Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək. Bu barədə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan bildirib.
O, bu haqda MDB İcraiyyə Komitəsinə yazılı şəkildə məlumat verildiyini deyib. MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçirilməsi nəzərdə tutulan iclasında Ermənistan xarici işlər nazirinin müavini iştirak edəcək.
Halbuki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində Qırğızıstan paytaxtında tədbir çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsinə ümid etdiyini bildirib. Ancaq gözləntilərin əksinə olaraq, bu baş vermədi.
Bütün bunlar o qənaətə gəlməyə əsas verirmi ki, İrəvan Rusiyanın basqıları qarşısında geri çəkilmək fikrində deyil?
“Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Kremlin təzyiqlərinə müqavimət göstərməkdə qərarlıdır”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, Mirzoyanın MDB görüşündən imtina edəcəyi təxmin edilirdi: “Məsələ ondadır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin yoluna qoyulması ilə bağlı 3 vasitəçi tərəf var - Avropa İttifaqı, Rusiya və ABŞ. 44 günlük Vətən müharibəsindən sonra 3 il ərzində tərəflərin vasitəçiliyi ilə bir neçə görüş keçirilib. Tərəflər arasında rəqabət var. Yəni ABŞ, prinsipcə, Avroittifaqın vasitəçiliyini dəstəkləyir. Ancaq istəmir ki, Rusiyanın vasitəçiliyi ilə sülh sazişi imzalansın. O cümlədən, Rusiya istəmir ki, Aİ və yaxud da ABŞ-ın vasitəçiliyi ilə razılaşma əldə olunsun. Bu rəqabət həm də geosiyasi savaşın bir təzahürüdür. Çünki kollektiv Qərbin məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Prezident İlham Əliyevin Qranada görüşündən məlum səbəblərdən imtina etməsi Avroittifaqı ciddi narahat etməyə başladı. Təsadüfi deyil ki, görüşdən dərhal sonra Almaniya kansleri Olaf Şolts Əliyevlə telefonla danışdı. Daha sonra Avropa İttifaqı Şurasının prezideti Şarl Mişel əlaqə saxladı. O da bəlli oldu ki, Avroittufaq oktyabrın sonunda Brüsseldə iki ölkənin dövlət başçılarının görüşünü təşkil edəcək. Rusiya istəyirdi ki, Bişkekdə Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməklə hansısa sənəd hazırlansın və təşəbbüsü ələ alsın. Ancaq Rusiya-Ermənistan münasibətlərinin gərgin olması fonunda bu mümkün görünmürdü. Üstəlik, Paşinyan hakimiyyəti son vaxtlar davamlı olaraq anti-Rusiya siyasəti yeridir. Tərəflər bir-birinin ünvanına sərt fikirlər səsləndirirlər. Ən nəhayət, İrəvan Qırğızıstanda keçirilən KTMT təlimlərində iştirakdan imtina etdi. Ermənistan müdafiə naziri MDB müdafiə nazirlərinin toplantısına qatılmadı. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Kremlin təzyiqlərinə müqavimət göstərməkdə qərarlıdır. Mirzoyanın görüşdən imtinası bilavasitə Rusiyaya qarşı növbəti demarş idi. Faktiki olaraq, Ermənistan Rusiyanın təşəbbüslərini bu və ya digər formada boykot edir. İstisna etmirəm ki, bu siyasət davam edəcək”.
Vidadi ORDAHALLI