Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb. Missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib.
Ağdamdan səfər edən missiya Xankəndi şəhərində olub, burada yerli əhali və müvafiq tərəflərlə görüş keçirilib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə yaxından tanış olunub. Şəhərin bəzi yerlərində onlar mülki ictimai infrastrukturda, o cümlədən xəstəxanalarda, məktəblərə və yaşayış binalarda, mədəni və dini strukturlarda heç bir ziyan qeydə almayıblar. Missiya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə sorğu edilən yerli əhalidən, nə də həmsöhbətlərdən heç bir müraciətə rast gəlməyib.
Görünən odur ki, Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Ancaq onların gözləntiləri puç oldu.
“Dövlətimiz bu məsələləri çox yüksək səviyyədə diplomatik formada masaya qoydu”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədli hesab edir ki, BMT missiyasının yekun bəyanatı ermənilərin “etnik təmizləmə” yalanlarına böyük zərbə oldu: “Bir daha bəlli oldu ki, deyilənlərin heç bir əsası yoxdur. Dövlətimiz, ictimaiyyətimiz və mediamız böyük uğura imza atdı. Adətən Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə tamam fərqli müzakirə olunurdu. Ancaq indi artıq elə bir zaman gəlib çatıb ki, Azərbaycanda real vəziyyəti göstərən vasitələr daha çoxdur. BMT-nin məlum missiyası da bunu sərgilədi. Bu, iki səbəbdən belə uğurlu alındı. Birincisi odur ki, dövlətimiz bu məsələləri çox yüksək səviyyədə diplomatik formada masaya qoydu. Məsələlərin təhrif olunmasına imkan vermədi. İkincisi, media vasitələrimiz erməni sakinlər köçən zaman onların hər birindən münasibət öyrəndi. Bəlli oldu ki, hansısa diskriminasiya və təzyiqdən söhbət gedə bilməz. Ermənilər könüllü olaraq bu addımı atır. Bunu da bütün dünya gördü. Yəni erməniləri heç kəs qovmur, deportasiya etmir. Onlar könüllü olaraq Qarabağı tərk edir. Bütün bunlar BMT missiyasını fakt qarşısında qoydu və onlar bundan keçə bilmədilər. Nəticədə həqiqəti dilə gətirdilər. Qarabağ ermənilərinin kütləvi köçü heç bir təzyiqlə, heç bir təhdidlə əlaqəli deyil. Bu, könüllü surətdə onlara verilən seçim imkanıdır. Bunu heç cür etnik təmizləmə kimi qiymətləndirmək olmaz. Ona görə də BMT Qarabağda baş verən prosesləri etnik təmizləmə kimi qəbul etmir. Etnik təmizləməyə Azərbaycan məruz qalıb. Bir miyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarını tərk etməsi məhz etnik təmizləmə idi. Bununla yanaşı, ərazidə ekologiyaya ziyan vurulub, şəhərlər viran edilib və mədəniyyətimizin silinməsi prosesi gedib”.
Vidadi ORDAHALLI