Ermənistan parlamentinin spikeri Alen Simonyan Avropa Şurası parlament başçılarının Dublində keçirilən konfransında bir daha bəyan edib ki, Qranada görüşündə sülhə ümid edirlər:
“Ümid edirik ki, Ermənistan, Azərbaycan, Almaniya, Fransa və Aİ liderlərinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi İcmasının sammiti çərçivəsində keçiriləcək görüşü irəliyə doğru addım olacaq. Paşinyan və prezident İlham Əliyev arasında razılaşdırılmış və Avropa Şurasının sədri Şarl Mişel tərəfindən təqdim olunmuş sülh yanaşmasını qəti şəkildə dəstəkləyirik”.
Simonyan vurğulayıb ki, İrəvan suverenlik, yurisdiksiya və qarşılıq əsasında gələcək nəqliyyat razılaşmalarını alqışlayır. O, Aİ də daxil beynəlxalq icmanı bu prosesi dəstəkləməyə çağırıb: “Bu gün bəzi ölkələr Ermənistana qarşı hibrid müharibəsi aparırlar. Bunun ikili məqsədi var: demokratik seçilmiş hökuməti devirmək və “təmsilçi demokratiya” anlayışını gözdən salmaq”.
Son vaxtlar proseslər göstərir ki, Ermənistan spikeri Azərbaycanla sülh sazişinə Paşinyandan çox can atır. Bununla bağlı daha nikbin açıqlamalarla çıxış edir.
“Həm Ermənistanın inkişafı təmin olunacaq, həm də mövcud hakimiyyət dayaqlarını möhkəmləndirəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov bunun səbəbini yaranan yeni reallıqlarla əlaqələndirdi: “Məsələ ondadır ki, 10 noyabr 2020-ci ildə əldə edilən üçtərəfli Bəyannamənin bəndlərinin əksəriyyəti yerinə yetirilib. Çünki razılaşmanın 4-cü və 9-cu bəndi yerinə yetirilməmiş qalmışdı. Azərbaycan ordusunun apardığı bir günlük lokal xarakterli antiterror tədbirləri bu işin yerinə yetirilməsini təmin etdi. Nəticədə Qarabağdakı qanunsuz silahlı birləşmələr həm təslim oldular, həm də tərksilah edildilər. Azərbaycan suverenliyini tam təmin etdi. Həmçinin, Qarabağdakı erməni əhalisi könüllü surətdə Ermənistana köç etməyə başladı. Bütün bunlarla yanaşı, Azərbaycanın bir sıra sturukturları Xankəndidə fəaliyyətə başlayıb. Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin müraciətlərinə baxılır. Azərbaycan həkimləri orada səhiyyə fəaliyyətini bərpa ediblər. Bütün bu proseslərin fərqində olan A.Simonyan anlayır ki, sülh nə qədər tez olsa, bu onların xeyrinə olacaq. Həm Ermənistanın inkişafı təmin olunacaq, həm də mövcud hakimiyyət dayaqlarını möhkəmləndirəcək. Çünki fərqindədilər ki, prosesi uzatmaq daha Ermənistana sərf etmir. Əksinə, Paşinyan və onun komandası üçün yeni risqlər yaradır. Nəzərə almaq lazımdır ki, sülh sazişinin imzalanmasının tezləşməsi, həm də Türkiyə ilə sərhədlərin açılmasına təkan verəcək. Bu da Ermənistanın iqtisadi inkişafı üçün yeni imkanlar deməkdir. Belə görünür ki, Ermənistan hakimiyyətində praqmatik yanaşma daha çox özünü göstərir. Getdikcə anlayırlar ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan başqa yolu yoxdur. İndi əsas məsələ odur ki, Ermənistan bu yöndə praktiki addımlar atsın. Bütün bunlar isə sülh sazişinin imzalanmasından keçir”.
Vidadi ORDAHALLI