Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək. Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəri ilə bağlı açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətinin bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.
Bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub.
İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının sədri kimi oktyabrın 6-da Azərbaycana səfər edən yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib ki, Azərbaycanla İranın sərhəddəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanacaq.
Bu arada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Qeyd edək ki, bir müddət əvvəl baş prokuror Kamran Əliyevin də iranlı həmkarı ilə görüşü keçirilmişdi.
Bütün bunlar onu deməyə əsas verirmi ki, səfirlik terrorundan sonra
İran-Azərbaycan münadibətlərində yenidən yumşalma var?
Politoloq Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, İran-Azərbaycan münasibətlərində ötən illə müqayisədə bir sıra dəyişikliklər var: “Diplomatik danışıqlar əlbəttə ki, çox vacibdir. Azərbaycan tərəfi hər zaman qeyd edib ki, Azərbaycan İrana qarşı heç bir qərəzli siyasət yürütmür. Amma bununla belə, İran da Ermənistana dəstək verməkdən əl çəkməlidir. İranın Ermənistanın qayğısına qalmaqla bağlı bəyanatları Azərbaycanda həssaslıqla qarşılanır. Biz iki qonşu ölkəyik. Aramızda gərginliyin uzun surməsi heç kimə sərf etməyəcək. Hələlik danışıqlar gedir, tam yumşalmadan söhbət gedə bilməz.
Azərbaycanın Ermənistanla sülh sazişini imzalamağa çalışdığı bir məqamda İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Bəyanat verir ki, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. İranın belə bir mövqedən çıxış etməyə haqqı yoxdur. Çox güman ki, Azərbaycanın İran qarşındakı şərtləri həllini tapacaq. Çünki səfirliyimizə hücum edən şəxsin qanuni şəkildə cəzalanması lazımdır. Bununla bağlı Azərbaycan İrandan müsbət addımlar gözləyir. Bakı ilə Tehran arasında kommunikasiya və iqtisadiyyatla bağlı danışıqlar uğurla gedir. Ümid edək ki, bundan sonra İran tərəfindən indiyə kimi səslənən absurd fikirlərin və hədələrin olacağını görməyəcəyik. Əks təqdirdə, münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz”.
Məlum olduğu kimi, səfirliyimizə hücum ölkələrarası diplomatik münasibətləri minimuma endirib. Lakin son vaxtlar İran hakimiyyətindən Azərbaycana münasibətdə yumşalma müşahidə edirik. Təbii ki, regionda sülh və əməkdaşlıq mühiti formalaşmalıdır. Ziddiyyətlər və mübahisələr heç bir tərəfə fayda gətirmir. Ona görə də İran dövlətinin siyasətindəki səhvlərində düzəlişlər edərək, Ermənistana dəstək siyasətindən əl çəkəcəyinə və Azərbaycanla münasibətlərin yenidən inkişaf etdirilməsinə töhfə verəcəyinə ümid edirik.
Məhəmmədəli QƏRİBLİ