Ermənilər işğal dövründə bütün türk toponimlərini, oykonimlərini, hidronimlərini, onomastik vahidləri dəyişdirərək erməniləşdirib. Şəhərlərimizin, kənd və qəsəbələrimizin adlarını saxtalaşdırmaqla yanaşı, küçə və meydanların, prospektlərin də adlarını erməniləşdiriliblər.
Qarabağ torpaqları tam olaraq azad edildikdən və Azərbaycan dövləti öz torpaqları üzərində suverenliyini bərpa etdikdən sonra vaxtilə separatçıların saxtalaşdırdığı məsələlərin bərpasını həyata keçirir. Separatçıların bütün izləri hər yerdən silinir və köhnə adlar bərpa olunur, küçələrə, prospektlərə, meydanlara yeni adlar verilir. Artıq Xankəndidə küçələrə adlar verilməyə başlayıb.
Maraqlıdır, küçələrə Azərbaycan adları necə veriləcək? Burada əslən Xankəndidən olan erməni adları olacaqmı?
Məlumat üçün deyək ki, Xankəndi şəhərində küçə və prospekt adları yenilənib. “Xankəndi şəhəri” X səhifəsində məlumat paylaşıb və şəhərin xəritəsini yerləşdirib.
Xəritədə Azərbaycan, Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva, Həsən Əliyev, Şirin Mirzəyev, Polad Həşimov, 20 Yanvar, Maksim Qorki, Pənahəli Xan, Məhəmməd Əsədov, Həzi Aslanov, Hüseyn Cavid, İsmət Qayıbov, Əliyar Əliyev, Həsən Seyidbəyli, Özbəkistan, Xudu Məmmədov, Təbriz, Mirzə Ələkbər Sabir, Əlif Hacıyev, Əzizə Cəfərzadə, Mübariz İbrahimov, Taras Şevçenko, Puşkin, Gəray Əsədov, Cabbar Qaryağdı, Adil İsgəndərov, Tofiq İsmayılov kimi adlarla yanaşı, Ənvər Paşanın da adına küçə olacağı qeyd olunub.
“Xankəndi Azərbaycanın şəhəridir və burada küçələrin, prospektin adları da Azərbaycan hökumətinin, Milli Məclisin təklif etdiyi adlar olmalıdır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov bildirdi ki, ermənilər Qarabağda geniş saxtalaşdırma işləri aparıb və yaşayış yerlərinə, küçələrə, meydanlara, prospektlərə erməni terrorçularının adlarını verib. E.İsmayılov hesab edir ki, ermənilərin dəyişdirdiyi küçə və prospekt adları, eləcə də toponimlər, oykonimlər, hidronimlər bərpa edilir. “Bildiyiniz kimi, Xankəndidə küçə və prospektlərə verilən adlar artıq mətbuatda işıq üzü görüb. Küçə və prospektlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, dövlət və elm xadimlərinin, tanınmış ədiblərinin, şəhidlərimizin, qəhrəmanlarımızın adları ilə yanaşı Özbəkistan, Maksim Qorki, Puşkin, Taras Şevçenko adları da verilib. Bu, xəritədə əksini tapıb. Ermənilər Xankəndi şəhərində bütün Azərbaycan adlarını erməniləşdirmişdi. Bu olduqca mənfi tendensiya idi və artıq erməniləşdirilən adlar yenidən bərpa ediləcək. Təklif edərdim Xankəndinin köhnə tarixi məhəllələrinin bəzilərinin adları bərpa edilib saxlanılsın. Xankəndi şəhər olana qədər böyük Azərbaycan kəndi idi. Mən Xankəndi şəhərinin bəzi məhəllələlərinin tarixi adlarının bərpa edilib saxlanılmasının tərəfdarıyam. Xankəndi Azərbaycanın şəhəridir və burada küçələrin, prospektin adları da Azərbaycan hökumətinin, Milli Məclisin təklif etdiyi adlar olmalıdır. Xankəndi şəhərinin küçə və prosepektlərinin adlarının yenilənməsi bu istiqamətdə atılan böyük addımdır”.
E.İsmayılovun sözlərinə görə, bütün azad olunmuş ərazilərdə bu təşəbbüs davam etməlidir. Qəsəbə tipli kəndlərdə, rayon mərkəzlərdə o proses getməlidir deyən E.İsmayılov qeyd etdi ki, Azərbaycanın onomastik vahidlərinin qaytarılması istiqamətində iş görülməlidir. Şöbə müdirinin sözlərinə görə, ermənilər təkcə toponimləri deyil, küçə və prospektlərin adlarını deyil, həm də bulaqların, kanalların, çayların, dağların adlarını dəyişiblər, bütövlükdə mikrotoponimləri dəyişdirməyə cəhd ediblər. E.İsmayılovun fikrincə, onların hamısının adları bərpa edilməlidir. Bu tendensiyanın mikrotoponimlərə, hidronimlərə də aid edilməli olduğunu deyən E.İsmayılov bildirdi ki, biz bunların hamısına milli adlarını verməliyik. E.İsmayılov onu da qeyd etdi ki, Azərbaycan hökumətinin həyata keçirdiyi bu proses çox əhəmiyyətlidir.
İradə SARIYEVA