Ermənistan-Rusiya münasibətləri gərginləşdikcə, Moskva yavaş-yavaş iqtisadi sanksiyaları işə salır. Ermənistandan gələn 60-a yaxın konyakla dolu yük maşını Rusiyaya buraxılmayıb və “Yuxarı Lars” keçid məntəqəsində saxlanılıb.
Maşınlara Ermənistandan Rusiyaya müxtəlif istehsalçılardan, o cümlədən Ararat və Noydan ixrac edilən konyaklar yüklənib. Onların arasında Qaqik Tsarukyana məxsus “Noy” konyak zavodunun və fransızlara məxsus “Vedi Alco” konyak zavodunun konyak partiyası da var.
Qadağa rəsmi olaraq onunla əsaslandırılır ki, konyak həqiqiliyini müəyyən etmək üçün ekspertizadan keçməlidir. O da məlum olur ki, Rusiya Ermənistandan süd məhsullarının da idaxalında məhdudiyyətləri yenidən nəzərdən keçirir. Elə bu ilin yanvarından başlayaraq bir ara bu məhsulların idxalı dayandırılmışdı.
“Bir müddət sonra Ermənistandan idxal olunan digər məhsullara da məhdudiyyət qoyulacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bütün bunlar iki ölkə arasında münasibətlərin kəskinləşməsinin göstəricisidir: “Ermənistanla Rusiya arasında faktiki olaraq siyasi böhran yaşanır. Bu da məhz indiki Ermənistan hakimiyyəti tərəfindən həyata keçirilir. Çünki Paşinyan hakimiyyətinin tutduğu kurs anti-Rusiya xətti üzrə inkişaf edir. Qərb faktiki olaraq Ermənistanda Rusiya əleyhinə cəbhə açıb. Belə bir vəziyyətdə Qərb birbaşa Paşinyanı dəstəkləyir. Ermənistan Parlamenti tərəfindən Roma Statutunun təsdiq edilməsi bardağı daşıran damla oldu. Bu, Paşinyanın Putinə yönəlik bir demarşı idi. Əlbəttə ki, bütün bunlardan sonra Ermənistana qarşı Rusiyanın cavab tədbirləri görəcəyi gözlənilən idi. Çünki Rusiyanın əlində bununla bağlı çoxsaylı rıçaqlar var. Ermənistandan konyak və süd məhsulları idxalında qadağaların tətbiq edilməsi bunun nəticəsidir. Bundan əvvəl Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini qaldırdı. Çox güman ki, qazın ixrac qiyməti yenidən artırılacaq. Hesab edirəm ki, bu hələ başlanğıcdır. Bir müddət sonra Ermənistandan idxal olunan digər məhsullara da məhdudiyyət qoyulacaq. Bu da öz növbəsində Ermənistan iqtisadiyyatına, sosial durumuna öz mənfi təsirini göstərəcək. O cümlədən, Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasına texniki xidmətin göstərilməsi məsələsində də Rusiya problem yaradacaq. Bütün bunlar, əlbəttə ki, Ermənistana təsirsiz ötüşməyəcək. Reallıq ondan ibarətdir ki, Rusiya ilə Ermənistan arasında iplər sürətlə qopur. Proseslər bu gedişlə davam edərsə, Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxması tezləşə bilər. İstənilən halda, Azərbaycan kəskinləşən Rusiya-Ermənistan münasibətlərindən öz mənafeyi naminə maksimum istifadə etməlidir”.
Vidadi ORDAHALLI