bunu uzun müddət boyunca etmək mümkün olmurdu və nəhayət, razılaşdırılıb. Son 24-25 il ərzində bir çox belə bəyanatlar səsləndirilib. Belə fəallıq olub, bilirsiniz. Keçən 25 illə müqayisə olunsa, fəallığı aşağıdan bir az yuxarı hesab etmək olar". Lakin erməni müxaliyfəti məsələyə fərqli yanaşır. Məsələn, bundan əvvəl erməni siyasətçi Zarui Postancyan bildirib ki, Nikol Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın ziyanına olan qərarlar verəcək. Digər erməni ekspert Qraçya Qalustyan da qeyd edir ki, Paşinyan hakimiyyətini möhkəmləndirən kimi Bakıya ərazi güzəştləri edəcək: "Elə Paşinyanın siyasəti nəticəsində Rusiya və Belarus kimi ölkələr də İrəvandan üz döndərib və onlar Bakıya rəğbət bəsləyir. Bu ölkələr Azərbaycanı Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa razı salmaq üçün Ermənistana tüpürməyə hazırdır və vaxtaşırı tüpürürlər də. Paşinyan Azərbaycanla rüsvayçı sülhə getməmək üçün bütün bu təzyiqlərə davam gətirməyi bacarmayacaq? Paşinyan əvvəl verdiyi vədlərdən hazırda asanlıqla boyun qaçırır. Bu çox qorxulu siqnaldır. Qarabağ məsələsində Ermənistan uduzur, Azərbaycan istədyini alır. Artan xarici təzyiqlərə davam gətirmək mümkünsüzləşir”.
“Lragir.am” saytına açıqlamasında erməni politoloq Manvel Sarkisyan isə başqa məqama diqqət çəkir. O bildirir ki, Rusiya Azərbaycan qarşısında Ermənistanı müdafiəsiz qoymağa hazırlaşır: “Kremlin məsləhətçisi Modest Kolerov bir müddət əvvəl bəyanat yaydı ki, Ermənistanda Rusiya bazasının heç bir xeyri yoxdur, onu buradan çıxartmaq lazımdır. Krımın işğalından sonra Rusiya hərbçilərinin Ermənistandan çıxarılması məsələsi gündəmə gəlmişdi. XİN bunlara aydınlıq gətirməlidir. Bəlkə ruslar bazalarını çıxarıb, sonradan buraya özlərindən başqa heç kimin gəlməməsi üçün sənəd imzalatmaq istəyirlər?”. Ekspert vurğulayır ki, Rusiya bazasının çıxarılmasından sonra Ermənistan Azərbaycan və Türkiyə arasında əziləcək. Erməni hərbi ekspert, keçmiş müdafiə naziri Seyran Ohanyanın müşaviri olmuş David Camalyan “168 jam” qəzetinə müsahibəsində məhz belə bir vaxtda Azərbaycanın sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində yerləşdirilməsinin təsadüfi olmadığı qənaətindədir. Onun fikrincə, bu addım Azərbaycanın Qarabağı geri almaq üçün yeni hücum əməliyyatlarına başlamağa hazırlıq görməsinin əlamətidir və bu prosesin qarşısını Rusiya, 2016-cı ilin aprelində olduğu kimi, almayacaq: “Azərbaycan Qarabağa qarşı hücuma hazırlaşır və prinsipcə istisna etmək olmaz ki, formalaşdırılan hücum qruplaşmasına onların 3-cü ordu korpusunun bölmələri də daxil ediləcək. İndiki halda prinsipial olaraq bunu qeyd etmək vacibdir: Azərbaycanda həm daxili qoşunlar, həm sərhəd qoşunları Qarabağa mümkün hücum zamanı onların döyüş əməliyyatlarına tam cəlb edilməsi nəzərə alınmaqla təşkil olunub. Yəni Azərbaycanın sərhəd qoşunlarını təkcə sərhədlərin qorunması funksiyasını həyata keçirən struktur kimi deyil, qarşısında həm də döyüş vəzifələrinin yerinə yetirilməsi dayanan tammiqyaslı döyüş vahidi kimi görmək lazımdır. Ona görə də biz arxayın olmalı deyilik ki, sərhədin şimal-şərq hissəsində daha sakitlik olacaq”. Azərbaycanın mümkün hərbi əməliyyatları qarşısında isə ermənilərin tab gətirməsi mümkünsüz sayılır. Bunun ən real təsdiqi elə erməni ordusunun mövcud durumudur. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. Son günlər Ermənistanın xəbər portallarında və sosial şəbəkələrdə yayılan məlumatların təhlili nəticəsində dekabrın 15 günü ərzində düşmən ordusunun, yaralananlar da daxil olmaqla, 17 hərbçisini itirdiyi ortaya çıxır. Məlumatlardan məlum olur ki, qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən düşmən ordusunun 7 hərbi qulluqçusu ölüb. Təhlükəsizlik qaydalarının pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 hərbçi ağır yaralanıb. Ölən və yaralananların çoxu zabit və müqavilə əsasında xidmət edən hərbi qulluqçulardır. Cəbhədə silahlı insidentlər nəticəsində isə ilin ötən dövrü ərzində ermənilər onlarla hərbçisini itirib. Belə bir ordu ilə Azərbaycanın qarşısında duruş gətirməyin mümkünsüz olduğunu Paşinyan da yaxşı görür. Məhz bu şəraitdə o, Rusiyadan və digər istiqamətlərdən gələn təzyiqləri də nəzərə alaraq Azərbaycanla anlaşmaya gedilməsinin özünün və ölkəsinin yeganə çıxış yolu olduğunu aydın görür. Çünki Azərbaycan ərazilərinin işğal altında saxlanması Ermənistana və onun xalqına fəlakətdən, yoxsulluqdan başqa heç nə gətirmir. Bu mənada, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsi Azərbaycan üçün nə qədər vacibdirsə, Ermənistan üçün bəlkə də bir o qədər önəmlidir. Status-kvonun dəyişməsinin zəruriliyini həmsədrlər də dəfələrlə açıq bildirib. Bu istiqamətdə fəallığını artıran Rusiya isə son dövrələrdə məsələni daha konkret şəkildə gündəmə gətirir.
İndi Nikol Paşinyan bu durumda seçimini mümkün qədər tez etməlidir. Odur ki, Ermənistanın yeni rəhbərliyi xalqın rifahını və dövlətin inkişafını təmin etmək üçün ilk növbədə sülh danışıqlarında konstruktiv olmalı, təcavüzkar siyasətə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarını çəkməlidir. Əks halda Paşinyan da bu məsələdə sələflərinin siyasətini təkrarlamaqla özünü və ölkəsini uçuruma yuvarlatmaqda davam edəcək. Paşinyanın xalqa verdiyi vədləri yerinə yetirə bilməsi üçün ən optimal variant işğala son qoyulmasını təmin etməkdir. Çünki acınacaqlı vəziyyətdə olan bir xalqın və dövlətin xilası üçün ən yaxşı yol ilk növbədə onu təcrid vəziyyətindən çıxarmaqdır. Bunun üçün isə mütləq Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Yaxın tarix İrəvanın bu istiqamətdə hansı addımlar atacağını dəqiq göstərəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.