“Avropa İttifaqı Rusiyaya yox, Ermənistana xəyanət etdi. Brüssel isə atəşkəsi asanlaşdırmaq və ya humanitar yardım göstərmək barədə düşünmədi”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarova daha sonra bunları qeyd edib: “Rusiya sülhməramlıları atəşkəsin əldə edilməsində vasitəçi kimi çıxış etdilər. Bunu Avropa İttifaqı da kənardan müşahidə etdi, hətta heç bir praktiki kömək barədə düşünmədi. Ölkəmizin nümayəndələri Qarabağa humanitar yardımın çatdırılmasını təşkil etdilər, Ermənistana gedən Qarabağ sakinlərini müşayiət etdilər. Aİ bütün bunlara susaraq, kənardan baxdı. Üstəlik, Ermənistan vətəndaşlarını qızışdırdı ki, guya Rusiya onlara xəyanət edib, əslində isə ermənilərə xəyanəti məhz onlar etdi. Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək deyil. Onlar üçün prioritet Brüsselin maraqlarına uyğun kəşfiyyatın monitorinqini aparmaq və provokasiya yaratmaqdır”.
Qeyd edək ki, oktyabrın 3-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib ki, Rusiya Ermənistana xəyanət edib: “Vəziyyət aydındır. Bunu kimsə görməyə bilməz - Rusiya erməni əhalisinə xəyanət edib”.
Maraqlıdır, kim kimi satdı? Doğrudanmı Ermənistana xəyanət olub?
“Azərbaycanın öz suverenliyini Qarabağda təmin etməsi nə vaxtdan xəyanət sayılır?”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, hər iki tərəfin ittihamı riyakar xarakterlidir: “Necə yəni, Ermənistana xəyanət olunub? Azərbaycanın öz suverenliyini Qarabağda təmin etməsi nə vaxtdan xəyanət sayılır? Həm Avropa İttifaqı, həm də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Belə olan halda bu ölkələrin belə çıxışlar etməsi tamamilə məntiqsizlikdir. Azərbaycan beynəlxalq hüququn tanıdığı prinsiplər əsasında öz ərazisində antiterror əməliyyatı keçirib, terrorçuları tərksilah edib, ərazilərimizdə suverenliyimizi bərpa edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin belə bir mövqedən çıxış etməsi qəbuledilməzdir. Rusiyanın erməni əhalisinə xəyanət etdiyini deyən Mişelin sözlərindən belə çıxır ki, gərək Rusiya Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarına imkan verməyəydi. Nə əsasla? Kim Rusiyaya belə bir ixtiyar verib? Rusiyanın Azərbaycanın öz ərazisində əməliyyat keçirib-keçirməməsinə müdaxilə etmək hüququ yoxdur. Rusiya sülhməramlıları ən yaxşı halda Qarabağda olan erməni əsilli mülki əhalinin təhlükəsizliyi üçün hansısa addımlar ata bilərdi. Azərbaycanın da hədəfində mülki əhali olmayıb. Ordumuzun məqsədi Qarabağdakı silahlı qrupları ləğv etmək olub. Bunu da uğurla həyata keçirmişik. Zaxarovanın ağrısı isə odur ki, gərək Avropa İttifaqı Praqada Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına imkan verməyəydi. Əslində, Zaxarova dolayı da olsa buna işarə edir. Reallıq isə odur ki, Ermənistan bu dövləti yoxdan yaradan Rusiyaya arxa çevirir. Hamıya yaxşı bəllidir ki, Rusiya uzun illər Ermənistanın ərazilərimizi işğal altında saxlamasına göz yumub”.
Vidadi ORDAHALLI