“Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik”. Bunu Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib.
“Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Bununla Azərbaycan Prezidenti dövlətimizin məram və hədəflərini, mesajlarını, sülh istəyini və bu yöndə addımlarını ortaya qoydu. Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra Cənubi Qafqazda sülh erasının başlanmasına yönəlik addımları, bu istiqamətdə təşəbbüsləri çox mühüm xətt kimi keçir.
“Bu təşəbbüslərin hamısı regionda sabitliyin bərqərar olunmasına, münaqişələrin aradan qalxmasına, iqtisadi inkişafın, əməkdaşlığın təmin olunmasına xidmət edir”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “1991-ci ildən sonrakı dövrdə Cənubi Qafqaz respublikaları arasındakı münasibətlərə diqqət yetirsək aydın şəkildə görə bilərik ki, Azərbaycan dövlətinin yürütdüyü siyasət hər zaman sülhdən yana olub. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Azərbaycan dövləti regionda mövcud olmuş problemin, Ermənistanın işğalı nəticəsində meydana çıxmış münaqişənin sülh yolu ilə həlli üçün demək olar ki, bütün addımları atıb, təkliflər irəli sürmüşdur. Həmin dövrdə münaqişənin tənzimlənməsi, Cənubi Qafqazda sülhün, sabitliyin yaranması istiqamətində həm Azərbaycan, həm də beynəlxalq səviyyədə irəli sürülən təşəbbüslər demək olar ki, hər zaman Ermənistan tərəfindən pozulub, Ermənistanın nümayiş etdirdiyi dekonstruktiv, dağıdıcı mövqeyi nəticəsində baş tutmayıb. 2020-ci ildə öz ərazilərini işğaldan azad etmək üçün əks – hücum əməliyyatı həyata keçirən və zəfər qazanan Azərbaycan bundan sonra Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bundan sonra da bir daha bu ölkəyə sülh və sabitlik naminə əlini uzatmış Qafqazda, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülhün, sabitliyin yaranması üçün təşəbbüs göstərib”-deyə bildirdi.
E.Kəlbizadənin sözlərinə görə, lakin təəssüf ki, uzun illər müddətində ermənilərin, Ermənistanın özünün müxtəlif imperialist güclər və qüvvələr tərəfindən Qafqazda dağıdıcılıq, pozuculuq aləti olaraq istifadə edilməsi, bu istifadəyə yararlı olmaları üçün onların içində müxtəlif terrorçu, milliyyətçi, dağıdıcı ideologiyaların yayılması, bunun geniş təbliğatının aparılması Ermənistan dövləti tərəfindən reallıqların dərk olunmasını çətinləşdirib. “Azərbaycanın regionda həyata keçirdiyi son lokal antiterror tədbirlərindən, eləcə də Ermənistanın müxtəlif vaxtlarda törətdiyi təxribatlara cavab verdikdən sonra yenidən Ermənistanı sülhə, sabitliyə, əməkdaşlığa səsləməsi çox müsbət bir mesajdır. Dövlətimizin Qafqazın gələcəyi naminə bütün Qafqaz dövlətlərinin, xüsusən Cənibi Qafqaz respublikalarının birgə əməkdaşlığını təşviq etməsi bütün dünya tərəfindən qəbul olunan bir faktdır. Bu baxımdan, cənab Prezident müharibədən sonrakı dövrdə də sülh naminə çox ciddi təşəbbüslər göstərib. Belə demək mümkündürsə, Azərbaycan Prezidenti Qafqazın tarixində yeni bir mərhələnin açılması üçün çox əhməmiyyətli səylər göstərir. Bu təşəbbüslərin hamısı regionda sabitliyin bərqərar olunmasına, münaqişələrin aradan qalxmasına, iqtisadi inkişafın, əməkdaşlığın təmin olunmasına xidmət edir”-deyə E.Kəlbizadə vurğuladı.
İradə SARIYEVA