Natiq Miri: “Qazın qiymətinin bahalaşması müşahidə olunarsa...”
Rusiya baş naziri Dmitri Medvedyevin müavini Dmitri Kozak Ermənistan hökumətinə - konkret olaraq erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq, 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin artacağını deyib. Bu barədə “168 jam” qəzeti etibarlı mənbələrə istinadən yazıb. Məktubda Dmitri Kozak bildirib ki, Rusiyanın sərhəddəki qazının min kubmetrinin qiyməti 215 dollar olacaq və bu qərar müzakirəyə qoyulmur.
“Məsələ ilə bağlı biz Avinyanın özündən şərh almağa çalışdıq. Amma onun ofisinin rəhbəri Varaq Siseryan bildirdi ki, baş nazirin müavini gün ərzində bir neçə görüşdə iştirak edəcəyindən, suala cavab verməyə vaxtı olmayacaq. Bununla belə, qaydalara uyğun olaraq, ofis 5 gün ərzində bu sualı cavablandıracağını deyib” - qəzet yazır.
Qeyd edək ki, hazırda Ermənistan sərhəddə Rusiya qazının min kubmetrini 150 dollara alır. İrəvan bu qiymətin daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır. Erməni KİV-ləri isə yazırlar ki, razılıq əldə olunmazsa, gələn ildən Rusiya təbii qazını Ermənistana daha baha qiymətə satacaq ki, bu da erməni istehlakçıların daha çox vergi verməsi ilə nəticələnəcək.
Ümumilikdə, 150 dollar Rusiyanın digər ölkələrə satdığı qazın qiymətindən bir neçə dəfə ucuzdur. Adətən hansısa bir MDB ölkəsi Rusiyanın təsir dairəsindən çıxaraq Qərbə inteqrasiya yolunu tutursa, Moskva dərhal həmin dövlətə münasibətdə bir sıra təzyiq metodlarına əl atır. Bu təzyiq metodlarından biri də məhz satdığı qazın qiymətini bahalaşdırmasıdır. Vaxtilə Kreml Baltikyanı ölkələr, Ukraynaya münasibətdə məhz bu vasitələrdən istifadə edib. Ermənistandakı Paşinyan hakimiyyəti də qərbpərəst hökumət kimi tanınır. Bu mənada, Rusiyanın qazın qiymətilə bağlı analoji addımı gözlənilən idi.
Maraqlıdır, bəs ekspertlər bunu necə şərh edirlər?
Sözügedən məsələni dəyərləndirən politoloq Natiq Mirinin fikrincə, Rusiya öz təsiri altında olan dövlətlərin Qərbə meyllənməsinə cavab olaraq onlara satdığı qazın qiymətini artırır: “Kreml hələlik Ermənistana münasibətdə ancaq bu rıçaqdan istifadə etməklə kifayətlənəcək Cari ilin dekabrından sonra Rusiyanın Ermənistana verdiyi qazın qiymətini qaldıracağı gözləniləndir. İlk öncə Paşinyan hökumətinə xəbərdarlıq edilir ki, Moskvanın hansı səviyyədə İrəvana güzəşt etdiyini anlasınlar. Çünki min kubmetri 150 dollara heç bir dünya bazarında qaz satılmır. Bu mənada, səslənən fikirlərə görə, Rusiya Ermənistanla qaz sahəsində yeni müqaviləni daha yüksək qiymətlərin müəyyənləşməsi fonunda başlayacaq. Ola bilər Rusiya bu dəfə Ermənistana qazı 200 dollardan baha satsın. Qazın qiymətinin bahalaşması müşahidə olunarsa, bu, Ermənistan rəhbərliyinə verilən ciddi iqtisadi xəbərdarlıq olacaq və bu xəbərdarlıq gələcəkdə siyasi xəbərdarlıq müjdəçisi rolunu oynayacaq. Bütün hallarda, Rusiyanın təsir dairəsindən çıxmaq istiqamətində qərar qəbul edilərsə, bu fonda, Ermənistanın hansı vəziyyətlə üz-üzə qalacağı Paşinyana xatırladılacaq. Ancaq bundan o yana keçəcəyini hələlik Rusiya tərəfindən gözləmirəm. Çünki Moskva anlayır ki, bu cür sərt mövqe Paşinyan hökumətinin Qərbə yönəlik siyasət yürütməsinə zəmin yarada bilər. Yəni Rusiyanın sərt addımları mərkəzdənqaçma prosesini sürətləndirər. Bu səbəbdən də düşünürəm ki, hələlik ilkin mərhələdə Moskva Paşinyana ancaq Ermənistana verdiyi qazın qiymətini qaldırmaqla xəbərdarlıq edir”.
Vidadi ORDAHALLI