“Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər”. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.
Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.
Beləliklə, ermənilər Qarabağda Daxili İşlər orqanlarına işə cəlb oluna bilər.
“Gələcəkdə erməni əsilli sakinlər də digər vətəndaşlar kimi Daxili İşlər orqanlarına cəlb edilib, rahat şəkildə fəaliyyət göstərə bilərlər”
Mövzunun əhəmiyyəti haqqında danışan siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə ictimai asayişin təmin olunmasında polisin xüsusi rolu var. Həmçinin, işğaldan azad olunan ərazilərdə həyat elementlərinin qayıtmağı prosesində polisin fəaliyyəti danılmazdır: “Azərbaycan polisi bu prosesin ən yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan Daxili İşlər orqanının işğaldan azad edilmiş ərazilərdə aktivlik göstərməyi və hüquq-mühafizə işinin ən yüksək səviyyəyə çatdırılması bizim üçün müstəsna əhəmiyyətə malikdir. Çünki Azərbaycan ərazisində qanunçuluğun və qeyri-qanuni fəaliyyətlərinin qarşının alınması prosesində Azərbaycan polisinin danılmaz xidməti var. Bu baxımdan da hesab edirəm ki, polisin bu kimi işlərdə də iştirak etməsi bizim üçün əhəmiyyətlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, gələcəkdə erməni əsilli sakinlər də digər vətəndaşlar kimi daxili işlər orqanlarına cəlb edilib, rahat şəkildə fəaliyyət göstərə bilərlər. Etnik mənsubiyyətindən asılı olmayaraq, istənilən Azərbaycan vətəndaşı Daxili İşlər orqanlarında çalışa bilər: “Azərbaycan hər bir halda erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyasında dövlət səviyyəsində böyük təminatlar verir”.
Günel CƏLİLOVA