Fikrət Sadıqov: “Paşinyan ya ABŞ-ın yanında olduğuna, ya da onları tənqid edib, Rusiya ilə dostlaşdığına dair mövqe ortaya qoymalıdır”
Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin Ermənistanı ABŞ-a ciddi reaksiya verməyə çağırıb. Q.Karasin ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun sentyabr ayında İrəvana səfəri zamanı verdiyi bəyanatları xatırladaraq Vaşinqtonun Ermənistanın işlərinə “abırsızcasına qarışdığını” deyib. Yüksək vəzifəli rusiyalı diplomat bildirib ki, Ermənistan rəhbərliyi özündə cəsarət, mərdlik tapıb ABŞ-ın şantaj və təzyiqlərinə qarşı çıxmalıdır.
Nikol Paşinyan Q.Karasinin verdiyi sensasion bəyanatı şərh edib. O, Rusiyanın ABŞ tərəfindən İrəvana hansı təzyiqlərin edildiyini nəzərdə tutduğunu anlamadığını deyib: “Düzünü desəm, məndə sual yarandı ki, hansı təzyiq və şantajdan söhbət gedir? Mən rusiyalı həmkarlarımdan öyrənməyə çalışacam ki, bu informasiya nəyə əsaslanır? Ermənistan müstəqil siyasət aparır və belə də davam edəcək”.
Politoloq Fikrət Sadıqov “Bakı-Xəbər”ə bildirdi ki, Q.Karasin, hər halda, nə danışdığının fərqindədir: “O, sıradan bir adam deyil. Böyük bir ölkədə XİN-in müavinidir. Onun Ermənistana bildirdiyi iradla bağlı Paşinyanın verdiyi cavabdan hiss edilir ki, Ermənistan ünvanlanan konkret ittihamdan yayınmağa çalışır. Ortada Karasinin dediyi kimi, şantaj da olmayıb. Sadəcə, ABŞ rəsmisi olan Bolton Ermənistana öz məsləhətini verib. Həmin məsləhəti də bağlı qapılar arxasında deyil, publik şəkildə səsləndirib. Ətrafında qalmaqal qopan fikir belə idi ki, ABŞ Ermənistanın hansısa ölkənin boyunduruğundan çıxmasını arzulayır. Bolton həmin fikrini ifadə edəndə Paşinyandan buna reaksiya gəlmədi. Karasinin açıqlamasından sonra, görünür, Paşinyan hər iki ittihamı birləşdirib bir cavab verib. Bolton xüsusilə də xarici siyasətdə Ermənistanın müstəqil siyasət yürütməsini, ABŞ və Qərblə əlaqələrdə çabalamaqdan xilas olmasını nəzərdə tuturdu. Paşinyan yumşaq formada bəyan edib ki, ölkəsi müstəqil siyasət yürüdür, amma biz də bilirik ki, bu belə deyil. Biz bilirik ki, Ermənistan indiyə kimi hansı dövlətin boyunduruğunda olub. Ermənistan tam müstəqil siyasət yürütməsi üçün böyük səylər ortaya qoymalıdır. Atılacaq həmin addımlar və müəyyən ediləcək yeni siyasi kurs Ermənistanı həm də yoxsul vəziyyətdən, blokadadan çıxara bilər. Ancaq biz bu əzmi Ermənistanda görmürük. Son vaxtlar Rusiya rəsmilərinin açıq formada Paşinyanla bir qədər sərt ritorika ilə danışması Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsindən xəbər verir və tərəflərin əsəblərinin tarıma çəkilməsini şərtləndirir. Proseslər bu məcrada davam edərsə, biz Rusiyadan Ermənistana yönələn daha sərt ismarıcların və konkret addımların atıldığının şahidi olacağıq. Hazırda Ermənistan iki tərəfin arasında sərgərdan qalıb. Karasinin açıqlamasından da aydın görünür ki, Rusiya Paşinyandan manevrlər deyil, konkret cavab gözləyir. Yəni Paşinyan ya ABŞ-ın yanında olduğuna, ya da onları tənqid edib, Rusiya ilə dostlaşdığına dair mövqe ortaya qoymalıdır”.
Məhəmmədəli QƏRİBLİ