Qarabağda yaşayan erməni əhalinin reinteqrasiyasının ciddi şəkildə aktuallaşdığı və erməni təmsilçiləri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri arasında bir neçə dəfə dialoq, müzakirə keçirildiyi dövrdə Ermənistan mətbuatı, ermənipərəst təşkilatlar “kultursid şou” təşkil etməklə məşğuldur. Erməni əhali reinteqrasiyaya hazırlaşır və artıq “Artsax” da tarixə qovuşub. Amma erməni mediasının yalanları, şər-şamatası, şousu bitib-tükənmək bilmir. Hər gün bizə bir yeni iftira atılır, şouvari “hadisə” təqdim edilir.
Artıq buraxılan və mövcud olmayan “Artsaxın” “mədəni irsinin monitorinqi” “müstəqil akademik platforması” (“MONUENT WATCH”) yalandan məlumat yayıb ki, guya Azərbaycan Amaras monastırını, Şuşadakı Qazançı kilsəsini “məhv edib” və erməni “simvollarını dağıdıb”, Əsgəran rayonunun Sığnax kəndinin XVIII əsrin ortalarında əsası qoyulmuş qəbiristanlığını “dağıdıb yerlə-yeksan edib”. Guya Hadrutda “Artsax müharibəsi” zamanı həlak olmuş əsgərlərə həsr olunmuş “abidə” də dağıdılıb, Şuşa “İncəsənət Muzeyindəki Heykəltəraşlıq Parkında” quraşdırılmış “51 heykəltəraşlıq nümunəsinin hamısı “yoxa çıxıb” və ərazi “tamamilə təmizlənib”. Guya heykəllərin taleyi “naməlum olaraq” qalır. Guya Azərbaycan “Madataşen” kəndində məktəbi, mədəniyyət mərkəzini, abidəni “dağıdıb” və “Surb Astvatsatsin” kilsəsinə “ziyan vurub”, Hadrutun “tarixi məhəlləsini dağıdıb”, “Tiqranakert” “kral bulaqları” meydanını kababxanaya çevirib.
Azərbaycanı əsassız “mədəni soyqırımda” ittiham edən erməni mediası yalan məlumatlar yayıb beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etməklə, dünyanın diqqətini öz cinayətlərindən yayındırmaq niyyətindədir. Azərbaycanı etmədiyi bir işə görə ittiham etməyin özü bir cinayətdir. Azərbaycan ərazisində olan heç bir mədəniyyət abidəsinə hansısa ziyan toxundurulmayıb, Azərbaycanı “kultursid”-də ittiham etməyin özü cinayətdir.
“Erməni mediasının və üzdəniraq təşkilatın irəli sürdüyü iddialar tamamilə əsassızdır”
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan dövləti Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası üçün kifayət qədər mühüm addımlar atır, ermənilər isə bu reinteqrasiya prosesinə ləkə yaxmaq istəyirlər, əsassız olaraq bunu “etnik və mədəni soyqırım” kimi qələmə vermək istəyirlər. Əslində isə belə bir halın olmadığını deyən F.İsmayılov qeyd etdi ki, Qarabağın erməni əhalisinin reinteqrasiyası planı artıq hazırdır və dialoqlar da başlayıb. Bunlar isə Erministanı və separatçıları ciddi narahat edir, bu səbəbdən də Azərbaycana qarşı bu cür həqiqətə uyğun olmayan iddialar irəli sürürlər. “Şuşada “erməni kilsəsi”nin mövcudluğu barədə erməni xülyalarını həqiqətə çevirmək üçün əllərindən gələni edirlər. Ermənistan mətbuatı hələ 2021-ci ilin yanvar ayından Şuşa şəhərində “erməni” kilsəsinin azərbaycanlılar tərəfindən “dağıdılmasının” qarşısının alınması barədə dezinformasiyalar yaymaqla məşğul olub. Bu, Azərbaycan dövlətini etmədiyi bir işdə suçlamaq, dünya dövlətləri arasında Azərbaycanı gözdən salmaq məqsədi daşıyır. Bu istiqamətdə öz yalanlarını “sübut”a yetirmək üçün elə ermənilərin özləri tərəfindən yaradılan Azərbaycan dilindəki internet “mənbələrindən”, xüsusilə Azərbaycan dilindəki Vikipediyadan məharətlə istifadə edirlər. Qarabağda erməni irsi olmadığı halda, hansısa qondara adlar “icad edib” buraxırlar.
“Qazançı kilsəsi” ilə bağlı məlumatları da saxtalaşdırıblar, amma onun ermənilərə dəxli yoxdur. Amaras məbədinin də ermənilərlə heç bir əlaqəsi olmadığı, qədim alban monastırı olduğu məlumdur. Azərbaycan heç bir monastırı, kilsəini dağıtmayıb, erməni “abidələri”ni məhv etməyib. Azərbaycan ərazisində “Tiqranakert” adlı bir şəhər olmayıb ki, onlar durub hansısa qondarma “bulaq kompleksi”ndən danışırlar. Erməni mediasının və üzdəniraq təşkilatın irəli sürdüyü iddialar tamamilə əsassızdır. Vikipediyada və başqa platformalarda alban monastırlarının “erməni abidəsi” kimi qələmə verilməsi, yaxud sonradan quraşdırılmış hansısa “abidənin” “erməni mədəniyyəti nümunəsi” kimi qeyd edilməsi başdan-başa saxtakarlıqdır. Ermənilər işğal dövründə bütün abidələrimizə qarşı saxtakarlıq edib. Alban abidələrinin hamısını öz adlarına çıxırlar. Amma o abidələr hamısı Azərbaycan abidələridir. Ermənilər Azərbaycan irsini dağıdıb. Qarabağda erməni irsi olmayıb, çünki bura onların tarixi vətəni deyil. Ermənilər öz xoşları ilə Qarabağdan çıxıb gedirlərsə buna biz nə edək? Gedəndə də bizə şər atırlar. Reinteqrasiya dövründə Azərbaycana bu kimi iftiraların atılmasında yeganə məqsəd bu prosesə mane olmaqdır. Erməni ideoloqları, separatçılar və Ermənistan hökuməti çalışır ki, reinteqrasiya baş tutmasın, amma bu cəhdlərin faydasız olacağı qənaətindəyəm”-deyə F.İsmayılov vurğuladı.
F.İsmayılov qeyd edir ki, ümumiyyətlə Azərbaycan ərazisində separatizmin bütün simvolları sökülməlidir, ermənilərdən bizim torpaqda qalanlar isə separatizmi təbliğ edən simvollardır.
İradə SARIYEVA