Məlum olduğu kimi, lokal xarakterli antiterror tədbirlərindən sonra sentyabrın 20-də Qarabağ separatçıları ağ bayraq qaldırdılar. Daha sonra sentyabrın 28-də separatçı qurum özünü buraxdığını bəyan etdi.
Ancaq erməni mediası hələ də elə görüntü yaradır ki, guya nəyəsə ümid var. Üstəlik, utanmadan Şahramanyanı hələ də separatçıların “prezidenti” kimi təqdim edirlər. Bu arada separatçı qurumun adından məlumat yayıblar ki, bu yaxınlarda bəzi KİV-də “Artsax Respublikası”nın “prezidenti” Samvel Şahramanyanın İrəvanda keçirilən geniş müşavirədə ermənilərin “Artsaxdan” çıxması ilə bağlı prosesə siyasi qiymət verməsi barədə yayılan məlumatlar doğru deyil: “Görüşün əsas məqsədi “məcburi köçkünlər”in sosial problemlərinin həlli istiqamətində səyləri cəmləşdirmək, əsas məqsəd onların ilkin məişət ehtiyaclarını təmin etmək və tələbələrin operativ şəkildə təhsil müəssisələrinə cəlb edilməsidir”.
Maraqlıdır, Şahramanyan Qarabağdan ermənilərin çıxmasına siyasi qiymət verməkdən niyə imtina edib? Niyə hələ də Şahramanyan “Arsax prezidenti” kimi təqdim edilir? Axı separatçı qurum buraxılıb...
“Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa da, reallıqda bunun əksinə addımlar atırlar”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, bütün bunlar Ermənistanın növbəti oyunlarıdır: “Əslində bu bizim üçün təəccüblü deyil. O mənada ki, ermənilər haçan verdikləri sözü tutublar ki? Haçan atdıqları imzaya hörmət ediblər ki? Heç vaxt. Ona görə də onların həyasızlığı təəccüblü deyil. Sentyabrın 28-də qondarma rejim buraxılıb, amma utanmadan onun adından danışırlar. Siyasi qiymət ona görə verilmir ki, separatçıları yenidən toparlamaq istəyirlər. Sadəcə, vəziyyət onlar üçün əlverişli deyil deyə, bunu açıq bəyan etmirlər. Haçansa uyğun vəziyyət yaransa, onlar buna gedəcəklər. Bütün bunlar onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısa da, reallıqda bunun əksinə addımlar atırlar. Bu da ermənilərə xas olan xüsusiyyətdir. 1920-ci ildə Zəngəzur Rusiya tərəfindən Ermənistana peşkəş ediləndə bəyan edildi ki, ermənilər Qarabağa yönəlik ərazi iddiaları ilə çıxış etməyəcəklər. Ancaq bunun tam əksi oldu. Ermənilərin Qarabağa iddiaları daha da artdı. Üstəlik, qanunsuz olaraq Qarabağa Muxtar Vilayət statusu verildi. Ona görə də heç vaxt ermənilərə güvənmək, onlara etibar etmək olmaz. Şahramanyanla bağlı Ermənistanda məlum təqdimatlar da bundan irəli gəlir. Ancaq nə etsələr də bir daha Qarabağda separatçılıq fəaliyyətlərini davam etdirə bilməyəcəklər. Lakin erməni separatizminin belini qırsaq da, heç vaxt arxayın olmaq olmaz. Separatçıların əvvəlki kimi təqdim olunması ilə əlaqədar Ermənistana nota verilməlidir”.
Vidadi ORDAHALLI