Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə müzakirələr zamanı müəyyən ediləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib:
“Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə müzakirələrdə yerdəki vəziyyətdən asılı olaraq müəyyən ediləcək”.
Maraqlıdır, bu məsələdə Ermənistan necə kənarda saxlanıla bilər? Axı, 10 noyabr sənədində Ermənistanın da imzası var və sülhməramlıların missiyasını bu sənəd müəyyən edir. Ola bilərmi ki, sülhmıramlılarla bağlı Ermənistanı kənarda saxlaya biləcək yeni sənəd imzalansın?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2020 -ci ildə imzalanan üçtərəfli bəyanatda Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürmüşdü: “Onlardan da bəzilərini icra etmədi. Həmin öhdəliklərdən biri Ermənistan qoşunlarının tam olaraq Qarabağdan çıxarılması ilə bağlı idi. Digəri isə Naxçıvanı birləşdirən yol infrastrukturunun açılması ilə bağlı olub. Azərbaycan bəyanatın 4-cü bəndinin yerinə yetirilmədiyini əsas götürərək, 2023-cü ilin 19 sentyabrında lokal antiterror tədbirləri həyata keçirdi. Bununla da Bəyanatın əsas tələblərindən birini Azərbaycanın özü təmin etmiş oldu. Buna görə də, Ermənistanın Bəyanatla bağlı heç bir səlahiyyəti qalmır. Ermənistan öz ordusunu deyilən zamanda çıxarsaydı, erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmini adı ilə sülhməramlılarla bağlı razılıqda söz sahiblərindən birinə çevrilərdi. Hazırda vəziyyət tam dəyişib. Qarabağda çox az sayda erməni qalıb. Ərazi də bizimdirsə, Ermənistanın mövqeyinə nə ehtiyac duyulur? Artıq nəzarət tam bizim əlimizə keçibsə, orada yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı məsələni də bizim özümüz sülhməramlılarla həll edəcəyik. Lokal antiterror tədbirlərindən sonrakı prosesdə də sülhməramlılarla koordinasiyalı fəaliyyət sərgiləndi. Bundan sonra sülhməramlıların taleyi Ermənistansız müəyyən olunacaq. Ermənistanla sülh sazişi imzalanandan sonra sülhməramlılara heç zərurət də qalmayacaq. Onlar bölgədə ən uzağı 2025-ci ilə kimi qala bilərlər. Bu, Bəyanatda öz əksini tapıbsa, yeni sənədə ehtiyac qalmır. Ermənistan özü-özünü prosesdən xaric edib”.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.
Kremlin sözçüsü Rusiya sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Hələlik kimsə bunu deyə bilməz. Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Bakı ilə təmaslarımızı davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir".
Məhəmmədəli QƏRİBLİ