27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu.
Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. 4 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu.
Bu gün (4 oktyabr) Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 3 il ötür.
“Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizim möhtəşəm Zəfərimizi təşkil edən parlaq qələbə idi”
Cəbrayılın azad olunması ildönümü ilə bağlı fikir bildirən millət vəkili Kəmaləddin Qafarov qeyd etdi ki, Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin suveren ərazi bütövlüyü bərpa olundu: “Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizim möhtəşəm Zəfərimizi təşkil edən parlaq qələbə idi. II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri də məhz 4 oktyabr tarixidir. Dünyanın hərb taixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Bu parlaq qələbə hərbi əməliyyatların ilk günlərindən Azərbaycan əsgərinin qətiyyətini və gücünü bütün dünyaya göstərdi, işğalçı erməni ordusunu vahiməyə salaraq, onların döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurdu”.
Millət vəkili hesab edir ki, Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərib: “Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan da çox önəmli hadisə idi. Cəbrayılın azad edilməsi Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Həmin möhtəşəm tarixi gündən artıq üç il keçir. Üç ildir ki, Azərbaycan möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqımızı çıxardığı zəfər yolu ilə uğurla irəliləyir, qələbələrimiz davam edir”.
Günel CƏLİLOVA