Məhəmməd Əsədullazadə: “Bu kimi məsələlərə baxmayaraq, Moskva-Bakı əməkdaşlığı yeni ildən yeni inkişaf mərhələsinə keçəcək”
Rusiyanın xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planları var. Bunu mətbuata açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bütün konstruktiv planların reallaşmasını istəyirlər: “Ümid edirik ki, gələn il tərəfdaşlarımız, müttəfiqlərimiz və dost ölkələrlə münasibətlərimiz uğurla inkişaf edəcək. Bizim xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planlarımız var. Hər zaman yeni ilə ümidlər bəslənir və təbii ki, biz sülh, sabitlik və bütün konstruktiv planlarımızın reallaşmasını istəyirik”.
O da məlumdur ki, Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü əhatə edir. Bu iki ölkəni təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.
1991-ci ilin avqustunda məlum “QKÇP” hadisəsindən, yəni Sovetlər Birliyinin süqutundan sonra müstəqillik əldə edən Azərbaycan və Rusiya arasında ilk illərdə bəzi obyektiv və subyektiv səbəblərdən müəyyən gərginliklər yaşandı. Ancaq 1993-cü ilin iyununda Heydər Əliyev ölkədə hakimiyyətə gəldikdən sonra yaranan çətinliklər aradan qaldırıldı. Onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra, bir çox sahələrdə olduğu kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə də gərginliklər tədricən aradan qalxmağa başladı.
Son illər iki ölkə arasında syasi, iqtisadi, mədəni, humanitar müstəvidə əlaqələr daha da yüksələn xətlə inkişaf edir. Bu, açıq-aydın özünü göstərməkdədir. Bu baxımdan Zaxarova “bizim xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planlarımız var” deyərkən nəyi nəzərdə tutur? Bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya və Azərbaycan ikitərəfli əməkdaşlıq baxımından strateji tərəfdaşdırlar: “Bu ilin sentyabr ayında Azərbaycan və Rusiya prezidentlərinin Soçidə 21 sənəd imzalaması, beşillik yol xəritəsinin qəbulu iki ölkə arasında uğurlu əməkdaşlıq formatının bariz nümunəsidir. Həqiqətən iqtisadi-siyasi və hərbi-texniki baxımdan iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hesab edirəm ki, bundan sonra da bu əməkdaşlıq davam edəcək. Rusiya ilə Azərbaycanın Xəzər dənizinin yekun statusu ilə bağlı Konvensiyanı imzalaması, “Şimal-Cənub” nəqliyyat dəhlizinin təsis edilməsi bu əlaqələrin inkişafına töhfə verir. Rusiya XİN sözçüsünün bu açıqlaması o deməkdir ki, Cənubi Qafqazda Azərbaycan Rusiyanın əsas siyasi-iqtisadi tərəfdaşıdır. Eyni zamanda, Moskva bu əməkdaşlıqda maraqlı görünür. Qeyd edim ki, Rusiya hazırda çalışır ki, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirsin. Bu gün Moskvanın geosiyasətində Azərbaycan pioritet ölkədir. Ona görə də Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqı və KTMT-də görmək istəyir. Bu istiqamətdə danışıqlara cəhd edir. Təbii ki, iki ölkə arasında uğurlu əməkdaşlıqda Rusiya maraqlıdırsa, o zaman Kreml Ermənistana təzyiqlər edib Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Bu kimi məsələlərə baxmayaraq, Moskva-Bakı əməkdaşlığı yeni ildən yeni inkişaf mərhələsinə keçəcək”.
Vidadi ORDAHALLI