Rusiya Paşinyanın Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması olayından əl çəkmir. RF xarici işlər naziri Sergey Lavrov bunu yenidən qabardıb.
Lavrov qeyd edib ki, 2020-ci ilin noyabrında müharibənin dayandırılması ilə bağlı razılaşmanın imzalanması vaxtı guya Putinin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməsi ilə bağlı söhbətlər yalandır: “Bu müqavilədə deyilir ki, Qarabağ sülhməramlı kontingentin məsuliyyət zonasıdır və orada Qarabağın yekun statusu ilə bağlı dialoqun davam etdiriləcəyinə dair ümumi anlaşma olub. Daha sonra Paşinyan Praqada keçirilən növbəti Avropa sammitində Ermənistan və Azərbaycanın 1991-ci il sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanıyacağına dair sənəd imzaladı və bununla da məsələ bağlandı. Həmin sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olması qeyd olunmamışdı. Amma bizim sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər”.
Maraqlıdır, Rusiya niyə təkrar-təkrar bu məqamı qabardır?
“Lavrov nə qədər bu kimi açıqlamalarla çıxış etsə də, erməni ictimai rəyini Moskvanın xeyrinə dəyişə bilməyəcək”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini Rusiyanın regiondakı imperiya maraqları ilə əlaqələndirdi: “Rusiyanın mövqeyi, onun təmsilçisi Lavrovun mövqeyi ortadadır. Dəfələrlə Rusiya rəsmiləri öz mövqelərini ortaya qoyublar. Açıq-aydın görünür ki, Rusiya nəyin bahasına olursa-olsun, Cənubi Qafqazdan çıxmaq istəmir. Bununla yanaşı, Ermənistanı caynağından buraxmaq istəmir. O üzdən, ortaya müxtəlif mövqelər qoyurlar. Digər məsələ Rusiyanın Azərbaycandakı 5-ci kolonunun mövqeyidir. Belələrinə efir verirlər və bunlar da səhərdən axşamadək Rusiyanın təbliği ilə məşğul olurlar. Biz birdəfəlik anlamalıyıq ki, Rusiyanın burada öz maraqları var. Hər zaman da bu maraqlardan çıxış edəcək. Rusiya Ermənistanı əlində saxlamaqdan ötrü davamlı olaraq Qarabağla bağlı belə açıqlama verir. Ancaq o da var ki, bəzi məsələlərdə Azərbaycanın mövqeyi ilə Rusiyanın mövqeyi üst-üstə düşür. Ona görə də biz bundan istifadə etməliyik. Məsələn, Rusiya Ermənistan daxilində olan gərginlikdən istifadə etmək istəyir. Azərbaycan da maraqlıdır ki, Ermənistan daxilində gərginlik olsun və biz də yarımçıq qalan məsələləri həll edək. Lavrov nə qədər bu kimi açıqlamalarla çıxış etsə də, erməni ictimai rəyini Moskvanın xeyrinə dəyişə bilməyəcək. Qatar artıq gedib. Ermənistan əhalisi 44 günlük müharibədən sonra Paşinyana səs verdiyi üçün bu, Rusiyaya verilən ciddi siqnal olmalı idi. Bu o demək idi ki, ermənilər Qərbə üz tutub. Ötən 3 ildə biz bunu bir daha gördük. Əfsuslar olsun ki, Rusiya rəhbərliyi bunu hələ də həzm edə bilmir. Deməyim odur ki, oyun bitib və Azərbaycan əsgəri məsələni həll edib. Bundan sonra kimin nə deməsindən asılı olmayaraq, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Qarabağda hansısa etnik təmizləmədən, statusdan və digər bu kimi məsələlərdən söhbət belə gedə bilməz. Bütün bunlar hamısı bitdi. Biz növbəti mərhələyə hazırlaşmalıyıq. Növbəti mərhələdə də çalışmalıyıq ki, iri gücləri və o cümlədən, Rusiyanı öz maraqlarımız naminə neytrallaşdıraq”.
Vidadi ORDAHALLI