Bu gün qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə ilk iclas keçirilib. Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah edilib.
Diqqətə çatdırılıb ki, Vaqif Xaçaturyanın hüquqlarının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçaturyan tərcüməçi ilə təmin olunub. Prosesdə dövlət ittihamçıları Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyevdir.
Zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, eləcə də zərərçəkən Bəhlul Hümbətovun hüquqi varisi Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər.
Çıxış edən dövlət ittihamçısı Müqəddəs Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakimlər məhkəmənin baxış iclasını oktyabrın 17-nə təyin ediblər.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Mətləb