ABŞ Dövlət Departamenti Ermənistanın guya Qarabağda “etnik təmizləmə”nin olmasına dair iddialarını təsdiqləməyib. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brfinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ “etnik təmizləmə” və “soyqırımı” kimi iddialara çox ciddi yanaşır: “Lakin həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm”.
Metyu Miller daha sonra bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil:
"Biz gedənlərin neçə faizinin daimi olaraq Ermənistanda qalacağını blmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Biz bir daha müstəqil beynəlxalq missiyanın cəlbi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haqlarının və təhlükəsizliyinin təmin olunmasına nəzarət edir. Azərbaycan tərəfi onların haqlarının və təhlükəsizliyinin təmin olacağını bildirib və biz bunu müşahidə etmək üçün missiyanın da orda olmasını istəyirik".
Ermənilərin beynəlxalq arenadakı növbəti biabırçı uğursuzluğunu necə şərh etmək olar?
Milli Qeyri Hökumət Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ Dövlət Departamenti sözçüsü Miller yaxşı deyir ki, ”etnik təmizləmə” və “soyqırım” kimi iddialara çox ciddi yanaşırlar: “Əgər “etnik təmizləmə” və “soyqırım” kimi iddialara çox ciddi yanaşırsa, Ermənistanda etnik təmizləmə baş verən zaman ABŞ nə üçün münasibət bildirmədi? Bu qədər faktlar, sübutlar var. 1992-ci il Xocalı soyqırımına da ABŞ Dövlət Departamenti indiyə kimi səmimi münasibət bildirməyib. O zaman nə üçün bugünə kimi bizə qarşı törədilən soyqırım heç bir reaksiya görmür, ancaq bu gün ermənilər özləri Qarabağdan çıxıb gedir, lokal antiterror əməliyyatı aparılır, Azərbaycan ittiham olunur? Azərbaycanı ittiham etmək yox, Azərbaycanla əməkdaşlıq etmək mövqeyini tutmaq lazımdır. Təqdirəlayiq haldır ki, ABŞ Dövlət Departamenti bu dəfə onların yalanına uymayıb. Azərbaycan BMT - nin heyətini dəvət etdi və heyət orda monitorinq keçirir. Dünyanın istənilən ölkəsindən monitorinqə gələ bilərlər. Bizim çəkinəcəyimiz heç nə yoxdu. Azərbaycana qarşı iftira və iddialarla çıxış etməsinlər. Azərbaycan türk müsəlman dövləti olduğuna görə, orada hər hansı bir əsas axtarmasınlar. Biz beynəlxalq hüquq normaları çərçivəsində addımlar atırıq. Bu da bizim öz tam hüququmuzdur, biz bu əməliyyatları öz ərazimizdə həyata keçiririk. Heç kimə də buranı tərk edin deməmişik. Ordan köçən hər bir erməniyə də diqqət qayğı göstərilib. Bu da sosial şəbəkələrdə öz əksini tapıb. Ona görə də, Azərbaycanı ittiham etməkdən əl çəksinlər, ədalətli olsunlar. O ki qaldı ermənilərin bu uğursuzluğuna, 60 – 70-ci illərdən orda hazırlıq gedirdi. “Artsax” və Qarabağın erməni əhalisi “böyük hayastan” ideologiyasının tərkib hissəsində olan dırnaqarası artsax konsepsiyasının əsirinə çevrilmişdilər. Onları şovinist, millətçi qruplar öz əsarətində saxlayırdı. Bu acı nəticələri erməni əhalisinin içində olan bəzi tək-tək adamlar görürdülər və öz etirazlarını bildirirdilər sosial şəbəkələrdə. Amma onların da səsini eşidən yox idi. Yada salmaq istəyirəm ki, 1988-ci ildə tanınmış erməni millətçisi Ermənistandan Efiopiyaya sürgün olunmuşdu. O vaxt o, həqiqəti demişdi. Erməni millətçilərinə bildirmişdi ki, siz Qarabağ qışqıra - qışqıra İrəvanı itirəcəksiz. Həm burada, həm də Amerikada olan ermənilərə öz ismarıcını çatdırdı. Onun dedikləri öz yerini alır. Yəni Qarabağ qışqıra - qışqıra onlar İrəvanı itirməklə üz - üzədirlər. Ona görə də, nəticə çıxarmaq lazımdı. Yoxsa çox ağır nəticələrlə, fəsadlarla üzləşməli olurlar. Erməni aparıcı millətçiləri, erməni siyasətini maliyyələşdirənlər bütün bunların hamısını nəzərə almalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ