Avropa Şurası Parlament Assembleyasının Azərbaycanla bağlı növbəti qərəzli qətnaməsi qəbul olunub. Qeyd edilir ki, Azərbaycan Pegasus casus proqramından istifadə edərək Ermənistanın 12 sakininin telefonunu dinləyib.
Bildirilir ki, telefon dinləmələri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı həyata keçirilib: “Azərbaycanın bu proqramdan, o cümlədən müharibə zamanı istifadə etdiyinə dair təkzibolunmaz sübutlar var”.
AŞPA-nın məlum qətnaməsi ölkə ictimaiyyəti tərəfindən qınanılır. Bildirilir ki, bu qətnamə qərəzlidir.
“Azərbaycanın xarici ölkə vətəndaşlarının telefonlarını dinləməyə heç bir ehtiyacı yoxdur”
Millət vəkili Aydın Mirzəzadə "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, istənilən iddia mütləq faktlarla təsdiq olunmalıdır. Azərbaycanın xarici ölkə vətəndaşlarının telefonlarını dinləməyə heç bir ehtiyacı yoxdur: "Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirib, separatçı rejimə son qoyub. Orda yaşayan sakinlərə Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaq dəfələrlə təklif olunub. Hərbi əməliyyatlar getməsinə baxmayaraq mülki şəxslərə və obyektlərə hər hansı bir zərər verilməyib. O da bəllidir ki, antiterror əməliyyatından sonra orta həcmli bir ölkənin silahlı qüvvələrinə bəs edəcək qədər silah toplanılıb. Maraqlıdır. AŞPA nə səbəbdən bu kimi faktları görmək istəmir? Niyə separatçı rejimin müdafiəsinə qalxır? Olmayan bir iddianı Azərbaycanın üzərinə atmağa çalışır. AŞPA dünyanın bir regionunda gərginliyə son qoyulmasını görmək istəmir? Belə aydın olur ki, bu qurum Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsini görmək istəmir. Hesab edirəm ki, bu cür iddialar ermənilərin Azərbaycana qarşı torpaq iddiasını dəstəkləməkdən başqa bir şey deyil. Bu gün ölkəmizə qarşı hər hansı bir ciddi arqument tapa bilməyənlər yalana, böhtana əl atır. Ermənistana xas olan xüsusiyyətləri Azərbaycanın üzərinə atmağa çalışırlar. Azərbaycan öz suveren hüquqlarını qoruyur”.
Millət vəkili onu da əlavə etdi ki, qəbul etdikləri qətnamə anti-Azərbaycan məqsədi daşıyaraq ədalətə zidd, təşkilatın nüfuzuna xələl gətirən kağız parçası kimi qiymətləndirilməlidir. Avropa və onun strukturları anlamalıdırlar ki, belə şeylərlə Azərbaycanın iradəsinə və regiondakı proseslərə təsir edə bilməyəcəklər.
Günel CƏLİLOVA