Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai Televiziyaya açıqlamasında İrəvanın 3+3 formatına hazır olduğunu bildirib. Baş nazir əvvəl Azərbaycan və Ermənistan arasında görüşün Tehranda keçirilməsilə bağlı müzakirə aparıldığını, bu varianta razı olduqlarını deyib.
Paşinyan sözügedən format çərçivəsində görüşün Gürcüstanda keçirilməsi təklifinə isə konkret cavab verməyib.
Danışıqların İranda keçirilməsi nə dərəcədə real görünür? Bu, Bakı üçün məqbuldurmu?
Siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu danışıqların 3 + 3 formatında davam etdirilməsinə Ermənistanın razılıq verməsi müsbət haldır: “Bir az gec fikirləşirlər, çox tərəddüdləri var. Bu siyasi vurnuxma Paşinyanın da hakimiyyətinin zəifləməsinə təsir edir. Mən düşünürəm ki, bu qərar müsbət bir addım kimi qiymətləndirilə bilər. Danışıqların aparılma yerinə gəldikdə isə, Tehran bu hadisələrdə neytral olmadığını, qərəzli olduğunu açıq göstərdi, xüsusən də bu son hadisələrdə. Ona görə də “yağışdan çıxıb yağmura düşmək” lazım deyil. Biz digər müstəvilərdə, platformalarda da qərəzli münasibəti, ikili standartı görürük. Tehran üçün də keçərlidi bu vəziyyət. Ona görə də, Tehrandan heç cür söhbət gedə bilməz. Tehranansa, danışların Avropada, Brüsseldə aparılması daha məqbuldu. Amma düşünürəm ki, Gürcüstan platforması ən etibarlı platformadır. Gürcüstan əvvəla neytraldır, ikinci bir tərəfdən də bütün ölçülərinə, imkanlarına, resurslarına görə Azərbaycan və Ermənistana daha münasibdir, yaxındır. Həmçinin, Gürcüstan başqaları kimi öz maraqlarına, çıxarlarına yox, daha çox bölgənin çıxarlarına xidmət edir. Ona görə də, mən danışıqların Gürcüstanda aparılmasını dəstəkləyirəm. Paşinyan da gec - tez bu mövqeyi dəstəkləyəcək. Tehran və digər platformalar qüsurludur, məqbul deyil. Ən doğru platforma Gürcüstandır. Gürcüstan Azərbaycana da, Ermənistana da normal münasibətdədir. Təbii ki, hiylə, məkr də yoxdur. Gürcüstan maraqlıdır ki, bu görüşdə anlaşma olsun və üçlük inkişaf etsin, Gürcüstan - Azərbaycan, Gürcüstan - Ermənistan münasibətləri də normal olsun. Baxmayaraq ki, Azərbaycanla Ermənistan münasibətlərinin nizamlanması müəyyən qədər Gürcüstan üzərindən gedən kommunikasiyaların, alternativlərin meydana çıxmasına səbəb olur, hər halda söhbətin ortaq yoldan getməsini nəzərə almalıyıq. Gürcüstan üzərindən keçən yollar bu qədər böyük həcmli yükdaşıma üçün məqbul deyil. Yeni yoldan hardasa 30 - 36 milyon yük daşınacaq. Ermənistanın da burdan fayda götürmək, pay almaq imkanı var. Mən o qənatdəyəm ki, Gürcüstan Azərbaycan üçün daha düzgün, neytral müstəvidir. Yaxşı olar ki, Paşinyan bir az ağıllı olsun, tez düşünsün və bu platformanı dəstəkləsin”.
Çox maraqlıdır ki, Gürcüstan Ermənistanın onunla bağlı olan bu vurnuxmasına əsaslı cavab vermir. Hər halda, Gürcüstan Paşinyandan Tiflis formatına niyə etibar etmədiyi ilə bağlı ətraflı izahat tələb etməlidir.
Qeyd edək ki, Tiflis formatının məqbulluğunu ilk olaraq Prezident İlham Əliyev elə Gürcüstanın özündə dilə gətirib.
Məhəmmədəli QƏRİBLİ