Əhəd Məmmədli: “Dağlıq Qarabağ münaqişəsinin həllinin düsturu bəllidir və bunu Rusiyadan yaxşı bilən yoxdur”
Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova son açıqlamalarından birində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. O deyib ki, Qarabağ nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər”.
Qeyd edək ki, Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola biləcək kreativ ideyaların tapılması səyləri barədə bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ardınca danışmışdı.
Zaxarovanın sözlərinə görə, hazırda ekspertlər Qarabağ nizamlanmasına dair kreativ ideyalar işləyib hazırlayırlar. “Məsələ bax belədir, gələcək barədə danışsaq, həmin ideyalar işlənib hazırlanmalıdır və onlar kreativ olmalıdır. Məhz bu cür işlənib hazırlanmış kreativ ideyalar dəstəklənəcək”.
Rusiyanın münaqişənin həlli ilə bağlı siyasi leksikona yeni daxil etdiyi və ciddi ümidlər bəslədiyi “kreativ ideyalar” özündə nələri ehtiva edə bilər?
Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki, indiyə qədər danışıqlar masası üzərində "Madrid prinsipləri" adlanan sənəd yer alırdı: “Həmin sənəd üzərində uzun müddət danışıqlar getsə də, prinsiplərin hamısını razılaşdırmaq mümkün olmadı. Nəticədə həmin sənəd münaqişənin həlli baxımından özünü doğrultmamış hesab edildi və tərəflər, faktiki olaraq, bu prinsiplər üzrə danışıqları dayandırdılar. Bilirsiniz, illərdir bu kreativ sözü Azərbaycan və Rusiya siyasi istibleşmentində yaman dəbdədir. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov da Qarabağ münaqişəsinin həlli üçün kreativ təkliflərə ehtiyac olduğunu söyləyib. Məmmədyarovun ardınca rus həmkarı Sergey Lavrov da kreativ ideyaların vacibliyindən danışıb. İndi də Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da kreativ ideyalar arxasınca düşüb. Məndə şəxsən Qarabağ məsələsinə bu cür yanaşma qıcıq doğurur. Bilirsiniz, Azərbaycanın probleminə qeyri-ciddi yanaşmadır. Diplomatiyada hansı kreativlikdən söhbət gedə bilər? Özü də söhbət çox mürəkkəb konfliktin həllindən gedirsə, burada kreativlik yox, konkretlik olmalıdır”.
Əhəd Məmmədli hesab edir ki, ruslar gedib kreativliyi Donbas münaqişəsinin həllində sınaqdan keçirsələr yaxşı olar: “Lavrovla, Zaxarova Ermənistanın dostlarıdırlar. Lavrov Rusiyada Ermənistanın ən böyük lobbistidir. Onlardan Azərbaycana xeyirli təklif gəlməz. Kreativ fikirlər deyəndə nəyi nəzərdə tuturlar? Həftənin tək günləri Qarabağ Azərbaycanın nəzarətinə, cüt günləri də Ermənistanın nəzarətinə veriləcək? Və yaxud əksinə? Azərbaycan xalqının faciəsi olan Qarabağ münaqişəsinin həlli yolları haqqında absurd fikirlərin səslənməsi çox təəssüfedici haldır. Azərbaycan Rusiyanı məcbur etməlidir ki, diplomatları Qarabağ haqqında ya danışmasınlar, ya da danışanda konkretlik ifadə etsinlər. Rusiyanın xarici siyasətinin təmsilçisi olmaq heç də o demək deyil ki, özündən kiçik olan ölkələrə aid problemlərə “kreativ” yanaşıb, onların heysiyyəti ilə oynayasan. Dağlıq Qarabağ münaqişəsinin həllinin düsturu bəllidir və bunu Rusiyadan yaxşı bilən yoxdur. Yaxşı olar ki, Rusiya daha optimal təkliflər irəli sürsün”.
Məhəmmədəli QƏRİBLİ