"Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, miqyasca Qafqaz bölgəsini də aşan öz cinayətkar əməlləri ilə bütünlüklə dünyaya təhdid yaradırdı". Bu barədə Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
"Tam əminliklə demək olar ki, Azərbaycan Qarabağdakı cinayətkar rejimi məhv etməklə qlobal təhlükəsizlik sisteminə çox mühüm töhfə verib", - o bildirib.
R.Usubov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktını imzalaması və bu ilin 20 sentyabrında antiterror tədbirlərinin uğurla başa çatması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi təhlükəsizlik strategiyası başlıca hədəfinə çatdı və mühüm mərhələsini yekunlaşdırdı.
“Mübaliğəsiz olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin hərbi təhlükəsizlik strategiyası böyük uğurla başlıca hədəfinə çatdı və nəticəni bütün dünya gördü”
Bu məsələ ətrafında millət vəkili Aydın Mirzəzadə ilə həmsöhbət olduq.
- Aydın müəllim, Qarabağdakı separatçı xunta yalnız Azərbaycan və region üçün deyil, bütün dünyaya təhdud idi. Lokal antiterror tədbirləri nəticəsində artıq o təhdid aradan qaldırıldı. Bunu necə qiymətləndirmək olar?
- O, Azərbaycan xalqının tarixi qələbəsidir. Azərbaycan xalqının üzərindəki 200 illik ağır, qara yükün götürülməsidir, Azərbaycanın müstəqilliyinin təntənəsidir. Ümummilli liderin fəaliyyətinin böyük rolu var. Vaxtilə onun, sonra da cənab Prezidentin düşünülmüş, milli maraqlarımıza cavab verən siyasəti Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan ərazisində süni surətdə ikinci erməni dövlətinin yaradılmasının qarşısını aldı. Bu gün Azərbaycan öz ərazisinə özü nəzarət edir. Dünyaya özünün gücünü göstərə bildi. Bu tarixi qələbədir, tarixi qələbənin qazanılması uğrunda vətəndaşlarımız şəhid oldu, Allah onlara rəhmət eləsin, yaralılarımız oldu, minlərlə gəncimiz ölümü gözünün qarşısına alıb döyüşə atıldı. Biz tarixin çox əhəmiyyətli bir dövründə yaşayırıq. Hesab edirəm ki, Azərbaycanın bundan sonrakı inkişafı artıq yeni reallığa söykənərək daha güclü, daha qətiyyətli olacaq.
Azərbaycan dünyanı bütün bəşəriyyət üçün təhdidə çevrilən erməni xuntasından xilas etdi. Azərbaycan separatçılığın qarşısını almaqla dünyaya bir nümunə göstərdi. Separatçılıq dünyanın müxtəlif yerlərində var. Amma Azərbaycan kimi qətiyyətlə, beynəlxalq hüquqa söykənərək, öz gücünə arxalanaraq hərəkət edən ölkələrin sayı barmaqla sayılacaq qədərdir. Azərbaycan xunta rejimini məhv etməklə sepratizmdən əziyyət çəkən ölkələrə nümunə göstərdi. Eyni zamanda erməni millətçilərinin çirkin niyyətlərinin qarşısını aldı. Dünya erməni millətçilərinin iç simasını, onların nəyə qadir olduğunu görə bildi. Bu gün onlar yenidən vəziyyəti gərginləşdirməyə çalışırlar. Amma artıq bunun sonu yoxdur. Azərbaycan bu hərəkəti ilə təkcə Azərbaycanda stabillik yaratmadı, regionda bir stabillik yaratdı, regionda gərginliyin bünövrəsini aradan götürdü, əməkdaşlıq, normal qonşuluq üçün şərait yaratdı. Erməni millətçiləri uzun müddət hazırlaşdıqları niyyətin bir xalqın qətiyyəti ilə ortadan götürüldüyünü özləri üçün müəyyən etdilər.
- Azərbaycan bu rejimi məhv etməklə qlobal təhlükəsizlik sisteminə böyük töhfə verdi. Bu da xüsusi dəyərləndirilməlidir. Bu məqama münasibətiniz?
- Əlbəttə, qlobal təhlükəsizlik hər bir regionda, ölkədə olan təhlükə mənbələrinin ümumi məcmusudur. Birinin həlli istər-istəməz o birilərinin də həllinə təsir edir. Bu bir nümunə ortaya qoyur, yeni düşüncə yaradır, dövlətlərə, siyasi dairələrə məsələyə yeni baxışla baxmaq üçün şərait yaradır. Dünya artıq Cənubi Qafqazdakı təhlükədən, gərginlikdən azad oldu. Cənubi Qafqaz isə dünyanın düyün nöqtələrindən biridir, Şərqlə Qərbin birləşməsidir, bu, Xəzər dənizinin imkanlarıdır, bu logistik layihələrin regiondan keçməsidir. Cənab Prezident bu günlərdə Gürcüstana səfəri zamanı regiondakı münasibətləri artıq normal vəziyyətə gətirmək üçün yeni təkliflər verdi. O artıq Ermənistanla danışıqların vasitəçilərsiz aparılmasının vaxtı çatdığını bir daha elan etdi. Dünya gördü ki, istənilən məsələni həll etmək olar. Bunun üçün beynəlxalq hüquq işləməlidir, bunun üçün dövlətlər öz güclərinə inanmalıdırlar, bunun üçün qətiyyətli lider olmalıdır, cəmiyyət yumruq kimi lider ətrafında toplaşmağı bacarmalıdır. Azərbaycan 1988-ci ildən indiyə qədər 35 il bu ağır problemlə yaşadı, amma əyilmədi, sınmadı, o problemin həlli üçün variantlar axtardı, cəmiyyəti yenidən formalaşdırdı. Dünya artıq bir problemdən qurtardı, digər problemləri isə artıq həm region dövlətləri, həm beynəlxalq təşkilatlar həll etməlidir. Digər tərəfdən, ehtiyac olarsa, Azərbaycan da öz məsləhətlərini, töhfəsini verə bilər.
- 10 noyabr sənədi ilə və 20 sentyabr antiterroru ilə İlham Əliyevin hərbi təhlükəsizlik strategiyası əsas hədəfinə çatdı. Əlbəttə, Əliyevin bu hərbi təhlükəsizlik strategiyası da dünya üçün bir örnəkdir...
- 10 noyabr sənədinə qədər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında uzunmüddəli, çox gərgin diplomatik danışıqlar getmişdi. Ermənistan Azərbaycandan maksimum güzəştlər qoparmağa çalışırdı, Azərbaycan isə öz hüquqlarını qətiyyətlə qoruya bildi və həmin dövr üçün mümkün olan maksimumu toplaya bildi. Şübhəsiz ki, həmin dövr üçün o sənəd regionda yeni reallıq və atmosfer yarada bildi. Həmin gecə cənab Prezidentin “artıq status məsələsi yoxdur” bəyanatını verməsi dünya üçün yenilik oldu və Azərbaycan cəmiyyəti artıq yeni bir səhifə açıldığını gördü. Ötən üç il ərzində Azərbaycan onun hüquqlarını pozan hər hansı bir status məsələsini yaxın qoymadı. Eyni zamanda separatçı rejimə özünü buraxmağı və erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiya üçün dəfələrlə təkliflər verdi. Əvəzində isə biz ərazilərimizin minalanmasını, hərbi təxribatları, Ermənistanın Azərbaycan ərazisinə hərbi kontingent yerləşdirərək silah-sursat daşımasının şahidi olduq. Əlbəttə ki, buna nə vaxtsa əks cavab olmalı idi. 23 saat ərzində bu məsələni həll etdi. Sonradan onlardan yığılan silah-sursatlar əslində orta ölçülü bir bölgənin (ölkənin) silah anbarını xatırladır. Azərbaycan bu məsələni həll etməsəydi bu nə vaxtsa partlayaraq tək regionda deyil, bütün dünyada böyük bir problem yarada bilərdi. Mübaliğəsiz olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin hərbi təhlükəsizlik strategiyası böyük uğurla başlıca hədəfinə çatdı və nəticəni bütün dünya gördü.
İradə SARIYEVA