Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Dəmirörən Xəbər Agentliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olaraq hazırlanmış “DHAPress” platformasının İstanbuldakı təqdimat mərasiminə qatılıb.
Dəmirörən Media Mərkəzində keçirilmiş tədbirdə çıxış edən MŞ sədri bir neçə ay əvvəl Bakıda layihənin imzalanma mərasimində iştirakını, daha sonra onun türk dünyasının mədəniyyət paytaxtı Şuşada beynəlxalq media nümayəndələrinin iştirakı ilə gerçəkləşmiş təqdimatını xatırladıb. O, Trend Agentliyinin və DHA-nın ölkələrimizdə aparıcı xəbər agentliklərindən olduğunu vurğuayıb. R.Məcid bu iki media orqanının birgə layihəsinin bütövlükdə türk dünyasında xəbərləşməni asanlaşdırmaqla yanaşı, dezinformasiya ilə mübarizədə, o cümlədən ortaq həqiqətlərimizin təbliğində faydalı nəticələr verəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, toplantıda Türkiyənin rəsmiləri ilə yanaşı, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, onu müşayiət edən nümayəndə heyəti, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, həmçinin Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.
Müxtəlif çıxışlarda təqdimatı gerçəkləşdirilən layihənin Azərbaycan-Türkiyə media əməkdaşlığı baxımından önəmi vurğulanıb, habelə qarşılıqlı yaradıcılıq mübadiləsinə töhfə perspektivi üzərində dayanılıb.