“Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına mane olur”. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Dövlət Miqrasiya Xidməti erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalını istifadəyə verib. Portaldan hazırda Qarabağda yaşayan ermənilərlə yanaşı Ermənistana getmiş sakinlərin də istifadəsinə şərait yaradılıb.
Ancaq qonşu ölkənin bir sıra provayderləri Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına mane olmaq üçün öz tərəfində blokda saxlayırlar.
Beləliklə, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistanın provayderləri tərəfindən bağlanılıb. Ermənistan Qarabağ ermənilərinin reinteqrasiyasına mane olur. Adıçəkilən saytı blok etməsi onların niyyətini bəlli edir.
“Ermənistan reinteqrasiya prosesinə mane olmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır, müxtəlif təxribatlara əl atır”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, erməni tərəfi təkcə reinteqrasiyaya mane olmur, onlar həm də Qarabağ məsələsinin kökündən həll olmasına qarşı çıxır: “Ermənistanda revanşist qüvvələr var. Həmin qüvvələrin bir qismi hələ də hakimiyyət pillələrində qərar tutur. Onlar ermənilərin mənafelərini deyil, ancaq özlərini düşünür. Danılmaz faktdır ki, ermənilərin dərdi Qarabağdakı vətəndaşlar deyil. Onların istəyi Qarabağdakı ermənilərdən şəxsi məqsədləri üçün istifadə etməkdir. Bu məsələnin də tam şəkildə həll olunduğunu bildikləri üçün Qarabağdakı ermənilərdən istifadə edə bilməyəcəklərinin fərqindədirlər. Bu səbəbdən də ermənilər reinteqrasiya prosesinə mane olmağa cəhd göstərirlər. Reinteqrasiya ilə bağlı yaradılan reintegration.gov.az portalının bloklanması, adi insanların bu sayta girişinin nə səbəbdən qadağan olunması hər kəsə bəllidir”.
Həmsöhbətimiz hesab edir ki, Ermənistanın rəhbərliyində olan şəxslər sadə insanların Azərbaycana bağlanmasından ehtiyat edir. Onlar bilir ki, ermənilər həqiqəti gördükdən sonra Azərbaycana daha sıx bağlanacaq, Ermənistandakı revanşist qüvvələrə lənət oxuyacaqlar: “Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti istəyində qərarlıdır. Biz bu mərhələni də uğurla keçəcəyik”.
A.Həsrət bildirdi ki, reinteqrasiya prosesində etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir: “Bütün bunların qarşılığında Ermənistan reinteqrasiya prosesinə mane olmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır, müxtəlif təxribatlara əl atır. Bunun bariz nümunəsi kimi bu günlərdə ermənilər tərəfindən reinteqrasiya ilə bağlı açdığımız saytın bloklanmasını göstərmək olar”.
Günel CƏLİLOVA