Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olması Avropa, eyni zamanda, beynəlxalq ictimaiyyət üçün heç bir zaman sual doğurmayıb. Bu barədə Britaniyanın məhşur “The Guardian“ qəzetində dərc edilmiş məqalədə qeyd olunub. Məqalədə Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsasın olmadığı vurğulanıb.
Nəşr bir daha qeyd edib ki, Qarabağın Azərbaycanın rəsmi şəkildə tanınan sərhədləri daxilində olması heç bir şübhə doğurmur: “Avropa və beynəlxalq ictimaiyyət bunu heç vaxt sorğulamayıb və Ukraynadakı müharibə suverenlik və ərazi bütövlüyünün beynəlxalq hüququn onurğa sütunu olmasının önəmini bir daha vurğuladı. Bu baxımdan, Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsas yoxdur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan prezidenti İlham Əliyev nə yerli ermənilərin bölgəni tərk etməsi, nə də onların başına silah tuşlanması əmrini verib. Bakı silahlarını yerə qoyan və müstəqillik uğrunda siyasi mübarizədən imtina edən bütün Qarabağ ermənilərinə vətəndaşlığın verilməsini təklif edib”. Bu arada Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycanın reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ölkə Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. Bu fonda hüquqi və idarəetmə, təhlükəsizlik, iqtisadi, sosial, mədəniyyət, təhsil və din sahəsi üzrə konkret reinteqrasiya planları açıqlanıb. Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olaraq nəzərdən keçirildiyini, onların Azərbaycanda həyatın bütün sahələrinə reinteqrasiya edilməsi, sözügedən bölgədə yaşamalarını davam etdirmələri üçün bütün şəraitin yaradıldığını, onların təhlükəsizliyinin və bütün hüquq və azadlıqlarının təmin edildiyini bildirir.
Xatırladaq ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər. İlkin məlumata əsasən, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Həmin 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bundan başqa, səyyar qəbul zamanı digər sakinlərlə hüquqi maarifləndirmə işi aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib. Həmçinin humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə aparılıb, onların ehtiyacları müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sosial-psixoloji maarifləndirmə işi aparılıb, əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər verilib. Bundan başqa, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün portal yaradılıb. Belə ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına müraciət edə bilərlər. Bununla yanaşı, ölkəmiz haqlı olaraq tələb edir ki, reinteqrasiya prosesini uğurla həyata keçirmək üçün revanşist və təhrikedici çağırışlara son qoyulmalı, Qarabağdakı qanunsuz və qondarma qurumlar ləğv edilməli, Azərbaycanın yurisdiksiyası çərçivəsində müvafiq dövlət institutları yaradılmalı, milli valyutamız - manat yeganə tədavül vasitəsi kimi dövriyyədə olmalıdır. Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərin siyahıyaalınması həyata keçirilməli və ölkə vətəndaşı kimi qalıb yaşamaq istəyənlərin tibbi, pensiya, məşğulluq, iş yerləri, təhsil və digər sahələrlə bağlı ehtiyacları qarşılanmalıdır. Digər tərəfdən, Azərbaycan dövləti humanizm göstərərək bəyan edib ki, Qarabağ erməniləri reinteqrasiya prosesində səmimi və ardıcıl olarlarsa, müharibə, insanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər istisna olmaqla, digər ermənilərin əfv olunması məsələsinə baxıla bilər.
Samirə SƏFƏROVA