İstismarçı və istilaçı Fransanın həyata keçirdiyi müstəmləkəçi siyasət və siyasi hakimiyyətdə olan qüvvələrin davranışları bütün dünyada ifşa olunub. Ekspertlərə görə, Fransanın müstəmləkəçi siyasəti hər zaman sülhə, əminamanlığa zərbə vurub, yeni müharibələrə, münaqişələrə səbəb olub.
Şübhəsiz ki, bu gün Afrikada Fransanın təhriki və birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevrilişlər dünyada izlənilir və bu ölkənin mahiyyətini bir daha göstərir. Təbii ki, Fransanın mənfur siyasəti Afrika ilə məhdudlaşmır, Cənubi Qafqaza da uzanır. Ekspertlər hesab edirlər ki, Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar oilması Parisin maraqlarına cavab vermir.
Fransa hakimiyyəti həm də Afrikadakı geosiyasi itkilərini Cənubi Qafqazda kompensasiya etməyə cəhd edir. Fransanın 10-dan artıq Afrika ölkəsi ilə strateji səviyyədə olan münasibətləri Makron hakimiyyətə gəldikdən sonra diplomatik əlaqələrin dondurulmasına qədər pisləşib. Bunun da öz səbəbləri var. Ermənistana dayaq durmağı guya özünün “şərəf məsələsi” kimi təqdim edən Fransa hakimiyyəti həm də instinktiv özünü müdafiə hissi ilə hərəkət edir.
Fransanın Afrikada, Qafqazda xarici siyasət fiaskosunda şəxsən Makron nə qədər məsuliyyət daşıyır?
“Baş verənlərin hamısına görə Makron məsuliyyət daşıyır”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində “Fransanın bir əsrdən artıqdır Afrika ölkələrində apardığı müstəmləkəçilik siyasətini, nəhayət, Afrika xalqı etirazla qarşıladı və onlar bu ölkənin müstəmləkəçilik siyasətindən azad olmaq üçün addımlar atdılar. Bu gün Afrika ölkələri artıq Fransanın müstəmləkəsindən bir-bir azad olurlar, bu ölkənin təsir dairəsindən çıxırlar. Artıq vəziyyət məlumdur. Baş verənlərin hamısına görə Makron məsuliyyət daşıyır. Fransa prezidentinin səriştəsizliyi təkcə Afrika ölkələri ilə problem yaratmaqla bitmir, eyni zamanda ermənilərdən alət kimi istifadə edərək Cənubi Qafqazda apardığı uğursuz siyasət də Fransanı məzlum günə qoyur. Bizim bölgədə müharibə ocağını alovlandırmaqdan əl çəkmək istəməyən Fransanın öz vassalı olan Ermənistanın vasitəsilə Cənubi Qafqaza daxil olması və Makronun burada Afrika siyasətini bərpa etmək cəhdləri də uğursuzluğa düçar olub. Onun bu cəhdləri uğursuz alınıb. Hesab edirəm ki, bundan sonra da uğursuzluq onlardan əl çəkməyəcək. Makron hökuməti Ermənistanı silahlandırıb müharibəyə həvəsləndirir, onu dəstəkləyən bəyanatlar verir, xarici işlər nazirini ora göndərir. Bütün bunlar isə boş və uğursuz addımlardır”-deyə bildirdi.
Ş.Ağayev əlavə etdi ki, Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri ilə Qarabağ İqtisadi zonasında suverenliyini tam bərpa etdi. “Bu da onu deməyə əsas verir ki, artıq Fransanın Cənubi Qafqazda qalmaq, burada öz yerini möhkəmləndirmək şansı yoxdur, onun Afrikada itirdiyi nüfuzunu burada bərpa etmək cəhdləri fiaskoya uğrayıb. Əlbəttə, bu da Makronun xarici siyasətdə buraxdığı növbəti səhvdir. Makron anlamalı idi ki, Cənubi Qafqazda ən nüfuzlu, güclü dövlət Azərbaycandır və Azərbaycan 44 günlük müharibədə işğalda olan torpaqlarını öz gücünə azad etdisə, BMT-nin dörd qətnaməsini özü həyata keçirdisə, 10 noyabr 2020-ci il bəyannaməsinin gerçəkəşməyən bəndlərini də özü reallaşdırmağa qadir idi və bunu da etdi. Makronun böyük səhvidir ki, Azərbaycan kimi güclü, stabil dövləti qoyub Ermənistana kömək etdi, onun müdafiəsi ilə məşğul oldu”.
Makron hökumətinin Ermənistana yönəlik dəstək bəyanatları, onu silahlandırmaq cəhdlərinin effektsiz olacağını deyən Ş.Ağayev bildirdi ki, təkcə Afrikada törətdiklərinə və Cənubi Qafqazdakı təxribatlarına görə deyil, eyni zamanda dünyanın qeyri-stabil olmasında da Makron və Almaniyanın kansleri Şolts məsuliyyət daşıyır.
İradə SARIYEVA