Görünən budur ki, Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir.
Ermənistana səfər edən Fransanın XİN başçısı Katrin Kolonna X platformasındakı hesabında Ağrı dağının şəklini paylaşıb. Səfər ərəfəsində Katrin Kolonna Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, Yerevana hərbi attaşşe təyin olunacağını, Sünikdə konsulluğun açılacağını bildirib.
44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin azad olunmasından sonra Fransanın regionda birmənalı erməniərəst siyasət yürütməsi, antiterror tədbirlərindən sonra Kolonnanın İrəvanda peyda olması maraqlı sual yaradır: Fransa bizim bölgədə nələr planlaşdırdırır və etmək istəyir?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, görünür Fransa hakimiyyəti həm də Afrikadakı geosiyasi itkilərini Cənubi Qafqazda kompensasiya etməyə cəhd edir: “Ermənistana dayaq durmağı güya özünün prioritet məsələsi kimi təqdim edən Fransa hakimiyyəti əslində Ermənistanı pis yola sürükləyir.
Fransanın bu addımlarına stəkanda fırtına qoparmaq istəyi də demək olar. Ancaq özləri də görür ki, cəhdləri puça çıxır. Hər vəchlə əllərinə keçəcək bir fakt axtarırlar ki, Azərbaycanı güya “etnik təmizləmə” etməkdə günahlandırsınlar. BMT-nin faktaraşdırıcı missiyası gəlib Qarabağda monitorinq etdi, ancaq bizə qarşı heç bir neqativ fakt tapa bilmədilər. İnsanlar öz istəyi ilə yaşayış yerini dəyişmək istəyir. Bu məsələdə heç bir qısnama, məcburetmə əməliyyatları olmayıb. Bütün kadrlar ortadadır ki, bir nəfərin də olsun burnu qanamayıb. Fransanın hazırda başlıca məqsədi budur ki, BMT xətti ilə Qarabağı tərk edən erməniləri öz yerlərinə qaytarsınlar. İstəyirlər ki, bütün bunları beynəlxalq müşahidəçilərin nəzarəti altında etsinlər. O sayda adamı geriyə qaytarmaq heç də asan məsələ deyil. Çünki Azərbaycana giriş etmək üçün onların pasportu olmalıdır. Onların isə belə pasportu yoxdur. Həm də həmin şəxslərin adları bizə qarşı cinayət əməllərinin törədilməsində keçməməmlidir. Eyni zamanda cəhd edirlər ki, Qarabağı tərk edən ermənilərə görə Azərbaycan hakimiyyətindən kompensasiya tələb etsinlər. Bu da yalnız beynəlxalq məhkəmə instansiyalarının verdiyi qərardan sonra mümkün ola bilər. Belə perspektiv isə çətin görünür”.
Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna İrəvanda Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla mətbuat konfransında deyib ki, Fransa Ermənistana hərbi texnika verməyə hazırdır:
"Fransa gələcəkdə Ermənistana özünü müdafiə etməkdən ötrü hərbi texnika verməyi nəzərdə tutan saziş imzalamağa razılaşıb. Aydındır ki, hazırda bu məsələ üzərində detallı dayana bilmərəm".
Fransanın xarici işlər naziri Paşinyanla görüşündə isə deyib ki, Paris İrəvana 12.5 milyon avro humanitar yardım ayırmağı planlaşdırır. Kolonna əmin edib ki, gərəkərsə, bu yardım davam edəcək.
Məhəmmədəli QƏRİBLİ