“Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq”. Bunu Xankəndidə həbs edilərək Bakıya gətirilən keçmiş separatçı rejimin sabiq "rəhbəri" Arayik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.
“Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”, - deyə vəkil əlavə edib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan saxlanılıb.
Bununla yanaşı Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.
Araik Arutyunyanın ifadələri çox şeyləri aydınlaşdıracaq. Vəkilin eyhamları diqqət çəkdi, o nələr danışa bilər?
“Çoxlu məsələlər açılacaq...”
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə şərhində “Separatçı hərəkatın rəhbərlərinin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbsi, birincisi, tarixi ədaləti bərpa etməkdir. İkinci, Azərbaycan dövlətinin gücünü göstərir. Üçüncü, bütün Azərbaycan xalqı o cinayətkarların Azərbaycanın qanunları qarşısında cavab verəcəyi günü səbrsizliklə gözləyirdi ki, o ədalət bərpa olundu. Separatçı və cinayətkar “liderlər” danışanda bütün sirlərin üzərindən pərdə götürüləcək. Çoxlu məsələlər aşkara çıxacaq. Azərbaycanın doğma Qarabağ ərazisində erməni separatçılarının və cinayətkarlarının törətdikləri bütün əməllər ortaya çıxacaq. Onların həyata keçirdiyi hərbi-siyasi əməliyyatlara hansı dövlətlərin dəstək verdiyi, hansı dövlətlərdən maliyyə aldıqları aydınlaşacaq, hansı dövlətlər bizim əraziyə terrorçular, muzdlu dəstələr göndəriblər, Azərbaycanın dövlətçiliyi və torpaq bütünlüyü əleyhinə aparılan bu təcavüz müharibəsinə dəstək veriblər, bunlar hamısı açılacaq. Ən maraqlısı, Araik Arutyunyanların, Ruben Vardanyanların, David İşxanyanların danışıqlarından elə məsələlər ortaya çıxacaq ki, çox dövlətlər və onların müvafiq qurumları peşman olacaq”-deyə bildirdi.
İkinci Qarabağ savaşı dövründə Azərbaycanın əleyhinə şər-böhtan kampaniyası aparıldığını xatırladan M.İsmayılov bildirdi ki, o vaxt bizə böhtan atırdılar, guya Azərbaycanın tərəfində “Suriyadan gətirilmiş muzdlular döyüşüb”.
Bunu erməni cəmiyyətinin, Ermənistanın, Rusiya və Fransanın körüklədiyini deyən M.İsmayılovun sözlərinə görə, amma indi həbs edilən separatçılar danışdıqca çox həqiqətlər üzə çıxacaq: “Elə həqiqətlər üzə çıxacaq ki, Fransa da, Rusiya da, ABŞ da, İran da, Ermənistan da bundan peşman olacaq. Çoxlu məsələlər açılacaq. Hansı əməliyyatları necə planlaşdırıblar, necə həyata keçiriblər, maliyyəni kimdən alıblar, hansı maliyyə institutu bu çirkli əməllərdə iştirak edib, avropalıların demokratiyadan, insan haqqlarından moizə oxuyub onlara necə dəstək verdiyi ortaya çıxacaq. Azərbaycanın qələbəsinin əsl hüdudlarının, ölçüsünün və miqyasının nə qədər böyük olduğunu biz o separatçılar danışandan sonra daha çox dəyərləndirməyə başlayacağıq. Onda biz anlayacağıq ki, Azərbaycanın torpaqlarını qoparmaq istəyən hansı yırtıcı qüvvələr vardı ki, Azərbaycan prezidenti, Azərbaycan xalqı və onun müzəffər ordusu bu nəhəng qələbəni əldə etdi və onların bütün çirkin oyunlarının üstündən xətt çəkdi” - deyə M.İsmayılov qeyd etdi.
İradə SARIYEVA