Azərbaycana qarşı müxtəlif, özü də ən ağır cinayətlərə yol verən separatçıların liderləri bir-birinin ardınca ədalətə təslim edilir. Bu fonda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozaraq qanunsuz silahlı dəstələr saxlamış, ona başçılıq etmiş, terror və başqa cinayət əməlləri ilə məşğul olmuş şəxslərin tutulması, müvafiq məsuliyyətinə cəlb olunması prosesi davam edir.
Xatırladaq ki, Qarabağ separatçılarının lideri olmuş Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, eləcə də Ruben Vardanyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərləri tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Adları çəkilən bu şəxslər Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa cinayət əməlləri törədiblər. Bu şəxslər layiqli cəzalarını alacaqlar. Beləliklə, Azərbaycan ölkəmizə, xalqımıza qarşı cinayət törədənlərin cəzasız qalmayacağını praktiki olaraq göstərir. Burada qeyd etmək lazım gəlir ki, adıçəkilən cinayətkarlara qarşı Azərbaycanın qətiyyətli mövqeyi İsrail təcrübəsinin uğurla tətbiqini göstərir. Xatırladaq ki, yəhudi soyqırımına görə nasistlər sona qədər təqib edildi, cəzalandırıldı. Elə Azərbaycan da soydaşlarımıza qarşı soyqırım törədən şəxsləri bir-bir tutur, cəzalandırır. Bütün bu olanlardan sonra tezliklə Robert Köçəryan və Serj Sarkisyan kimi cinayətkarlar üçün “Eyxman əməliyyatı”nın keçirilə biləcəyi tamamilə gözləniləndir. Qeyd edək ki, İsrail xüsusi xidmət orqanlarının 1960-cı ilin mayında nasist müharibə cinayətkarı, iki milyona yaxın yəhudinin qətliamında ittiham edilən Adolf Eyxmanı Argentinada tutaraq İsrailə aparması tarixə “Eyxman əməliyyatı” kimi düşüb. Əməliyyat qeyri-rəsmi aparıldığından, Argentina İsraili onun suverenliyini kobud şəkildə pozmaqda günahlandırmışdı. İsrail isə əməliyyatın qanunsuzluğunu İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinin soyqırımının təşkilində birbaşa məsul olan Eyxmanın görünməmiş cinayətləri ilə əsaslandırıb. Qırx il sonra Argentina nasist cinayətkarlara sığınacaq verdiyi üçün Holokost qurbanlarından rəsmi olaraq üzr istəyib. Eyxman isə 1962-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ramla həbsxanasında asılaraq edam edildi.
Indi Azərbaycanda əli qana batan erməni cəlladlarını da layiqli cəza gözləyir. Azərbaycana qarşı dövlət cinayəti işləyən Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri Eyxmanın aqibətini yaddan çıxarmamalıdır. Onların layiqli cəzasına çatması üçün Azərbaycan müvafiq addımlar atır. Son hadisələr bir daha onu sübut etdi ki, heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərib, qarşıya qoyduğu hədəflərə çatmaqdan yayındırmağa nail ola bilməz. Bu fonda dünya da bilir ki, Köçəryan və digərlərinin əlləri həm Azərbaycan xalqının, həm də erməni xalqının qanına batıb. Belə cinayətkarlar üçün ümumiyyətlə milli məsələ önəmli deyil. Onlar hərbi cinayətkarlardır və o şəxslərin fəaliyyəti münaqişənin uzadılmasına, daha çox qan tökülməsinə yönəlib. Erməninin, ya azərbaycanlıların ölümünün onlar üçün fərqi yoxdur. Çox təhlükəli olan bu insanların üzərində beynəlxalq səviyyədə ədalət məhkəməsi qurmaq artıq Azərbaycanın əsas missiyalarından biridir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar üzərinə düşən işləri həyata keçirmir. Bu səbəbdən Sarkisyanın, Köçəryanın törətdikləri cinayətlər hələ də cəzasız qalır. Azərbaycan beynəlxalq təşkilatlardan oyunlara son qoyub hüququn aliliyinə riayət etmələrini istəyir. Vaxtında Köçəryan və digərləri cinayətlərinə görə cəzalandırılsaydı, xeyli sayda insan indi həyatda olardı. Unutmayaq ki, Köçəryan və Sarkisyan keçmiş Azərbaycan vətəndaşlarıdır. Onlar belə halda Azərbaycana ikiqat xəyanət ediblər. Bu səbəbdən cinayətlərinə görə cəzaları da qaçılmaz olacaq.
Tahir TAĞIYEV