Oktyabrın 8-dən 10-dək Ermənistan parlamentinin sədr müavini Hakob Arşakyanın başçılıq etdiyi nümayəndə heyəti Çexiya və Praqada işgüzar səfərdə olub.
Oktyabrın 9-da Akop Arşakyanın başçılıq etdiyi nümayəndə heyəti Çexiya parlamenti Senatının sədri Miloş Vistrçil tərəfindən qəbul edilib. A.Arşakyan sentyabrın 19-da Azərbaycanın Qarabağa “hərbi hücumu” nəticəsində yaranmış vəziyyəti təqdim edib. Ermənistan parlament sədri iddia edib ki, guya bu, Qarabağın erməni əhalisinin etnik təmizlənməsinə səbəb olub.
Çexiya Senatının sədri Miloş Vistrçil Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağa qarşı hərəkətlərini pisləyən qətnaməni alqışlayıb. Senatın sədri Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və ölkədə demokratiyanı dəstəklədiyini bildirib.
Maraqlıdır, Çexiyanın parlament sədri Ermənistanın ərazi bütövlüyü və süverenliyi deyəndə nəyi nəzərdə tutur? Məgər bu cəhətdən Ermənistana hansısa təhlükə var?
“Çexiya Senat sədri bu reallıqları görmək əvəzinə, ermənilərin əlində alət rolunda çıxış edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənovun fikrincə, Çexiya spikeri erməni yalanlarına alət olur: “20 sentyabrdan sonra yaranan yeni reallıq, Qarabağ ermənilərinin könüllü köç etməsi və bunun “etnik təmizləmə” kimi təqdim olunması baş tutmadı. BMT-nin xüsusi komissiyasının rəyi bunu rədd etdi. Eyni zamanda Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Komitəsi ermənilərin könüllü köçdüklərini bildirdilər. Baxmayaraq ki, erməni tərəfi bununla bağlı əvvəlki iddialardan əl çəkmir. Guya 120 min erməni Qarabağdan köçüb. Əlbəttə ki, bütün bunlar şişirdilmiş rəqəmlərdir. Rəqəmlərin şişirdilməsində məqsəd Qərbdən daha çox maliyyə vəsaiti qoparmaqdır. Çexiya Senat sədri ilə görüşdə erməni tərəfi onları inandırmağa çalışdı ki, guya Azərbaycan Ermənistan ərazisinin 150 kvadrat kilometrini işğal edib. Əfsuslar olsun ki, M.Vistrçil məlumatı dəqiqləşdirmədən qarşı tərəfin dediklərinə ortaq oldu. Çıxışlardan görünür ki, bəzi Avropa ölkələrinin rəhbərləri, parlament sədrləri ya coğrafiyanı, ya da siyasəti yaxşı bilmirlər. Bunlar anlamaq istəmir ki, “Dağlıq Qarabağ” deyə ərazi vahidi, “Qarabağ xalqı” ifadəsi yoxdur. Bunlar hamısı çoxdan tarix olub. Qarabağ iqtisadi rayonu var və oradakı erməni sakinlər könüllü olaraq oranı tərk edib. Azərbaycan tərəfindən onlara heç bir təzyiq olmadı. Əksinə, biz onlara dəstək olduq və qalmalarını istədik. Qarabağda qalanlar reinteqrasiya prosesinin tərkib hissəsinə çevriliblər. Onlar işlə təmin olunur. Erməni sakinlərə sosial qayğı göstərilir. Əfsuslar olsun ki, Çexiya Senat sədri bu reallıqları görmək əvəzinə, ermənilərin əlində alət rolunda çıxış edir. Ermənistanın ərazi bütövlüyü pozulsaydı, bununla bağlı ortada fakt olardı. Bütün dünya üstümüzə gələrdi. O baxımdan yaxşı olardı ki, Çexiyanın Senat sədri bunların bir fərqinə varsın. Erməni yalanlarına ortaq olmaqdansa, reallıqlara söykənmək daha məqsədəuyğun olardı”.
Vidadi ORDAHALLI