Fransa prezidentinin, XİN başçısının və Fransa parlamentinin Azərbaycanla bağlı qərəzli bəyanatları fonunda, nə qədər qəribə görünsə də, bəzən bu ölkədə həqiqəti deyənlər də ortaya çıxır.
Hazırda RFI-nin - Radio Frans İnternational-ın rus bölməsinin rəhbəri, buna qədər "Sərhədsiz Reportyorlar" təşkilatında Şərqi Avropa və MDB ölkələri bölməsinə rəhbərlik edən Elza Vidal Fransa televiziyasında erməni yalanlarını, Fransa hakimiyyətinin qərəzli mövqeyimi ifşa edib: “Ərazi butövlüyünü pozan ölkə Ermənistandır, çünki birinci müharibə dövründə Ermənistan sadəcə Qarabağı deyil, eyni zamanda ətrafdakı 7 rayonu da ələ keçirmişdi. Azərbaycanlılar torpaqlarından qovulmuşdu. O halda soyqırım haqqında danışanda ehtiyatlı olaq. Həmçinin, qanunsuz işğal, müharibələr, şiddətli təcavüz hadisələrində Ermənistanın da payı var. Əgər paralel aparsaq, ərazi butövlüyü üçün mübarizə apardığımız Ukraynadakı eyni prinsipi BMT Azərbaycan üçün tətbiq edib. BMT-nin Azərbaycanın xeyrinə 4 qətnaməsi var, çünki bu, onun ərazi butövlüyüdür. Ermənistanda bölgələr var idi ki, tamamilə azərbaycanlılardan ibarət olub. Azərbaycan da iddialar irəli sürə bilər”.
“Üçtərəfli sazişdən və bu prosesdən kənarda qalan Fransa Azərbaycanın böyük qələbəsini həzm edə bilmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər çalması və düşmən ölkəni diz çökdürməsi Ermənistanın əsas müttəfiqi Fransanı da ciddi narahat edib: “Ümumiyyətlə, Fransa 30 il ərzində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Bu ölkə ATƏT-in Minsk Qrupu həmsədri kimi fəaliyyətində illər boyu tərəfkeşliyi ilə seçilib. 10 noyabr 2020-ci ildə Qarabağ probleminin nizamlanması ilə bağlı imzalanan üçtərəfli sazişdən və bu prosesdən kənarda qalan Fransa Azərbaycanın böyük qələbəsini həzm edə bilmir. Yeni təzyiq mexanizmlərini işə salır. Hər vəchlə ATƏT-in Minsk Qrupunun saxlanmasına çalışan Fransa məkrli məqsədlərini həyata keçirməyə dirəniş göstərir. Avropanın demokratik dövləti sayılan Fransanın beynəlxalq hüquqa sığmayan, faktlara əsaslanmayan bəyanatları bir daha sübut edir ki, Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi. Çünki həmsədrlərin problemin ədalətli həlli məqsədi yox idi və onlar buna çalışmırdılar. Bu illər ərzində nəinki işğalçı ölkə, həmsədrlər də status-kvonun saxlanmasında maraqlı göründülər. Ona görə də biz Fransa dövlətindən başqa heç bir şey gözləmirik”.
Politoloq B.Quliyev onu da qeyd etdi ki, Elza Vidalın Fransanı ifşa etməsi təsadüfi deyil: “Ümumiyyətlə, "Sərhədsiz Reportyorlar" təşkilatının özünün strateji siyasəti hər zaman Azərbaycanı tənqid etmək və mikroskopla demokratiya axtarmaq olub. Bu təşkilatın özünün xislətində həmişə antiazərbaycançılıq olub. Bu amilləri də Elza Vidal çox gözəl dərk edir. Amma sevindirici haldır ki, Elza Vidal həmin sözügedən təşkilatda təmsil olunsa da, bu gün reallıqları etiraf etməyi özünə borc bilib. Hər bir insanın daxilində bir vicdan hissi də vardır. Heç kimdə şübhə yoxdur ki, "Sərhədsiz Reportyorlar" təşkilatının siyasəti antiazərbaycançılığa söykənib və bütün orda çalışan əməkdaşlar da bu siyasətin qərəzli olduğunu bilirlər. Əgər insan obyektivdirsə hər şeyi görür və hesab edirəm ki, Elza Vidalın da fikirləri obyektivliyə əsaslanıb. O, Azərbaycanın ərazi butövlüyünü pozan ölkənin Ermənistan olduğunu, eləcə də bununla bağlı BMT-nin Azərbaycanın xeyrinə 4 qətnamə çıxardığını dilə gətirib”.
Vidadi ORDAHALLI