Azərbaycanın Qarabağ ermənilərinə göndərdiyi humanitar yardım əhaliyə paylanılmayıb. Bu barədə erməni bloger Roman Baqdasaryan teleqram kanalında paylaşımında bildirib. O qeyd edir ki, Azərbaycan haqlı idi: “Qarabağda anbarlar ərzaqla dolu olub. Qarabağın "məmurları” xalqı ac qoyublar.
Məsələn, Qırmızı Bazarda Arayik Arutyunyanın bir illik günəbaxan ehtiyatı olub”, - bloger öz telegram kanalında paylaşım edib.
Məlumat üçün bildirək ki, rəsmi Bakı Qarabağda yaşayan erməni əhalisi üçün bir neçə dəfə yardım göndərib.
Belə ki, 22 və 27 sentyabr tarixlərində Azərbaycan tərəfi erməni əsilli şəxslərə yardım göndərib. Ermənilərin özlərinin etirafından da bəlli olur ki, həmin yardım onlara verilməyib.
“Erməni blogerlərin özləri depolarda gizlədilən yardımları aşkar edir, artıq erməni əsilli sakinlərin özləri onların iç üzünü açıb ictimaiyyətə çatdırır”
Azad Vətən Partiyasının rəhbəri Akif Nağı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu kimi faktların sayı daha da artacaq: “Ermənilər Qarabağdan kütləvi şəkildə çıxmaqla tamaşa düzəltdilər. Guya onların həyatı üçün təhlükə var. Bəzi ölkələrdə erməni əsilli şəxslərə yardım etmək üçün növbəyə dayanıblar. O da məlumdur ki, Qarabağın özündə az sayda erməni əsilli sakin qalıb. Həmin şəxslərə də müxtəlif yerlərdən yardım gətirilir. Ancaq yardımlarla bağlı çox böyük eybəcərliklər müşahidə olunur. Bu da erməni xislətinə xas xüsusiyyətdir”.
Partiya sədrinin sözlərinə görə, Ermənistan hakimiyyəti Laçın sərhəd-buraxılış məntəqəsindən keçib gedənlərin sayının 100 min nəfərdən çox olduğunu deyir. Rəqəmlər bir neçə dəfə şişirdilib və bu şişirdilmədə təəccüblü bir şey yoxdur. Saxta say artımında ermənilərin məqsədi xaricdən yardımlar almaq və ayrılan pulları mənimsəməkdir.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilərin yardımların əhaliyə paylanılmaması etirafı onu göstərir ki, həmin yerdə aclıq yoxdur: “Deyildiyi kimi aclıq, fəlakət var idisə, vəziyyət başqa cür olardı. Ancaq faktlar göstərir ki, erməni erməniliyindən əl çəkmir. Erməni blogerlərin özləri depolarda gizlədilən yardımları aşkar edir. Artıq erməni əsilli sakinlərin özləri onların iç üzünü açıb ictimaiyyətə çatdırır”.
Günel CƏLİLOVA