Məlum olduğu kimi, 3 oktyabr tarixində Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılış mərasimi olub.
Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırmasına zərurət yarandığını vurğulayıb.
Beləliklə, MEDİA rəqəmsal xəbərlərin oxunaqlığını artıran yeni layihələrin üzərində çalışır. Maraqlıdır, rəqəmsal informasiyanın oxunmasının artırılması üçün nə kimi tədbirlər, işlər həyata keçirilməlidir?
“Xəbər axınında görüntünün effekti yüksək olmaya bilər, lakin əsas olan informasiyanın daha anlaşılan olmasıdır və ən əsas addımlardan biri rəqəmsal informasiyanın da daha qısa, lakonik olmasıdır”
Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, informasiyanın oxucuya çatdırılması məsələsi həmişə aktual problemlərdən olub. Müasir dövrdə əsas problem isə xəbər servisinin insanların həyat şəraitinə uyğunlaşdırılmasıdır. Hazırda insanlar daha çox qısa və görüntülü informasiyalara üstünlük verir, çünki həyatımız kifayət qədər sürətlidir və bu sürətin içində uzun məqalələri oxumaq, yaxud informasiyanı geniş şəkildə mənimsəmək imkanı azdır: “Buna görə dünyada qəbul edilmiş strategiyalardan biri daha qısa, lakonik təqdimat, uzun cümlələrdən imtina etməkdir. Bu həm yazılı, həm rəqəmsal informasiyalara aiddir. Rəqəmsal informasiyanın çatdırılmasında səs və görüntü önəmlidir. Bəzən sürətli xəbər axınında görüntünün effekti yüksək olmaya bilər, lakin əsas olan informasiyanın daha anlaşılan olmasıdır və ən əsas addımlardan biri rəqəmsal informasiyanın da daha qısa, lakonik olmasıdır. Çünki oxucu informasiyanı geniş məqalələrdən almaqda maraqlı olmadığı kimi, uzun görüntüləri də sevmir. Bu gün Tik-tokun, yaxud instagramın bu qədər popilyarlıq qazanmasının səbəblərindən biri də, fikrimcə, məhz yığcamlıq, lakoniklikdir”.
V.Həsənli hesab edir ki, dünyada olduğu kimi, Azərbaycanda da yeni media trendləri bu strategiyanı əsas götürüb öz izləyici kütləsini formalaşdırmağa çalışmalıdır.
Günel CƏLİLOVA