Ermənistan bizim torpaqları işğalda saxladığı dövrlərdə ərazilərimizdə çox böyük cinayətlər həyata keçirdi, separatçıların, erməni xuntasının Qarabağda qanundan kənar fəaliyyətinə rəvac verdi. Amma onların “hökmranlığı” uzun sürmədi. Əlbəttə, özgə atına minən tez düşər deyimi təsadüfi deyil.
Separatçı tör-töküntüsü də, Ermənistanın işğalçı silahlı qüvvələri də torpağımızdan getdilər. Amma təəssüf ki, onlardan ərazilərimizdə “zibil” qalaqları qaldı. Separatizmi “tərənnüm edən” “abidə”lərin bizim ərazilərimizdə qoyulması bu toplumun cinayətkar xislətindən irəli gəlir. Bundan utanmaq əvəzinə, qondarma ittihamlarla və haqsız tələblərlə Ermənistan beynəlxalq məhkəməyə üz tutub.
Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Məhkəməyə etdiyi müraciətdə yer alan absurd məsələdən biri də “Azərbaycan 1915-ci il Erməni Soyqırımına həsr olunmuş heç bir abidənin, Qarabağda mövcud olan hər hansı digər abidənin, erməni mədəniyyəti obyektinin və ya artefaktının görkəmini dəyişdirməməli və ya məhv etməməlidir" tələbidir.
Nə üçün Azərbaycan torpağında qondarma soyqırıma abidə qoyulmalı idi? Bizim ərazidə "soyqırım abidəsi" qoymaqla ermənilər özləri cinayət ediblər, bizi də bu cinayətlə barışmağa məcbur etmək istəyirlər. Yanılırlar, bizim torpaqlarda qondarma “soyqırım abidələri” qala bilməz. Ümumiyyətlə, separatçıların son 30-35 ildə torpaqlarımıza yamaq etdiyi “zibil” yığınlarının hamısı zibilliyə gömülməlidir. Onların burada heç bir tarixi irsi yoxdur, son 30 ildə yaratdıqları isə beynəlxalq hüquq normalarının və aidiyyəti konvensiyaların pozulmasıdır.
“Ermənilər hara üz tuturlar-tutsunlar, o “abidələrin” hamısı sökülməlidir”
Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, separatçılar keçən dövr ərzində Qarabağda özlərinə qondarma tarix düzəldiblər, sözdə 1915-ci il “soyqırımı abidəsi” qoyublar. Separatçı xuntanın bu əməllərinin bütün beynəlxalq konvensiyalara zidd olduğunu xatırladan F.İsmayılov qeyd etdi ki, Azərbaycan dövləti onların qondarma abidələr qoymaq, tarixi təhrif etmək, separatizmi yaymaq kimi cinayətləri ilə bağlı Beynəlxalq Məhkəməyə sənədlər təqdim edib onları ifşa etməlidir: “Hesab edirəm ki, Ermənistanın Beynəlxalq Məhkəməyə təqdim etdiyi saxta ittihamları Azərbaycan öz dəlil və sübutları ilə məhv edəcək. Ermənistan və separatçılar Azərbaycan torpaqlarında qondarma abidələr qoyublar. Bu isə yolverilməzdir. Məsələ burasındadır ki, ermənilər Xankəndinin içində qondarma “soyqırım abidəsi” qoyublar, bundan əlavə iki “erməni kilsəsi” tikiblər. Bir “erməni kilsəsi” də sovet dövründə tikilib. Qondarma “soyqırım abidə”sinin sağında və solunda yerləşən parkda azərbaycanlıara qarşı döyüşüb “qəhrəmanlıq” göstərən separatçıların “büstləri” qoyulub. İşğal dövründə Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Xocalı, Xocavənd və Ağdərə ərazilərində 20-yə yaxın erməni Qriqoryan kilsələri tikilib. Bütün bunlar isə beynəlxalq konvensiyaların tələbləri ilə ziddiyyət təşkil edir. Ona görə ki, Azərbaycan ərazisi işğalda saxlanıldığı dövrdə bu “abidələr” qoyulub. Onlar qanunsuz olaraq 2005-2006-cı illərdə qondarma “soyqırım abidəsi” qoyublar və separatizmi təbliğ ediblər. Separatçıların bizim ərazimizdə qondarma erməni “soyqırım”ına “abidə” qoyması bütün beynəlxalq qanunvericilik aktlarına ziddir. Beynəlxalq konvensiyalara zidd əməllərə görə də ermənilər cavab verməlidir”-deyə F.İsmayılov qeyd etdi.
Ermənilərin qondarma ittihamlarla bizim üstümüzə gəlməsinin müəyyən mənada günahkarının özümüz olduğunu deyən F.İsmayılov qeyd etdi ki, biz gərək zamanında bu faktlarla bağlı beynəlxalq məhkəmələrə üz tutaydıq. O hesab edir ki, o zaman QHT-lər, ictimai qurumlar, ictimai xadimlər beynəlxalq məhkəmələrə müraciət etməli idi.
Onun sözlərinə görə, bu gün ermənilərin xaricdə havadarları çoxdur və onlar həmişə erməni saxtakarlığına havadarlıq edirlər. “Separatçıların bizim ərazilərimizdə qoyduqları “abidələr” bu torpaqların üstündəki qara ləkədir. Onların “Tatik və Papik” “abidəsi” bizim mədəniyyətlə uzlaşmır, bizə yaddır. Onları saxlamaq olmaz. Ermənilər hara üz tuturlar-tutsunlar, o “abidələrin” hamısı sökülməlidir” - deyə F.İsmayılov qeyd etdi.
İradə SARIYEVA