Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədən qaçan qanunsuz erməni silahlılarının bir hissəsinin Təbrizə aparıldığı bildirilir. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirildiyinə görə, 60 erməni silahlısı SEPAH-ın Təbriz ətrafında yerləşən Xasavan kəndi yaxınlığındakı “Əl-Zəhra” kazarmasına köçürülüb.
Burada SEPAH-ın onlara hərbi təlimlər keçəcəyi deyilir. Terrorçuların sayının min nəfərədək artırılacağı bildirilir.
Təlimlərin başa çatması və terrorçuların hazırlanmasından sonra SEPAH-ın onların Zəngəzur bölgəsinə yerləşdirilməsini planlaşdırdığı qeyd edilir.
İranlı ekspert Ehsan Movəheddian mətbuata açıqlamasında bildirib ki, İran Qarabağı tərk edən silahlıların Zəngəzurda yerləşdirilməsinə yardım etməlidir. Onun sözlərinə görə, həmin silahlılar Zəngəzurun “təhlükəsizliyini” təmin edə bilərlər.
“İranın özü də son zamanlar çalışır ki, Azərbaycanla diplomatik və digər münasibətləri bərpa etsin, bu səylər fonunda İranın belə bir addım atması tamamilə məntiqsiz olardı”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, regionda İranın mövqeyinin nədən ibarət olduğu bəllidir. SEPAH-ın hansı rol oynadığı da dünya ictimaiyyətinə aydındır: “Danılmaz faktdır ki, belə bir addımın atılması bölgədə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Yeni münaqişələrin yaranması mümkün ola bilər. İstənilən halda bölgədə sülh, əminamanlıq arzu etməyən, istəməyən dövlətlərin hər hansı bir addımı artıq Azərbaycan tərəfindən adekvat cavablandırılacaq. Bu addımlar ciddi ölçüdə ölkəmizə, onun suverenliyinə qarşı təhdid yarada bilməz.
Onu da nəzərə almaq lazımdır ki, İranın özü də son zamanlar çalışır Azərbaycanla diplomatik və digər münasibətləri bərpa etsin. Son baş verən hadisələr, görüşlər bunu deməyə əsas verir. Bu səylər fonunda İranın belə bir addım atması tamamilə məntiqsiz olardı”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan cəmiyyətinə çoxdan bəlli olan İranın real siması indi artıq bütün bölgə dövlətlərinə də aydındır.
Günel CƏLİLOVA